Modern.az

“Uşaq yaşlarımdan hər dəqiqə anamı itirmək qorxusu ilə yaşayırdım” - Jalə Əliyeva

“Uşaq yaşlarımdan hər dəqiqə anamı itirmək qorxusu ilə yaşayırdım” - Jalə Əliyeva

Təhsil

27 Dekabr 2014, 12:58

Övlad üçün ana itkisinin nə demək olduğu çoxlarına tanışdır. Bizi dünyaya gətirən, böyüdən, tərbiyə edən  analarımızın adi başımız ağrıyanda telimizə sığal çəkib bağrına basması  şəfa tapmağımız üçün ən böyük sevgidir.

Övlad hansı yaşda olur-olsun anasının nəzərində  uşaqdır. Boşuna “cənnət anaların ayaqları altındadır” demirlər.

Bu günlərdə tanınmış şairə, diktor Nurəngiz Gün dünyasını dəyişdi. Təbii ki, bu, Nurəngiz xanımın qızı deputat Jalə Əliyeva üçün daha ağır itki oldu. Ailənin yeganə övladı olan Jalə Əliyeva bütün söhbətlərində anası haqqında danışırdı. Onunla təkcə ana-bala deyil, həm də bir ürək dostu olduğunu deyən Jalə xanım, hər addımında Nurəngiz xanımın məsləhətlərindən  bəhrələnirdi.

Bütün bunları nəzərə alaraq Nurəngiz Günün dünyasını dəyişməsi ilə bağlı yeganə övladı olan deputat Jalə Əliyevaya zəng etdik. Düzü, söhbətə nədən və necə başlayacağımı bilmirdim.

Anasını yeni itirən Jalə xanımın səsi titrəyirdi. Güclə də olsa özünü ələ alıb söhbətə başladı.  

“Ana itkisi çox ağır və çətindir”. Deyirsiniz ki, “bacınız, qardaşınız yoxdur. Ananızı itirmək sizə daha çətin olacaq?”


- Bilirsiniz, mənə elə gəlir ki,  10-15 qardaş-bacım da olsaydı,  bu itkinin ağırlığı bu gün hansı ağırlıqdadırsa, o zaman da elə olacaqdı. Çünki ana itirmişəm. Əgər bacım-qardaşım olsa idi, onlar üçün də ana olacaqdı, mənim üçün də.

Nurəngiz xanıma başsağlığı verməyə gələn insanlar özlərini mənən onun övladı hiss edirlər. Hamıya məni tək qoymadıqlarına görə minnətdaram. Eyni zamanda, hər birimiz yetkin  insanlarıq. Həyat heç kim üçün əbədi deyil. Həyat davam edir. Nurəngiz xanımın “Fırlanır” şeirini bilənlər həmin şeirdə həyatın fəlsəfə, əbədi olmadığının hansı şəkildə tərənnüm olunduğunu çox yaxşı xatırlayırlar.  Amma nə olur-olsun,  kim nə deyir-desin, bu çox böyük itkidir. İnsanlar valideynlərini sıra ilə itirir. 20 il bundan qabaq atamı itirdim. Açığını deyim, atamın yoxluğunu bu qədər dərindən dərk etməmişəm. Ona görə ki, arxamda anam var idi.

Yenə deyirəm, anamla münasibətlərim, ana-övlad duyğularım fərqli nöqtədə idi. Təbii ki, hər bir övlad üçün anası əzizdir. Mən yeni bir şey kəşf etmirəm. İlk və son ana itirən insan deyiləm. Amma bizim münasibətimiz  fövqəladə olduğuna görə “yanımda bir neçə bacı-qardaş olsa idi, daha az yanardım, daha az dərd çəkərdim” deyə bilmirəm. Təkliyimizdən, yaxud çoxluğumuzdan asılı olmayaraq, yenə də həmin  münasibətdə olacaqdıq.

Bu mənim itkimdir. Yanımda kim olur-olsun, nə qədər dərdimi birgə paylaşsalar da, ən çox sarsılan, bunu ən çox itkisini yaşayan özüməm. 48 ildir anamla bir ab-havanı uduram, bir evdə yaşayıram. Həmişə xanım deputat rəfiqələrimlə söhbət zamanı deyirdim ki, 5-6 yaşımdan anamın xəstə olduğunu bilirdim. Anam uzun illər ürək xəstəsi idi. Həkimlər anamın ikinci dəfə övlad dünyaya gətirməsinə icazə verməmişdilər. Bütün olanları uşaq yaşlarımdan bildiyimdən hər dəqiqə anamı itirmək qorxusu ilə yaşayırdım. Bu günlərdə anamı itirəndən sonra deputat rəfiqələrim dedi ki, Jalə, uzun illərdir səni müşayiət edən itirmək qorxusu yox oldu”.
Allah rəhmət eləsin!

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu