Modern.az

Əli Həsənov İsa Qəmbərə: «Ayılar sizin ətrafınızdadır»

Əli Həsənov İsa Qəmbərə: «Ayılar sizin ətrafınızdadır»

24 Avqust 2010, 13:06

"Azərbaycan hökuməti adından bəyan edirəm ki, builki seçkilərdə KİV-in iştirakını məhdudlaşdıran heç bir administrativ resursdan, qərardan istifadə edilməyəcək". (Azadlıq radiosu)
Bunu avqustun 24-də ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə seçkilərin KİV-də işıqlandırılması məsələsinə dair keçirilən dəyirmi masadakı çıxışında Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, Seçki Məcəlləsinə müvafiq olaraq KİV-in seçkilərdə iştirakı tam təmin olunacaq. Onun sözlərinə görə, namizədlərin Kütləvi İnformasiya Vasitələrinə çıxışı ilə bağlı qanunda, Mərkəzi Seçki Komissiyasının təlimatlarında göstərilmiş bütün müddəalara lazımi səviyyədə əməl olunacaq.

Əli Həsənov tədbirdə yerli qəzetlərdə gedən qarayaxma kampaniyası barədə danışıb:

- Qara piarı müxalifət başladı. Ağızlarına gələni yazırlar. Filan nazirin oğlu ayı yedi, nə bilim nə. Ayıb deyilmi? Biz hansı millətin övladıyıq? Təsis etdiyiniz qəzetlərə deyin, belə olmaz.
Tədbirdə iştirak edən Müsavat Partiyasının başqanı İsa Qəmbər Əli Həsənova sual edib:
- Demək ayının taleyi üçün narahat olmaya bilərik?
Əli Həsənov:
- Ayılar sizin ətrafınızdadır. Onlarla məşğul olun.

Əli Həsənov deyib ki, bəzi siyasi partiyalar seçki prosesi vaxtı heç nə demirlər. Ancaq seçki prosesi başa çatdıqdan sonra özlərinin qalib gəlib-gəlməməsindən, udub-uduzmasından asılı olaraq seçki pozuntularının olduğunu deyirlər: «Bu halın yenə təkrarlanacağından ehtiyat edirəm».
ATƏT-n Bakı Ofisinin rəhbəri Bilge Cankorel isə çıxışında bildirib ki, KİV seçki prosesi dövründə siyasi partiyaların, koalisiyaların, namizədlərin ədalətli təşviqinə səy göstərməlidir:
«Plüralizm demokratik seçkilər üçün mühüm əhəmiyyət kəsb edir. Ümid edirəm ki, bu il ötən ilki seçkilərlə müqayisədə irəliləyiş əldə olunacaq».
Bu, ATƏT-in seçkilərlə bağlı keçirdiyi sayca üçüncü və sonuncu dəyirmi masasıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI