Bir neçə gün öncə ölkə başçısının əfv sərəncamı ilə azadlığa çıxan tanınmış vəkil Qurban Məmmədov onun müdafiəsində iştirak etmiş hər kəsə minnətdarlğını bildirib:
“”Azadlıq" qəzetinin əməkdaşları başda olmaqla fədakar Azərbaycan jurnalistlərinə, hüquq müdafiəçilərinə, Milli Şuraya, beynəlxalq təşkilatlara (ATƏT, AŞPA) və hər an bizim haqq mübarizəmizi dəstəkləyən və bizimlə bir olan xalqımıza öz adımdan və ailəm adından minnətdarlığımı bildirirəm. Yaxşı ki sizlər varsınız!
Hörmətli prezident İlham Əliyevin əfv sərəncamı ilə, haqqı pozulan bizlərin hüququnun, gec də olsa, bərpa edilməsini yüksək dəyərləndirir, "çox sağ ol" deyir və bu addımı milli barışıq, milli birlik istiqamətində atılan addım kimi qiymətləndirərək, Azərbaycanın görkəmli hüquqşünası, gözəl insan, dostum İntiqam Əliyev başda olmaqla qalan bütün siyasi vicdan məhbuslarının tezliklə azadlığa buraxılmasını arzulayıram.
Bizlər şəxsi mübarizə aparmırıq. Məhbəslərə düşməyimizin tək səbəbi dövlətimizin və millətimizin xoş gələcəyi üçün siyasi mübarizəyə qoşulmağımızdır.Bu mübarizədən heç kim, heç bir qüvvə bizi çəkindirə bilməz. Eyni zamanda, siyasi mübarizəni şəxsi düşmənçiliyə çevirmək və dövlətin verdiyi imkanlardan sui-istifadə edərək öz rəqiblərini sıradan çıxarmaq kimi zərərli təcrübəni də qəbul edə bilmərik.
Sonuncu siyasi məhbus azadlığa çıxanadək, Vətənimizdə siyasi və hüquqi ədalət bərpa edilənədək bu mübarizəni davam etdirməliyik”-deyə Q.Məmmədov sosial şəbəkədə bildirib.