“Radionun prezidenti də rəsmi açıqlama verib. İndiki halda əlavə edəcəyim bir şey yoxdur. Yalnız onu deyə bilərəm ki, baş verənlərin kökündə nə olduğunu anlamırıq”.
Bunu
Modern.az-a açıqlamasında “Azadlıq” radiosunun Bakı ofisinin baş redaktoru Zeynal Məmmədli bildirib.
O, qeyd edib ki, hüquq-mühafizə orqanları tərəfindən qapı möhürlənib və iş dayandırılıb: “Bunun müvəqqəti, yoxsa əbədi olacağını isə zaman göstərəcək. İşçilərdən artıq dindirilməyə çağırılanlar var. Proses yeni olduğundan çox güman ki, hamımızı adi sorğu prosesinə çağıracaqlar. Amma bütün bunların mahiyyəti nədir, onu bilmirik”.
Prokurorluğun əməkdaşları radionun Bakı bürosunda seyfi sındıraraq oradan radionun sənədlərini, möhür və blanklarını götürüblər. Onların “Azadlıq” radiosunun ofisini möhürlədiyi bildirilir. Axtarış-götürmə əməliyyatı dekabrın 26-sı saat 10:30 radələrində başlayıb.
Qeyd olunub ki, əməliyyat Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır.
Gülşən RAUFQIZI