Azərbaycanın bəzi mətbuat orqanlarında bəzən tanınmış şəxslərin vəzifələrinin, titullarının yanlış təqdim edilməsi müşahidə olunur. Məsələn, virtualaz.org Goranboy rayonundakı “N” saylı hərbi hissənin sabiq komandiri Rasim Əkbərovla bağlı bu gün yaydığı xəbərdə onu Azərbaycanın Milli Qəhrəmanı kimi təqdim edib.
Qeyd edək ki, Rasim Əkbərova Azərbaycan prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdi. Lakin 2001-ci ildə dövlət çevrilişinə cəhddə günahlandırılıb həbs ediləndə Azərbaycan prezidentinin 537 saylı fərmanı ilə Rasim Əkbərov “Azərbaycanın Milli Qəhrəmanı” adından və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.
Virtualaz.org-un redaktoru Famil Cəfərli isə Modern.az saytına deyib ki, Milli Qəhrəman adından məhrum edilməsi məlum olsa da, çoxları Rasim Əkbərovu elə xatırlayırlar.
Onun fikrincə, qəhrəmanlıq kağızla verilib-alınmır və bu gün də Rasim Əkbərovun qəhrəman hesab etmək olar.
Dövlət çevrilişinə cəhddə günahlandırılan Rasim Əkbərov 15 il azadlıqdan məhrum edilmişdi. O, 2008-ci il avqustun 28-də əfv olunub.
“Azərbaycanın Mili Qəhrəmanı” adından məhrum olunanlardan biri də keçmiş baş naziri Surət Hüseynovdur.
Məltəm TALIBZADƏ