Modern.az saytının “Məşhur tələbə yoldaşım” rubrikasının budəfəki buraxılışı “APA-Holding”in rəhbəri Vüsalə Mahirqızı haqqındadır. Tanınmış jurnalist barədə onun qrup yoldaşları “Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızı və Azərbaycan Milli Elmlər Akademiyası, Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə xatirələrini bölüşür:
“Biz Filologiya fakültəsində oxumağa “məhkum olunmuşlar” idik”
Sevinc Telmanqızı: “Vüsalə Mahirqızı ilə mən Bakı Dövlət Universitetinin filologiya fakültəsində eyni qrupda oxumuşuq - 908-ci qrupda. 1996-cı ildə qəbul olunub, 2000-ci ildə bakalavr pilləsini birgə bitirmişik. Mən daha sonra 2 il magistraturada oxumuşam. Açığı, Vüsalənin magistraturada təhsil alıb-almaması barədə dəqiq məlumatım yoxdur.
Qrupumuz yaxşı, maraqlı tələbələrdən ibarət idi. Azərbaycanın hər bölgəsindən tələbələr vardı, qızlar üstünlük təşkil edirdi. Əksəriyyətimiz arzuladığımız fakültələrə balımız çatmadığı üçün Filologiyada oxumağa “məhkum olunmuşlar” idik. Məsələn, mənim arzuladığım Jurnalistika fakültəsinə qəbul olunmaq üçün cəmi 4 balım çatmamışdı. İkinci seçim olaraq Filologiya fakültəsini yazdığım üçün ora daxil olmuşdum. Mən bilən Vüsalənin də ilk arzusu Filologiya deyildi, Jurnalistika idi. Hər halda yadımda elə qalıb.
Digər tələbə yoldaşlarım kimi Vüsalə Abışova ilə də elə ilk günlərdən tanış olduq. İlk təəssürat isə oxuyan, savadlı və iddialı qız təsiri bağışlamışdı. Sonra da bu təəssüratın yanlış olmadığını sübut elədi. Oxuyan tələbə idi. Səhv etmirəmsə, əlaçı idi o da. Dərsdən qaçdığını, ya da “bilmirəm, oxumamışam” dediyini xatırlamıram. Üstəlik, çox zəhmətkeş idi. Birinci kursdan etibarən işləyirdi. Əvvəl Bakı Dövlət Universitetinin mətbu nəşri olan “Bakı Universiteti” qəzetində çalışmağa başladı. Qəzeti gətirib bizə göstərəndə yazdığı yazılarını görüb xeyli təəccüblənmişdik. Sonra redaksiyaya yaxın yerdə yerləşən “Bu gün” qəzetində çalışmağa başladı. Daha sonrasını da bilirsiniz: Azərbaycan mətbuatında Vüsalə Mahirqızı imzası tanındı. Hətta məni “Bakı Universiteti” qəzetində yazmağa həvəsləndirən, yönləndirən də Vüsalə olmuşdu. O vaxt həmin qəzetin baş redaktoru Təhsil Nazirliyinin keçmiş mətbuat katibi Bayram Hüseynzadə idi. Biz ikimiz də eyni vaxtda bu qəzetdə yazılar yazırdıq.
Tələbəlik illərində Vüsalə ilə yaxın rəfiqə olmamışıq. Bir-birimizə hörmət edən qrup yoldaşları olmuşuq sadəcə. Hərəmizin öz rəfiqə çevrəmiz var idi. Bəlkə dediklərim bir az yanlış anlaşılacaq, amma bizim qrupda da qızlar “şəhərli qızlar”, “rayondan gələn qızlar” deyə kateqoriyalara bölünürdü. O qruplardan heç biri digərini öz çevrəsinə almırdı, kafalarımız, söhbətlərimiz, dünyagörüşlərimiz tutmurdu, açığı. Vüsalə ilə mənim eyni çevrədə olmamağımızın klassik səbəbi də bu idi”.
“Vüsalə bütün “potok”u şoka salmışdı”
“Səmimi danışım, mən bir az fərqli tələbəlik keçirmişəm. Doğrudur, yaxşı oxumuşam, həm bakalavriatı, həm də magistraturanı qırmızı diplomla bitirmişəm. Amma oxumaqla yanaşı, tələbəlik həyatının bütün əyləncələrini də yaşamışam. Rəfiqələrimlə ad günlərində, partilərdə olmuşam, boş dərslərdə gəzintiyə çıxmışıq, alış-verişlərə, pikniklərə getmişik və sair. Vüsalə isə belə şeylərdən uzaq idi. Universitet-iş-ev… Mənim bildiyim onun qrafiki belə idi. Amma bizi birləşdirən şey həmişə dərslər olub. Bilirsiniz, Filologiya fakültəsində oxumaq çoxlu mütaliə tələb edirdi. Bəzən müəllimlər bir fənn üzrə bir semestrdə 150 əsərin siyahısını bizə verirdilər. Mənim yaxın çevrəmdəki rəfiqələrim oxumağa meylli deyildilər, mən o kitabları oxuyar, konspektini tutardım, onlar da məndən alıb oxuyardılar. Ya da onlar mühazirələrdə söhbət edər, sonra mənim mühazirə dəftərimi “kserokopiya” edərdilər. Odur ki, dərslərlə bağlı hər zaman Vüsalə, eləcə də onun kimi yaxşı oxuyan qızlarla müzakirələrimiz olurdu. Kim nəyi nə zaman oxuyub, filan imtahanı necə verəcəyik, referatı hazırlamaq üçün kitabxanadan hansı kitabı götürək… Hətta və hətta kitabxanaçıdan istədiyimiz kitabları almaq üçün “onun ürəyinə necə yol tapaq” tipli məsələləri də birgə həll edərdik (gülür).
İndi isə müsahibədən-müsahibəyə, tədbirdən-tədbirə görüşürük. Bir də Facebook-da dostuq, bir-birimizdən haliyik. Hərdən sosial şəbəkə münasibətlərimizi soyudur, amma sonra yenə düzəlirik (gülür).
Bizim vaxtımızda imtahanlar klassik qaydada olurdu. 4 nəfər olmaqla girirdik imtahana, bilet çəkib otururduq və 10 dəqiqə hazırlaşandan sonra cavab verirdik. Vüsalənin soyadı Abışova, mənimki Qurbanova idi və əlifba sırasına görə ilk dördlükdə idik. Hər semestr öncəsi də çox əziyyət çəkirdik, əlaçı olmaq üçün çox oxuyurduq. Həmin vaxt adi tələbə təqaüdü loru dildə desək “1 şirvan 6 məmmədəmin” (köhnə pulla 16 min manat-red.), zərbəçininki “1 şirvan 7 məmməd əmin” (17 min manat), əlaçılarınkı “1 şirvan 8 məmməd əmin” (18 min manat) idi. Əslində böyük pullar deyildi, amma onunla bir neçə kitabımızı ala bilridik.
Çətin keçən semestrlərdən biri idi, əziyyət çəkirdik və hər ikimiz yenə əlaçı olduq. Sonuncu imtahandan birgə çıxanda Vüsalə zarafatla qayıtdı ki, “Sevinc, öz aramızdı, 1 “məmməd”ə görə özümüzü nətər öldürdük e…” (gülür).
Bugünkü Vüsaləyə çox yaxından bələd deyiləm. Onunla işləmədiyim, ünsiyyətdə olmadığım üçün obyektiv təhlil verə bilmərəm. Amma bilirəm ki, elə tələbə vaxtı da “qabağından yeməyən biri” idi. Tutaq ki, hansısa müəllim imtahanda ona “sənə güzəştlə “5” yazıram” desəydi, “zaçot kitabçası”nı ortaya qoyub deyirdi ki, “minnətli “5”dənsə, kəsir yazın, gəlib sonra imtahan verəcəm“. Hətta bir dəfə hansısa professora “mən heç dədəmin minnətli çörəyini yemirəm, qala sizin minnətli “5”nizi” də demişdi, bütün “potok” şokda idi. Qəribə “tripaç”lığı var idi”.
“Hamı düşünürdü ki, Vüsalənin səsi yüksəklərdən gələcək”
“Bayaq da dediyim kimi, Vüsalə elə birinci ildən jurnalistikaya başlamışdı və bu, onu göstərirdi ki, adamın meyli hansı istiqamətədir. Bu mərhələdən sonra müəllimə olarmı? Məncə, bunu onun özündən soruşsanız, daha maraqlı olar. Amma o, jurnalistika sahəsi ilə bağlı universitetlərdə dərs deyəcək biliyə, bazaya və təcrübəyə sahibdir.
( Vüsalə Mahirqızı Modern.az saytına verdiyi müsahibədə bu barədə danışıb: “Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. 1-ci kursdan jurnalistika ilə məşğul olmuşam. Ondan sonra da həmişə jurnalist kimi fəaliyyət göstərmişəm. Öz ixtisasım üzrə çalışmamışam. Ancaq praktika dövründə, işsiz qaldığım qısa müddətlərdə şagird hazırlaşdırmışam. Jurnalistikaya gəlməyimdə marağımın da rolu var. Amma Azərbaycanda şərtlər normal olsaydı, müəllim kimi daha yüksək qazanc əldə etmək imkanı olsaydı, mən məmnuniyyətlə öz ixtisasımla məşğul olardım. Çünki Filologiya fakültəsinə sevərək getmişəm. Hesab edirəm ki, çox yaxşı bir filoloq da olardım. Həm bakalavriatı, həm magistraturanı özüm qırmızı diplomla qurtarmışam. Müəllimlərimin də böyük əksəriyyəti tanınan adamlardı, universiteti necə oxuduğumu onlar da təsdiqləyə bilər. Sadəcə, bu gün paralel olaraq elm arxasınca getmək, maddi ehtiyaclarını təmin edib, eyni zamanda elmlə də məşğul olmaq olar. Açığı, mən ona görə jurnalistikanı seçdim, burada daha uğurla qabağa getmək olur. İndi çox razıyam. Özümü jurnalistikadan başqa heç bir sahədə də təsəvvür eləmirəm. Gələcəkdə də jurnalistikadan kənar heç bir işlə məşğul olmaq fikrim yoxdur”).
Sevinc Telmanqızı: “Vüsalə nə istədiyini bilən adamdır. Bəzən hansısa gəncə baxırsan və düşünürsən ki, bunun gələcəyi olacaq, yüksələcək. Vüsalə elə qızlardan idi. Tələbə vaxtı onunla bağlı hamının belə bir fikri vardı ki, Vüsalə yerində saymayacaq, klassik müəllimə olmayacaq və səsi yüksəklərdən gələcək. Elə də oldu. Yaxın rəfiqə olmadığımız üçün həyata dair nə gözləntiləri, diləkləri var, deyə bilmərəm. Amma məncə bir insanın arzulaya biləcəyi çox şeyə sahibdir: karyera, ailə… Bundan da artığını, gözəlini arzu edirəm ona. Yanında çalışanlardan tutmuş, tanıdığım media nümayəndələrinə qədər çox adamdan onun haqqında ancaq yaxşı şeylər eşitmişəm. Və bunu deyənlər rəyinə hörmət etdiyim adamlar olub”.
Əzizağa Nəcəfzadə: “Vüsalə əyləncəni sevən qız deyildi”
“Vüsalə Mahirqızı ilə 1996-cı ildən 2000-ci ilə kimi bakalavriatda, 2000-dən 2002-ci ilə kimi magistraturada birgə təhsil almışıq. Bizim qrupda və ümumiyyətlə, fakültənin birinci kursunda ən yüksək bal toplayan 5 nəfərdən biri məhz Vüsalə Mahirqızı idi. Sevinc (Sevinc Telmanqızı), mən, Vüsalə, Yeganə, bir nəfər də var idi ki, 425 baldan yuxarı bal toplamışdıq.
Yadıma gəlir, Vüsaləni ilk gördüyüm gün onun əynində kostyum var idi, yəni pencək və ətək. O dövrün qızlarının heç biri bu cür geyinmirdilər. Muncuqlu-bəzəkli koftalar geyinirdilər. Vüsalənin saçları da rəsmi qaydada kəsilmişdi. Və məncə, onun həyat idealı məktəb direktoru olan babası idi. Ucardan gələn 16 yaşlı qız özünü babasına oxşatmaq istəyirdi, onunla fəxr edirdi. Amma sonradan sözsüz ki, bu həyat ona təsir göstərdi. Vüsalə birinci kursdan “Filologiya” adında bir divar qəzetinin müxbirlərindən idi. Birinci kursu başa vurandan sonra Bakı Dövlət Universitetinin qəzeti olan “Bakı Universiteti” nin müxbiri olub. Yəni, o vaxtdan tanınırdı. Sonra o “Şeir” dərnəyinə də üzv olmuşdu, amma şeirin arxasınca getmədi. “Bu gün” qəzetində işlədi, onun təfəkkürünə bu mətbu orqan təsir göstərmiş oldu. Sonra siyasi fəaliyyət və s. onu dəyişdi. Mən Vüsaləyə zarafatla həmişə “deputat” deyirdim. Mənə elə gəlir ki, o qarşısına məqsəd qoysa, buna nail olacaq. Ona doğru da gedir. Vüsaləni jurnalistdən daha çox ictimai xadim kimi qiymətləndirərdim. Çünki onun məqalələrini də oxumuşam, şərhlərinə də baxmışam. Amma o jurnalistlərin sırasında bir iş adamı, bir ictimai xadim kimi daha çox fərqlənir. Yəni təşkilatçılıq qabiliyyəti jurnalistlik fəaliyyətindən də üstündür.
Vüsalə çox ciddi qız idi. Düzdür, zarafatı da hərdən olurdu, amma çox nadir halda mən onun üzünü gülən görmüşəm. Üç-dörd nəfərlə rəfiqəlik edirdi. Bəziləri ilə indi də məncə, rəfiqədir, bəziləri ilə yolları ayrıldı. Yəni eləsi var ki, bu gün müəllimdir, adicə rayonda işləyir. Məncə, onlar hamısı fəxr edir ki, Vüsalə ilə bir qrupda oxuyub. Vüsalə bizim ümumi tədbirlərimizdə aktiv olmurdu. Onun öz həyatı var idi, yəni həmişə ictimai fəaliyyəti ilə məşğul olub. Əyləncəni sevən qız deyildi. Daha çox öz üzərində işləməyi xoşlayırdı.
Qrupumuzda 5 nəfər qırmızı diploma layiq götürülüb, onlardan biri də Vüsalədir. 5 nəfər də o vaxt artıq rektor olan Abel Məhərrəmovun “Valideynə təşəkkür” məktubunu alıb. Onlardan da biri məhz Vüsalə Mahirqızı idi.
Məncə, Vüsalə heç vaxt qarşısına müəllim olmaq məqsədi qoymayıb. Amma məqsəd qoysaydı ki, mən müəllim olmaq istəyir, yaxşı müəllim olardı”.
“Hamımızdan çox Vüsalə təqibə məruz qaldı”
“Vüsalə xanımla çox yaxşı münasibətimiz olub. Magistraturada təhsil alanda mən qrup nümayəndəsi olmuşam. Yəni onun bütün fəaliyyəti, istər magistraturada dissertasiya müdafiəsi, istərsə də bakalavriatda diplom müdafiəsi- hamısı gözümün qabağında olub. Bu gün ancaq Facebook-da əlaqəmiz var.
Vüsalə öz haqqını tələb etməyi bacaran insan idi. Səhv etmirəmsə, birinci kursda oxuyurduq. Bizdə bir müəllim var idi. İndi o rəhmətə gedib. O müəllim bir dəfə sinfə girmişdi və saqqız çeynəmişdi. Sonra da tələbələrdən başqa müəllim həmkarının kitabını almaqlarını tələb etmişdi. Birinci kurs tələbələriyik də, kiməsə gedib şikayət etməyi bilmirdik. O dövrdə birinci il idi ki, Misir Mərdanov Bakı Dövlət Universitetinin rektoru idi. Misir Mərdanov hər fakültənin fəalları, kurs nümayəndələri ilə görüşlər təşkil edirdi və orada fəallardan biri də Vüsalə Mahirqızı idi. Bir müəllim bizə qarşı düzgün davranmamışdı, “5”ə bilən uşaqlara “4” yazmışdı, Vüsalə o görüşlərdən birində həmin müəllim haqqında danışdı, eyni zamanda kitabı almağı tələb edən o müəllimin də müəllimliyə layiq olmayan hərəkətindən danışdı. Sonra Vüsalə həmin müəllim tərəfindən təqiblərə məruz qaldı. O adam demişdi ki, “mən həmin tələbəni axtaracam, tapacam”. Düzdür, Vüsalə o barədə yazdığı məqaləni “Bakı Universiteti” qəzetində dərc etdirdi. Deməli, bu məsələdə iştirak edən bir neçə nəfər idi. Amma Vüsalə məqalə yazıb altından öz soyadını qoyduğuna görə, (biz onu Vüsalə Abışova kimi tanımışıq, ancaq o, qəzetdə artıq Vüsalə Mahirqızı imzasıyla yazırdı) hamımızdan çox təqibə məruz qaldı. Təqiblərə məruz qalsa da, Misir Mərdənov onu müdafiə etdi.
Məndə bir az öncəgörmək qabiliyyəti var. İnsana baxan kimi məsələn, onun gələcəkdə təqribən kim ola biləcəyi haqqında təssüratım yaranır. Bizim qrupda və “potok”da 100 nəfərin içərisində 2 nəfəri mən elə görürdüm. Onlardan biri Vüsalə Mahirqızıdır, biri də Şamil Sadıq. Bunlar qarşılarına qoyduğu məqsədə nail olmağı bacaran insanlardı və bunun üçün hər şeyi edəcəklər, nəticədə istəklərinə nail olacaqlar. Bu, Vüsalənin fəth etdiyi son zirvə deyil, onun hələ fəth edəcəyi zirvələr var. Vüsalə ilə Qənirə Paşayeva Xocalı faciəsi ilə bağlı Türkiyədə bir tədbir keçirtdilər, bütün Azərbaycan kanalları da göstərirdi. Mən onunla ən çox o zaman fəxr etdim”.
Misranə Həsənzadə