“2014-2015-ci tədris ilində azərbaycanlı gənclərə dövlət proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək imkanı verilib. Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində 572 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanan proqram təqaüdçüləri siyahısına daxil edilib”.
Modern.az saytı bildirir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Məlumatda qeyd edilir ki, builki dövlət proqramına seçimlər nəticəsində 309 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb.
Ölkə üçün prioritet müəyyən olunan mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində yüksək göstəricilərə malik, beynəlxalq olimpiada iştirakçıları, müsahibə zamanı yüksək bilik, xarici dil hazırlığı nümayiş etdirib, 154 tələbə isə baza ali tibb və bakalavriat səviyyələrində təhsil almaq imkanı əldə edib.
Qeyd edək ki, ilk dəfə olaraq 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarə olunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanıb.
Tələbələr Türkiyə, Böyük Britaniya və digər ingilisdilli ölkələrdə təhsil almağa daha çox üstünlük veriblər. Sadalanan ölkələrlə yanaşı, Kanadada 29, Rusiyada 25, Avstraliyada 19, ABŞ-da 16 nəfər tələbə təhsilini davam etdirmək imkanı qazanıb.
Dövlət Proqramı çərçivəsində indiyədək 3000-dən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edib.
Məltəm TALIBZADƏ