Modern.az

Yeni il lətifələri

Yeni il lətifələri

Təhsil

29 Dekabr 2014, 13:46

jurnalist, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü

Yeni il lətifələri

ÖN SÖZ. Kamil yaradıcılığa əsasən felyetonlarla, tənqidi yazılarla, lətifələrlə başlamışam – “Bakı” və “Baku” qəzetləri redaksiyasında işləyəndə. Sonra elə olub ki, televiziyanın “Səhər görüşləri” redaksiyasında işləyəndə lətifələr yazmağa məcbur idim. Lətifə yazan müəlliflər də tapırdım, xarici mətbuatdan lətifələr də tərcümə edirdim, özüm də yazırdım.

Özüm yazacağım lətifəni qabaqcadan bir neçə adama danışır, rəyini öyrənirdim. Bir gün fikirləşdiyim lətifəni bir tanışıma danışdım. Nəinki gülmədi, heç dodağı belə qaçmadı. Fikirləşdim ki, zəif lətifədir yəqin. Üç gündən sonra həmin tanışıma yenidən rast gəldim. Gülə-gülə mənə yaxınlaşıb əl verdi, qucaqladı.

- Ay qardaş, sən məni az qala öldürmüşdün ...

- Nə olmuşdu ?

- Səndən ayrılandan sonra evə getdim. Çarpayıda uzandım, gülməkdən özümü saxlaya bilmirdim. Anam da tez-tez dəsmal isladıb alnıma qoyurdu, narahat idi, “Yazıq balam, yazıq balam” deyib zarıyırdı.

- Axı nə olmuşdu?

- Sənin danışdığın lətifə yadıma düşmüşdü, özümü saxlaya bilmirdim.

Bu dəfə məni qəh-qəhə tutdu. Ona bir söz deyə bilmədim, amma ürəyimdən bir fikir keçdi: “zalım balası, o lətifəni mən danışanda gülsəydin yaxşı lətifə olmasına sevinər, yazardım”.
Nə etməli, görünür lətifənin mahiyyəti çox adama iki-üç gündən sonra çatır.

P.S. Deyəsən bu da bir lətifə oldu.

“Qarmonçalan” qadın və “qarmon təmirçisi”

Qonşuluqda yaşayan tənha bir qadın özünə qəribə məşğuliyyət tapmışdı. Rəhmətlik ərindən qalma qarmonu bütün günü mızıldadır, özü də bilmirdi nə çalır. Qonşular onun əlindən bezmişdilər. Yığışıb çıxış yolu tapdılar. “Yeni il gecəsi və yanvarın 1-də o mızıltılı qarmon səsindən yaxa qurtarmaq üçün bir adam tapıb qarmonu həmin qadının mənzilindən uzaqlaşdırmalı”. Bəs bunu necə etməli? Onun da çarəsi tapıldı.

Bayram gecəsinə üç gün qalmış həmin “qarmonçalan” qadının mənzilinə bir nəfər gəldi:

- Bağışlayın, Gülmülkbadam xanım burada yaşayır?

- Bəli, mənəm, buyurun (qadın sonra öz-özünə: - bu adımı haradan belə dəqiq bilir, heç qohumlarım, qohum-qonşular mənim adımı tələffüz edə bilmirlər).

- Elə qonşularınız deyiblər də. Deyəsən Yeni il gecəsinə sürpriz hazırlayırsınız, gecə-gündüz məşq edirsiniz.

- Hə, mənə həsəd aparan çoxdur. Bilirlər ki, gələcəyim parlaqdır. Qonşular baş-beynimi aparıblar: qarmon çala bilmirsən çalma, nə bilim, cıvıltı bizi xəstələndirib, daha nə, daha nə ...

- Sizi bu giley-güzardan qurtara bilərəm. Mən qarmon təmirçisiyəm. Sizin qarmonunuzu üçcə günlüyə təmirə aparmalıyam.

- Aaa! Mənim qarmonumun təmirə ehtiyacı yoxdur.

Mübahisə qışqırığa səbəb olur, qadın qonşuları köməyə çağırır. Onlar töküşüb köməyə gəlirlər. Amma “qarmonçalan” qadına yox, “qarmon təmirçisinə”. Heç olmasa, bayram günlərində başları dinc olsun deyə.

Birəni məhv etmənin “asanca” yolu

Kəndi taxtabiti və birə başına götürmüşdü. Çarə tapılmırdı. Kimyəvi dərmanlar da bu həşəratlara heç cür təsir etmirdi, xüsusən birəyə.

Bayramqabağı günlərdə hava xoş keçirdi. Kənd camaatı belə havada yol kənarına çıxır, divar dibinə toplaşıb söhbət edirlər. Bir yaşlı kişi də çöməlib oturduğu yerdə cibinə doldurduğu qozu bişmiş kərpicin üstünə qoyub çəkiclə qırıb yeyirdi.  Qoz tükəndi.  Kişinin işi-gücü yox idi. Bu dəfə əlindəki çəkiclə qırmızı kərpici döyəcləməyə başlayır. Bir azdan kərpic un kimi olur, rəngi də qırmızımtıl. Yoldan keçənlər bunu görüb kişiyə yaxınlaşırlar.

- Əmi, bu nədir belə, əcayib quma oxşayır.

- Bunu mən icad etmişəm, birə dərmanıdır.

- Nə? Birə dərmanı? Neçəyə satırsan?

- Bir xörək qaşığı bir manata.

Uzun növbə yarandığını görən kişi xörək qaşığını çay qaşığı ilə əvəz edir. Alıcı çoxluğu “dərmanın” axırına çıxır. Hamı evinə tələsir. Həmin kişi də təzədən bişmiş kərpic dalınca getmək istəyirdi ki, kənd qadınlarından biri onun yolunu kəsir.

- Qardaş, başına dönüm, sən bu dərmanı satdın, biz də aldıq. Ondan necə istifadə etmək qaydasını demədin, axı!

Kişi duruxdu, amma özünü itirmədi:

- Bax, bacı, birəni tutursan (birə sürətlə gedən həşəratdır, onu tutmaqmı olar?), bu dərmandan bir çimdik gözlərinin içinə tökürsən, sonra birəni baş barmaq dırnaqlarının arasına qoyub ehmalca sıxırsan, o saat ölür.

Əl çəkmərəm səndən, de görüm, məni kimə oxşatdın?

Yeni ilqabağı bazarlıq edib avtobusa minən bir kişi heç vaxt alışmadığı  halda (xüsusən indiki zamanda belə davranışa çətin rast gələsən!) bir cavan oğlan kişinin üzünə diqqətlə baxdı, sonra ayağa qalxıb yerini ona verdi. Kişi məəttəl qaldı.

- Xeyir ola, sən yerini niyə mənə verdin?

Oğlan dillənmir. Nəvazişlə kişinin üzünə baxıb xəyala gedir.

-  Bəlkə məni bir qohumuna, müəlliminə, yaxın tanışına oxşatdın? Bəlkə pərəstiş etdiyin artistə bənzətdin? Olmaya şəklimi qəzetlərdə görmüsən?

- Yox əmi, deyə bilmərəm.

- Axı, mənim üçün çox maraqlıdır.

Oğlan kişinin əl çəkmədiyini, təkid etdiyini görüb naəlac sözün düzünü deyir:

- Mənim bir meymunum vardı, üzü sizin sifətiniz kimi ...     

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu