Dekabrın 28-də səhər tezdən başlayaraq “Azadlıq” radiosunun Bakı bürosunun demək olar ki, bütün əməkdaşlarının evinə polis və mülki geyimlilər gəlib.
Modern.az saytı radioya istinadən xəbər verir ki, öncə polis idarələri, sonra da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər İdarəsinin İstintaq İdarəsinə aparılan “Azadlıq”ın 20-yə yaxın əməkdaşı axşam saatlarınadək dindirilib.
Jurnalistlərdən ifadələri ilə bağlı istintaq sirrini yaymama haqda iltizam alınıb. Ümumi olaraq verilən suallar sırf olaraq radio əməkdaşlarının peşə fəaliyyəti ilə bağlı olub.
Daha öncə jurnalistlərin bazar ertəsi səhər tezdən idarədə vəkillə ifadə verməsi haqda razılığa gəlinmişdi. “Azadlıq” radiosunun vəkili Yalçın İmanov da baş prokurorun 1-ci müavini Rüstəm Usubovun qərarı ilə şahid qismində istintaqa cəlb edilib və işdən uzaqlaşdırlıb deyə, faktiki olaraq radionun əməkdaşları vəkil müdafiəsindən gözlənilmədən məhrum ediliblər.
Dekabrın 26-da Baş Prokurorluğun əıməkdaşları ”Azadlıq” radiosunun Bakı ofisində yoxlama aparıblar. Prokurorluğun əməkdaşları radionun Bakı bürosundan radionun sənədlərini, möhür və blanklarını götürüblər. Daha sonra isə ofisin qapısı möhürlənib.
Modern.az