Modern.az

Jurnalist İdrak Abbasov Novruz bayramınadək Azərbaycana qayıdacaq

Jurnalist İdrak Abbasov Novruz bayramınadək Azərbaycana qayıdacaq

Qarabağ

29 Dekabr 2014, 15:48

“Bizim yol” qəzetinin əməkdaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) həmtəmsilçisi İdrak Abbasov Novruz bayramında Azərbaycana qayıdacaq.

Bu barədə Modern.az-a jurnalist özü məlumat verib. Jurnalist ölkədən getmə səbəbinə aydınlıq gətirib: 

“Mən “Bizim yol” qəzetində işləyirdim, həm də Rusiyanın “Regnum” İnformasiya Agentliyinin Azərbaycan və Türkiyə üzrə təmsilçisi idim. Bundan başqa, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun həmtəmsilçisiyəm, “İnsan Hüquqları Klubu”nun təsisçilərindən biri və bəzi layihələr üzrə hesabatların redaktoru olmuşam. Azərbaycandan getməyimin əsas səbəbi təhsil proqramına qatılmaqdır”.

Jurnalist qeyd edib ki, Novruz bayramı ərəfəsində ölkəyə qayıtmağı düşünür:

“Mən təhsil proqramı çərçivəsində Qərb ölkələrinin birindəyəm. Novruz bayramına qədər ölkəyə dönməyi planlaşdırıram. Qayıdandan sonra hansı işlə məşğul olacağımı isə bilmirəm.
Ümidvaram ki, tezliklə həbsdə olan jurnalistlər, digər vicdan məhbusları azad olunacaq, faəliyyəti dayandırlmış QHT və media qurumlarının işinə imkan yaradılacaq”. 

O, qeyd edib ki, Mehman Əliyevin (“Turan” agentliyinin direktoru) optimist proqnozlarına inanmaq istəyir: “İnanmaq istəyirəm, amma optimizmə əsas olmasa, ölkəyə gəlməyi bir qədər təxirə salmaq məcburiyyətində qala bilərəm. Bunu gələcək göstərəcək”.

 Qeyd edək ki, İdrak Abbasovla yanaşı, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı, eyni zamanda “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli də Avropa ölkələrinin birinə gedib.

Adı çəkilən jurnalistlərdən əvvəl isə “Azadlıq” radiosunun Bakı bürosunun iki əməkdaşı - Abbas Atilay və Maarif Çingizoğlun da Avropada yaşamaq üçün Azərbaycanı tərk ediblər.

 Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu