filologiya üzrə elmlər doktoru,
professor
Yazıçının ədəbi prosesə qayğısı
Qılman İlkin 1963-1966-cı illərdə “Azərbaycan” jurnalının baş redaktoru vəzifəsində çalışıb. O, bir sıra yazıçı və şairlərin, o cümlədən Yazıçılar İttifaqının sədri Mehdi Hüseynin təkidi ilə “Azərbaycan” jurnalına baş redaktor olmağa razılıq vermişdi. Qeyd edək ki, o zaman Azərbaycana rəhbərlik edən Vəli Axundov da Qılman İlkinə baş redaktor olmağı tövsiyə edibmiş. Qılman İlkin “Azərbaycan” jurnalına baş redaktor təyin olunduqdan sonra bir sıra islahatlar aparır. Məsələn, əhəmiyyətli yazıçıların çap olunmasına diqqəti artırır:
“Bir çox gərəkli, çap olunmalı yazılar ləngidilirdi, jurnalda pis mənada ənənəçilik hökm sürürdü. Halbuki, jurnalda Əli Kərim, Yusif Səmədoğlu, İsa Hüseynov, Əliağa Kürçaylı kimi istedadlı qələm sahibləri çalışırdı”.
Bundan başqa, jurnalın tirajını çoxaldır, rəssamların əsərlərindən istifadə edərək formasını dəyişirş Qılman İlkin bu barədə verdiyi müsahibələrinin birində belə deyirdi:
“Baş redaktor işlədiyim dövrdə (söhbət “Azərbaycan” jurnalında baş redaktor işlədiyi dövrdən gedir – B.X.) jurnalın tirajını qaldırdım – 30 min rəqəmi 60 minə çatdı. Jurnalın formasını dəyişdim, rəssamlarımızın maraqlı əsərlərindən reproduksiyalar təqdim olundu”.
Qılman İlkinin jurnalda apardığı mütərəqqi işlərdən biri də ədəbi gəncliyə qayğı olub. Ədəbi gəncliyin həmişə qayğıya ehtiyacı var. Bu qayğını görən gənclik ədəbiyyata fayda verir və ədəbiyyatın inkişafı istiqamətində əhəmiyyətli işlər görə bilir. Bu mənada Qılman İlkin deyirdi:
“Ədəbi gəncliyə meydan verildi. Xüsusilə 60-cı illərin novator gənclərinə - İsaya, Ələkbərə, Vaqif Səmədoğluna, Fokrət Qocaya. Bir çox əsərlər vardı ki, Əbülhəsənin seyfində yatırdı. Məsələn, İlyas Əfəndiyevin “Dağlar arasında üç dost” romanı... Dərhal mətbəəyə göndərdim”.
Yeri gəlmişkən onu da qeyd edək ki, İlyas Əfəndiyevin “Dağlar arxasında üç dost” əsəri xeyli vaxt imiş ki, “Azərbaycan” jurnalının redaksiyasında yatıb qalırmış. Qılman İlkin redaktor təyin olunduqdan sonra əsəri oxuyur və əsər onun xoşuna gəlir. O, müsahibələrinin birində bu barədə deyirdi:
“Oxudum (“Dağlar arxasında üç dost” əsərindən söhbət gedir – B.X.), xoşuma gəldi. O zaman baş redaktor müavini işləyən Əliağa Kürçaylıyla məsləhətləşib növbəti nömrə üçün çapa göndərdim”.
Əsərinin taleyini bilməyən İlyas Əfəndiyev günlərin birində Qılman İlkinin yanına gəlir və ona deyir ki, xeyli vaxtdır “Azərbaycan” jurnalına əsər təqdim edib. Ancaq nədənsə əsər çap olunmayıb. Bu hadisəni Qılman İlkin belə xatırlayırdı: “Dedim göndərmişəm çapa, növbəti nömrədə oxuyarsan. İnanmadı. Çağırdım Əliağanı ki, İlyas müəllimin jurnala təqdim etdiyi əsəri hanı? Dedi: “Qılman müəllim, bəs onu çapa göndərmədin?”. Dedim: “Göndərmişik, yaxşı əsərləri vaxtında çap etmək lazımdı”. İlyas Əfəndiyev böyük sənətkar, yaxşı insan idi”.
Qılman İlkin “Azərbaycan” jurnalında təzəcə işləri qaydasına qoyurdu ki, onu başqa bir yerə “Azərnəşr”ə direktor təyin edirlər. O, “Azərnəşr”ə gedəndə də, bundan qabaq “Azərbaycan” jurnalına baş redaktor gedəndə də ilki fəaliyyəti nəşriyyatın da, jurnalın da portfelini yoxlamaqdan ibarət olub. Məqsədi o idi ki, görsün çap olunmamış nə var. Və çap olunmamış əsərlər hansılardır. Sonrası isə artıq onun öz boynunda idi. Belə ki, həmin əsərləri bir – bir oxuyub əsl həqiqəti üzə çıxarırdı. Hansı səbəbdənsə çap olunmamış əsərləri çapa göndərir və onların ədəbi mühitə böyük fayda verəcəyinə inanırdı. Doğrudan da, o, inamında yanılmırdı.
Qılman İlkin “Azərnəşr”ə direktor təyin olunandan sonra nəşriyyatın portfelini yoxlayır. Görür ki, Mehdi Hüseynin “Yeraltı çaylar dənizə axır” əsəri nəşriyyatın portfelində yatıb qalır. Qılman İlkin müsahibələrinin birində deyirdi: “Oxudum (“Yeraltı çaylar dənizə axır” əsərindən söhbət gedir – B.X.), çox xoşuma gəldi. Qərara gəldim ki, əsər mütləq nəşr olunmalıdı. Bu yandan da rəhmətlik Mehdi Hüseyn yanıma gəlib deyir ki, filan - filan istedadlı yazıçılara kömək et. Dedim ay Mehdi müəllim, siz onun - bunun xahişini edirsiniz, ancaq öz əsəriniz nəşriyyatda yatıb qalır, bəs onun xahişini kim edəcək? Onun bir cür gülümsünüb “əh” eləməyi var idi, eləcə əlini yelləyib “əh” elədi”.
Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Birincisi, Qılman İlkinin hər bir layiqli əsərin çap olunmasını istəməsi, ikincisi, Mehdi Hüseynin özünü deyil, məhz istedadlı yazıçılara köməklik göstərməyi xahiş etməsini. Bunları yalnız əsl ziyalılar, əsl istedad sahibləri edə bilərdi və edirdilər də. Necə ki, Mehdi Hüseyn edirdi, Qılman İlkin edirdi. Belə olmasa, heç bir sahədə, o cümlədən ədəbiyyatda inkişaf ola bilməz. Həmişə ədəbiyyat istedadlı adamlara, qələm sahiblərinə, o cümlədən gənclərə yol açmaqla inkişaf edibdir. Mətləbdən uzaqlaşmadan onu da qeyd edək ki, Qılman İlkin “Yeraltı çaylar dənizə axır” əsərində bir sıra “məqamlar”ın olmasına baxmayaraq əsəri çap etdirir. Hətta Mehdi Hüseyn ona deyir ki, əsərdə elə yerlər var ki, onlara görə sənin başın ağrıya bilər. Ancaq Qılman İlkin heç nədən qorxmadan bu əsəri çap etdirir və bununla da öz mövqeyindən geri çəkilmir.
Qılman İlkin “Azərbaycan” jurnalında da, “Azərnəşr”də də işlədiyi vaxt istedadlı qələm sahiblərinin çap olunmasında əlindən gələni əsirgəməyib. O, istedada, zəhmətə qiymət verib, qiymətləndirib, bunu fəaliyyətində yüksək bir amala çevirib. Bir sözlə, Qılman İlkin istedadların adının çəkilməsində, onların çap olunmasında səxavətini əsirgəməyib. Onların hər biri barədə həmişə ürəkdən danışıb. Məsələn, Söhrab Tahir barədə belə deyirdi:
“Söhrab Tahirin bir şeirini oxumuşdum, xoşuma gəlmişdi. Çağırıb dedim ki, get şeirlərini topla gətir, çap edək. İmkan var idi, diqqət, qayğıkeşlik bəs edirdi ki, istedadlılara yol açılsın. Mən həmişə zəhmətə qiymət verirdim, qiymətləndirirdim”. Bununla da Qılman İlkin ədəbiyyata öz istedadı, zəhməti ilə gələnlərə qayğı və diqqət göstərirdi. O, yaxşı bilirdi ki, ədəbiyyata başqa yollarla gələnlər də olar. Həm də şan - şöhrət naminə ədəbiyyata gələnlər də az deyil. Onlar şan - şöhrət naminə ədəbiyyata yox, özlərinə “xidmət” edirlər. Öz maraqları naminə ədəbi mühitdə “parlamaq” istəyirlər. Bəzən öz istəklərinə nail də olurlar. Belələri yazmaq xatirinə yazdıqları üçün əslində ədəbiyyata heç bir xidmət göstərmirlər. Qılman İlkinə görə, ədəbiyyat yolunda ömür - gününü şam kimi əridənlər də az deyil. Onların ədəbiyyata gəlişi xeyir, fayda verir. Həm də insani duyğuları, xeyirxah niyyətləri, istedadları imkan verir ki, onlar ədəbiyyata xidmət edə bilsinlər. Qılman İlkin öz təcrübəsindən çıxış edərək fikir söyləyirdi. Məsələn, İsa Muğannanın, Balaş Azəroğlunun “Ədəbiyyat qəzeti”ndəki müsahibələri barədə deyirdi: “Bu adamlar (İsa Muğanna, Balaş Azəroğlu – B.X.) böyük ömür, böyük yaradıcılıq yolu keçibdir. Ancaq yenə də ustadlarının adı çəkiləndə nanə yarpağı kimi titrəyirlər. Bu, sevgi, sayğı titrəyişidi. Sənətkar içində bu titrəyiş varsa – o, tükənmir, bitmir”.
Belə bir titrəyiş Qılman İlkinin də içində vardı. O deyirdi ki, “mən kitablardan xeyirxahlıq dərsi almışam, ona görə də belə əsərlər yazmışam. Doğrudan da, hər bir kitabın mayasında xeyirxah, munis duyğular var. Bunları əxz etmək, mənimsəmək lazımdır. Xeyirxahlar bunları xeyirxah kimi, bədxahlar bədxah kimi öyrənir”.
Qılman İlkin gəncliyə düz yol göstərir, qeyd edir ki, gənclik hər şeyin qədrini bilməlidir. O deyirdi: “Gəncliyində hamı az - çox nəsə yazır. Lap istedadla yazanlar da olur. Ancaq gəlin baxıb görək hamı bu istedadı illərin sınağından çıxarıb sonacan apara bilirmi?”.
Bununla da o, gəncliyində bir neçə şeir, hekayə yazıb kimlərinsə qayğısı sahəsində ədəbiyyata vəsiqə alanlara etirazını bildirirdi. Onları dəyanətli, dözümlü olmağa və ucuz şeylərin arxasına düşüb getməməyə çağırırdı. Gənclərə məsləhət bilirdi ki, ədəbiyyata peşə kimi baxsınlar, peşəkarlığın başlıca amil olduğunu unutmasınlar.