Modern.az

AMEA prezidentləri - Mirəsədulla Mirqasımovu Bağırov akademiyadan necə qovub?..

AMEA prezidentləri - Mirəsədulla Mirqasımovu Bağırov akademiyadan necə qovub?..

5 Yanvar 2015, 15:40

2015-ci il bir çox tarixi hadisələr üçün yubiley xarakterli olacaq. Bu il yubileyini keçirəcək qurumlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasıdır. Elm ocağının 2015-ci ildə 70 yaşı tamam olacaq. Modern.az saytı bu münasibətlə yeni başladığı “AMEA prezidentləri” rubrikasında elm ocağına ayrı-ayrı vaxtlarda rəhbərlik etmiş alimlər barəsində yazılar təqdim edəcək.

Rubrikada AMEA-nın prezidenti olmasa belə, elmi fəaliyyətinə görə yüksək nüfuz sahibi olan digər görkəmli alimlər barəsində də araşdırmalar yer alacaq. Birinci yazıda haqqında danışacağımız şəxs isə AMEA-ın ilk prezidenti, müasir Azərbaycan tibb və cərrahlıq məktəbinin banilərindən biri, ilk tibb elmləri doktoru Mirəsədulla Mirqasımovdur.

DOSYE: Akademiyanın ilk rəhbəri Mirəsədulla Mirqasımov 1883-cü ildə Bakıda  seyid ailəsində dünyaya gəlib. Məşhur seyid Mirmövsüm ağa ilə qohum olan ailəsinə ziyalılıq və ruhaniliyinə görə Bakıda hamı hörmət edib. Atası Mirələsgər ailənin ilk övladı olan oğlunu da ruhani kimi görmək istəyirmiş. Amma bəzi səbəblərdən bu sevda baş tutmur. Bu haqda bir qədər sonra.
Gimnaziyanı Bakıda bitirən Mirəsədulla 1913-cü ildə Odessaya yollanır və orada 1916-cı ilə qədər tibb təhsili alır. Həmin il yenidən doğma Bakıya qayıdır və bir çox xəstəxanalarda aparıcı həkim-cərrah kimi fəaliyyət göstərir. Bununla yanaşı, o, tibb elmi sahəsində nəzəri araşdırmalara da qətiyyən ara vermir. Artıq Böyük Vətən Müharibəsi başlanan zaman xəstəxanalarda yaralıların vəziyyətinə rəhbərlik etmə səviyyəsinə qədər inam qazanır. O, buna qədər Bakı Dövlət Universitetinin tibb fakültəsinin topoqrafik anatomiya kafedrasında əməkdaş, bu fakültənin əsasında yaradılan Azərbaycan Tibb İnstitutunda Cərrahi xəstəliklər kafedrasının müdiri, eyni zamanda Müalicə-proflaftika fakültəsinin dekanı kimi fəaliyyət göstərib.

Mirqasımovun İLKLƏRİ

AMEA-nın birinci prezidenti bir sıra yeniliklərin müəllifidir:

- Akademiyanın ilk prezidenti;

- Azərbaycanın ilk almi-cərrahı;

 - “Azərbaycanda sidik daşı xəstəliklərinin öyrənilməsinə dair materiallar” mövzusunda doktorluq dissertasiyası müdafiə etməklə Azərbaycanda uroloji xəstəliklər üzrə doktorluq dissertasiyası müdafiə edən ilk milli mütəxəssis;

 - 1931-ci ildə ilk dəfə olaraq ana  dilində “Ümumi cərrahiyyə” adlı  dərslik yazıb;

- 1935-1936-cı illərdə rektorluğun tapşırığı ilə “Kliniki cərrahiyyənin tədris proqramı” adlı kitab çap  etdirib;

- İlk dəfə “Qoca yaşlarda prostat vəzinin xəstəlikləri”nə aid  monoqrafiya yazıb;

- Elmi-təcrübi urologiyanın əsasını qoyub;

- Qarın yatalağının müalicəsinə aid öz orijinal metodlarını irəli sürüb.

Baş tutmayan sevda

Qeyd etdik ki, gələcək alim ruhani ailəsinin ilk övladı olub. Atası Mirələsgər mədrəsədə ərəb və fars dillərini öyrədə-öyrədə oğlunu da yüksək nüfuz sahibi olan bir ziyalı kimi görmək istəyib. Amma Mirəsədullanın fikri tamam başqa olub. Evdə onu dünyəvi təhsil verən gimnaziyalara qoymadıqlarından atasından gizlin ora gedir, elmləri, dilləri öyrənməyə başlayır. Onu da qeyd edək ki, Mirəsədulla Mirqasımov tanınmış kinorejissor Oqtay Mirqasımovun atası, aktrisa Ayan Mirqasımovanın isə babasıdır.
Xalq artisti olan oğlu Oqtay müəllim müsahibələrində atasının həyatı barəsində maraqlı faktlar danışıb. Onlardan biri də elə “gizli gimnaziya” barəsindədir: “Gələcəyinə ümidlə baxdığı, böyük din xadimi görəcəyinə inandığı oğlunun bu hərəkəti babam üçün böyük zərbə olur. Rus gimnaziyasında oxumaqla onun prinsiplərinə qarşı çıxan oğlunu cəzalandırıb. Onu bir müddət evdən uzaqlaşdırıb. Atam mərhumiyyətlər çəksə də, fikrindən daşınmayıb. Şagirdlərə ərəb və fars dillərindən dərs deyib pul qazanıb. Həm özünü dolandırıb, həm də təhsilini davam etdirib. Oğlunun gimnaziyada oxuduğunu öyrənəndə Allahını danacağını düşünən babam sonralar görür ki, təlaşlanmaqda haqlı deyilmiş. Onu bağışlayır. 1924-cü ildə bu dünyadan oğlunun tutduğu yoldan, həyat seçimindən razı köçüb”.

Akademiya və Mircəfər Bağırovun sərt addımı

Müharibədən sonra Azərbaycanda Milli Elmlər Akademiyasının yaradılmasını mərkəz çox vacib bir hadisə hesab edirdi. Çünki müharibə müddətində Azərbaycan neft-kimya elminin, sənaye sahəsinin necə dəyərli olduğunu anlamışdılar. Odur ki, SSRİ Elmlər Akademiyasının müstəqil Bakı filialının yaradılması zərurəti ortaya çıxdı. Bundan əlavə,  artıq 1940-cı il üçün respublikada 60 elmi müəssisə fəaliyyət göstərirdi. 1936-cı ildən 1941-ci ilədək SSRİ EA Azərbaycan filialının elmi işçi və aspirantlarından 34 nəfəri dissertasiya (o cümlədən 5 doktorluq dissertasiyası) müdafiə etmişdi.

SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə 1935-ci ildə əsası qoyulan filial Azərbaycan Elmlər Akademiyasına çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-ya 15 həqiqi üzv seçilib:  Ü.Hacıbəyov, S.Vurğun, M.İbrahimov, Y.Məmmədəliyev, M.Qaşqay, A.A.Qrossheym, S.Dadaşov, İ.Q.Yesman, M.Mirqasımov, Ş.Əzizbəyov, Ə. Əlizadə, M.Topçubaşov, M.Hüseynov, H.Hüseynov və İ.İ.Şiroqorov.

1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında M.Mirqasımov prezident seçilib. 


AMEA-nın ilk Rəyasət Heyəti...

Amma Mirqasımovun prezidentlik fəaliyyəti o qədər də uzun olmayıb. İki ildən sonra zamanın xüsusi tələbləri və bu tələblərin qulu olan insanlar onu vəzifəsindən edirlər. Yenə Ooqtay Mirqasımovun fikirlərinə diqqət edək:

O zaman yüksək vəzifələrə çatmaq arzusunda olanlar Kommunist Partiyasının üzvü olmağa can atırdılar. Çünki bunsuz məqsədlərinə çatmaları çətin idi. Atam isə öz nüfuzu, savadı sayəsində vəzifələrə yüksəlir, ancaq Kommunist Partiyasına üzv olmurdu. Dostları, yaxınları onu qorumaq üçün məsləhət görürdülər ki, ərizə yazıb partiyaya keçsin. O isə bunu etmirdi. Bir gün Mircəfər Bağırov Filarmoniyada keçirilən iclasda Azərbaycan Elmlər Akademiyasının təşkilatçısı və ilk prezidenti Mirəsədulla Mirqasımova deyir:

- Bitərəfliyiniz yetər, yoldaş Mirqasımov, Kommunist Partiyasına üzv olmalısınız.

- Bu, mümkün deyil, yoldaş Bağırov.

- Bu nə sözdür?

- Mən bir dəfə and içmişəm, o da Hippokrat andı. Həm də mən Allaha inanıram.

Salondakılar birinci katiblə alimin arasında gedən bu söhbətdən təşvişə düşüblər. Atam müdrik insan idi. Bu söhbətin onun üçün necə nəticələr verə biləcəyini söz yox ki, götür-qoy etmişdi. Mircəfər Bağırova o qədər adamın yanında kəskin şəkildə “yox” dediyinə görə azadlığına, bəlkə də həyatına “əlvida” deyə bilərdi. Sadəcə, öz prinsiplərindən, qürurundan əl çəkmək, güzəştə getmək ona yad idi. Bunu Bağırov da yaxşı bilirdi.

O, birinci katibin reaksiyasını çox gözləməli olmayıb. İclasdan çıxıb piyada işə gəlməsi on dəqiqə çəkib. İçəri girəndə görüb ki, nə katibəsi, nə də köməkçisi yerindədir. Kabineti isə möhürlənib. Kommunist Partiyasının üzvü olmaqdan imtina edən Mirəsədulla Mirqasımov akademiyanın prezidenti vəzifəsindən azad olunub”.

O, Bağırova bir dəfə də etiraz edib

99 yaşını haqlayıb 100 yaşa qədəm qoyan akademik İsmayıl İbrahimov Modern.az-a verdiyi müsahibədə Mirəsədulla Mirqasımov haqqında ürəkdolusu danışıb. Alim etiraf edib ki, onu elmə Mirqasımov, daha doğrusu, onun qətiyyəti gətirib:

“1945-ci il aprel ayının 23-ü idi. Müharibənin qurtarmasına az qalmışdı. Mən o zaman batalyon komandiri kimi telefonun yanında idim. Birinci katib Mircəfər Bağırov, icraiyyə komitəsinin rəhbəri Mirqasımov və Nazirlər Sovetinin sədri Teymur Quliyevin adından teleqram aldıq. Orada bildirilirdi ki, Azərbaycanda sovet quruculuğunun 25 illiyinin tamam olması münasibətilə sizi və nümayəndə heyətinizi bura dəvət edirik. O zaman biz Azərbaycan diviziyasında döyüşdüyümüz üçün teleqram yalnız bizə göndərilmişdi. Teleqramı diviziya komandirinə çatdırdılar. Ona verdikdən bir neçə dəqiqə sonra məni çağırıb dedi ki, siz 4 azərbaycanlı əsgər götürüb zabit kimi Azərbaycanın 25 illiyinə gedin. Aprelin 28-i bu təqvim qeyd olunurdu. Mən də 4 azərbaycanlı əsgəri götürüb Bakıya gəldim. Bizi çox yaxşı qəbul etdilər. Necə oldusa, bizi Azərbaycanda cəmi bir ay idi yaranan Elmlər Akademiyasına apardılar. Akademiya 1945-in martında yaranıb. Akademiya prezidenti o vaxt Mirəsədulla Mirqasımov idi. Çox gözəl söhbətimiz alındı. Müharibədən danışdıq. Deməli, mən hələ müharibədə olan zaman akademiya prezidenti ilə görüşdüm. Onunla söhbət çox gözəl təsir bağışladı. Söhbət zamanı baş verən bir hadisə heç yadımdan çıxmır. Telefona zəng gəldi, Mirəsədulla dəstəyi qaldırdı, kiminlə danışdığı məlum deyildi. Mirəsədulla üç dəfə təkrarladı ki, “mən bu qanunsuzluğu edə bilmərəm”. Telefondakı adam yenə nəsə dedi. O bir də dedi ki, “mən qanunu poza bilmərəm”. Axırda Mirqasımov telefondakı adamın adını çəkdi: “Yoldaş Bağırov, mən bu qanunsuzluğu edə bilmərəm!”, - deyib telefonun dəstəyini yerə qoydu. Sən demə, Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırovla danışırmış və ard-arda bir neçə dəfə “mən bu qanunsuzluğu edə bilmərəm”i də ona deyirmiş. Doğrudur, biz bilmədik ki, onlar konkret hansı qanunsuzluqdan danışırdılar. Amma Bağırova o cür etirazı məndə Mirəsədulla Mirqasımova böyük hörmət yaratdı. Bu mənim akademiyaya bağlanmağımın əsas səbəbi oldu. Sonrakı səbəb isə elmin özü idi. Elm məni özünə çox çəkirdi.  Bax, mənə elmə bu cür gəldim”.

Qocaman akademik Akademiyanın bütün prezidentləri ilə işləyib və onları şəxsən tanıyıb. Amma bu sözü də bir neçə dəfə təkrar etdi: “Mən Akademiyanın iki prezidentinin fəaliyyətini yüksək qiymətləndirirəm: biri Mirəsədulla, o biri isə indiki Akif Əlizadə”.

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi