Parlament seçkilərində KİV-in rolu nədir? ATƏT-in bu gün təşkil etdiyi ictimai müzakirə bu mövzuya həsr edilmişdi.
Modern.az xəbər verir ki, Tədbirin açılışında ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Bilge Cankorel qeyd edib ki, KİV seçki prosesi dövründə siyasi partiyalar, koalisiyalar, vətəndaşların təşəbbüs qrupları və müstəqil namizədlərin ədalətli və qərəzsiz şəkildə xəbər buraxılışlarında yer almasına səy göstərməlidir. Media həmçinin müsahibələr, məqalələr debatlar və kampaniya fəaliyyətlərini yayımlamaq vasitəsilə onların ədalətli təşviqinə imkan yaratmalıdır: “Plüralist media demokratik seçkilər üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda qanunlarda jurnalistlərin seçkidə fəaliyyətini əngəlləyici durum görmürəm”.
MSK sədri Məzahir Pənahov seçki dövründə rəhbərlik etdiyi qurumun sırf KİV-in müşayiəti ilə fəaliyyət göstərdiyini deyib. “Seçkinin şəffaf keçməsi üçün əsas şərtlərdən biri də KİV-dən asılıdır. Seçki Məcəlləsi namizədlərə diqqət baxımından çox dolğun bir sənəddir. Ödənişsiz efir vaxtının verilməsi seçki kampaniyasına diqqətin bir nəticəsidir. Dünyanın heç bir ölkəsində ödənişsiz efir vaxtı praktikası tətbiq olunmur. Ödənişli təbliğat üçün də efir vaxt və ödənişli reklam vaxtında Seçki Məcəlləsində heç bir məhdudiyyət qoyulmayıb”.
MSK sədrinin dediyinə görə, İctimai TV-də həftədə seçki kampaniyasına ümumilikdə 6 saat vaxt ayılması nəzərdə tutulub.
Prezident Administrasiyası İctimai-siyasi şöbənin müdiri Əli Həsənov bildirib cəmiyyətin seçkiyə hazırlığının qanunlarda əks etdirmək mümkün deyil: “Bu iş medianın boynuna düşür. Seçicilərin seçkidə iştirakının təbliğatı getməlidir. Seçki elan olunanda bu proses insanlar üçün göydəndüşmə olmamalıdır”.
Əli Həsənov Azərbaycan hökuməti adından bəyan edib ki, bu ilki seçkilərdə KİV-in iştirakını məhdudlaşdırın heç bir administrativ resurs və qərardan istifadə olunmayacaq. Seçki Məcəlləsinə uyğun olaraq KİV-in seçkidə iştirakı tam təmin olunacaq: “Özəl TV və mətbuatın seçkidə iştirakı üçün də məhdudlaşdırıcı addım atılmayacaq. İTV-də bütün namizədlər üçün bərabər şərait yaradılacaq. Digər TV-də də seçki təşviqatının aparılmasına lazımi dəstək veriləcək. Biz tam ədalətli seçki mühitinin yaranmasında maraqlıyıq”.
ATƏT Bakı ofisinin demokratikləşmə şöbəsinin müdiri Jaklin Karpenter isə ötən seçkilərdə aparılan media monitorinq nəticələrindən danışıb. Deyib ki, 2 il əvvəl
Azərbycanda aparılan araşdırma göstərib ki, televiziyalar seçki kampaniyalarını məhdud işıqlandırıblar, hakimiyyətin nümayəndəsinə daha çox yer ayırıblar: “AzTV hökumətə tərəfliliyini göstərib, vaxtın 94 faizini hakimiyyət təmsilçisinə ayırıb. Son bələdiyyə seçkiləri zamanı heç bir özəl kanal siyasi vaxt ayırmayıb”.
Xanım Karpenter Seçki Məcəlləsinin 77.1-ci maddəsinin dəyişdirilməsini və namizədlərin hamısına bərabər kampaniya imkanları tanıdılmasını tövsiyə edib: “Namizədlərə bərabər rəftar prinsipi təmin edilsin. MSK və MTRŞ mütəmadi sistematik monitorinq aparsın”.
ATƏT təmsilçisi qeyd edib ki, ödənişsiz zamanın vaxtın verilməsi praktikası təqdirəlayiq haldır.
Liberal Partiyanın sədri Əvəz Temirxan KİV-i kütləvi böhtan vasitəsi adlandırıb.
Müsavat Partiyasının başqanı İsa Qəmbər dövlət televiziyasında seçki təbliğatının olmamasını absurd vəziyyət kimi qiymətləndirib. “Gecə-gündüz hakimiyyəti təbliğ edən bir kanalda bloklara, namizədlərə yer verilməməsi absurddur. Həmçinin, təlimatlarda da ciddi dəyişikliklərə ehtiyac var. 3 həftəlik kampaniya dövründə ərzində hər həftə 3 saat azdır və dəyişdirilməlidir”.
AXCP sədri Əli Kərimli ancaq seçki dövründə mediada plüralizmin yada düşdüyünü deyib: “Niyə ancaq bu vaxt televiziyalar Azərbaycanda çox partiyalar olduğunu yada salır? Niyə Azərbaycan iqtidarı açıq müzakirələrdən çəkinir? Bir tərəfdən deyirlər ki müxalifət zəifdir, xalq elliklə onları dəstəkləyir. Digər tərəfdən müxalifətin televiziyada görünməsindən ehtiyatlanırlar, müxalifətin mitinqlər keçirməsinə icazə verilmir”.
YAP-ın icra katibi Əli Əhmədov tədbirdə çıxış edən müxalifət liderlərini 20 il ərzində seçilmədikləri, xalq tərəfindən dəstəklənmədiyi halda irad bildirməyin düzgün olmadığını bildirib.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa müstəqil media anlayışının özünün düzgün olmadığını, yalnız hakimiyyətin və müxalifətin nəzarətində olan bir neçə qəzetin olduğunu söyləyib. O, təbliğat zamanı bəzi məhdudlaşdırıcı məqamların genişləndirilməsini arzulayıb.
BAXCP sədri Qüdrət Həsənquliyev seçkinin demokratik keçirilməsinin iqtidardan yox, xalqdan asılı olduğunu hesab edir. “Bizdə seçkiyə müdaxilələr var – müxtəlif qurumlar tərəfindən. Hətta xaricdən də var. Böhtan kampaniyası çox hallarda özünü real müxalifət adlandıran qəzetlər tərəfindən aparılır. Məsələn, “Yeni Müsavat” qəzeti tərəfindən bizim partiyaya qarşı “qara piar” kampaniyası aparılır”.
DİP sədri Asim Mollazadə jurnalsitlərin müdafiəsinin daha vacib olduğunu deyib. Onun sözlərinə görə, “Diffomasiya haqqında” qanun qəbul edilməli, heç bir jurnalist yazdığı sözə görə cinayət təqibinə məruz qalmamalıdır.
ADP sərdi Sərdar Cəlaloğlu bu müzakirələrdən sonra mətbuatın durumunun daha da pisləşəciyi barədə proqnoz verib. O, pullu efir vaxtının qiymətinin tənzimlənməsini, orta əmək haqqına uyğunlaşdırılmasını istəyib. “Əks halda heş bir namizədin pullu efr vaxt imkanından yaralanmaq imkanı olmayacaq”.
Ümid Partiyasının sədri İqbal Ağazadə də pulu efir vaxtının “saniyəsi 43 manat-red.) çox baha olduğunu vurğulayıb.
Fasilədən sonra müzakirələr medai üçün qapalı keçib.
Qeyd edək ki, bu, ATƏT-i Bakı ofisinin 2010-cu parlament seçkilərinə həsr etdiyi üşçüncü dəyirmi masadır. Bundan əvvəlki tədbirlər “Sərbəst toplaşma azadlğı haqqında” qanunun icrası, digəri isə seçki komissiyalarının fəaliyyəti ilə bağlı olub.
Modern.az