Modern.az saytı “Necə dolanırsınız?” rubrikasını davam etdirir. Hər gün müxtəlif peşə sahibləri tanışlarla rastlaşanda mütləq bir-birindən necə dolandığını soruşur. Biz bu dəfə oxşar sualla rəssamlardan cavab istədik...
Fərhad Yalquzaq: “Bizim ölkədə təkcə rəssamların deyil, bütün yaradıcı adamların sosial problemləri var. Problemləri olmayan ancaq şou əhli, manıs-munus tayfasıdır ki, onları yaradıcı adam adlandırmağa dilim gəlmir. Yaradıcı adamlar öz yaradıcılığından qazana bilmədiklərindən sosial problemlərini həll etmək üçün öz ixtisaslarından tamamilə fərqlənən başqa sahələrdə işləməyə məcbur olurlar. Onlar öz enerjilərini, vaxtlarını, əsəblərini özlərinə yad olan peşələrə sərf etdiklərindən yaradıcılıqda tam özlərini göstərmək, inkişaf etmək imkanından məhrumdurlar. Eynilə də mən özüm. Mən rəssamam, emalatxanamda oturub, yaxud təbiətə çıxıb yaradıcı məsələlərlə məşğul olmalı, öz fəaliyyət sahəmi genişləndirməliyəm; xarici ölkələrə səfər edib simpoziumlarda iştirak etməli, art rezidensiyalarda yaşayıb başqa rəssamlarla təcrübə mübadiləsi aparmalıyam. Ancaq bu mümkün deyil, çünki mən dolanmaq üçün pul qazanmaq haqqında da düşünməliyəm. Bu ölkədə hər şeydə monopoliya olduğu kimi, incəsənət aləmində də monopoliya düzənlənib: dövlət himayəsi olan qurumlar öz sıralarında müəyyən rəssamları toplayıb yalnız onların yaradıcılığını təbliğ etməklə məşğuldurlar. Sən isə, özün çapalamalısan - hətta dahi bir rəssam da olsan, düşdüyün bataqlıqdan çıxmaq imkanın yoxdur, çünki sənin fəaliyyət meydanın məhduddur. Sənin menecerin yoxdur, Rəssamlar İttifaqı deyilən bir ölü qurum səninlə, sənin fəaliyyətinlə qətiyyən maraqlanmır, beləcə batıb gedirsən. Hər il ümid edirsən ki, bəlkə bu il yaxşı olar, əsərlərinə maraq göstərərlər, sərgilərini təşkil edərlər, kataloqunu çap edərlər... Ancaq hər il öncəki ildən daha pis gəlir. Sən yenə də üzülmürsən, ümid edirsən, çalışırsan, xəyallar qurursan, ancaq çifayda. İndi burada şikayətlərimi dilə gətirirəm, ancaq yenə də əminəm ki, bu sözlər sabun köpüyündən başqa bir şey deyil...”.
Məmməd Dəmirçioğlu: “Əslində mən ömrümün çoxunu rəssam kimi deyil, adicə insanlar kimi yaşayıram. Rəssamlıqdan daha çox yaz-pozu işləri ilə məşğulam. Amma fərq etməz, yaradıcı insan təbiətlə daim ünsiyyətdədir və çox zaman sosial məsələlər könlümüzü məşğul edən yaradıcılıq duyğularımızın çölündə qalar. Sosial həyat qaçılmaz bir mühit olmasına baxmayaraq, içi-dışı başqa bir aləmdə dolaşan insanların gözünə görünməz, onun yaratdığı problemlər ötəri ruzigara bənzəyər. Kamil insan üçün problem deyilən bir şey mövcud deyil. Baxmayaraq sosial mühitin içindən qaçmaq, başqa dünyada yaşamaq mümkün deyil, amma başqa cür yaşamaq, mühitin çirkablarına batmadan, onun yaratdığı problemlərdən çəkinmədən, azad yaşamaq mümkündü. Mən çox zaman şair ömrü yaşayıram. Cəmiyyətdə baş verənlər, hər kəsi və dünyanı bürüyüb getməkdə davam edən insan naqisliklərini görüb də usanmamaq mümkün deyil. Fərdi xoşbəxtlik, bədbəxtlik bəlası bizi bir-birimizə yaxınlaşmağa, doğmalaşmağa qoymur. Ünlü şairlər heç vaxt fərdi dərdini dilinə gətirməz, cəmiyyəti xoşbəxt görəndə sevinər. Öz problemini yox, cəmiyyətin və bəşəriyyətin problemlərini öz dərdi hesab edərlər. Rəssamlar isə adətən təbiəti vəsf edər, dünya gözəlliklərini, insan psixologiyasını tərənnüm etməklə məşul olarlar. Onları cəmiyyət problemləri ancaq insan kimi narahat edə bilər, rəssam kimi yox.
Tıxacları sevmirəm. Qızıla bərabər vaxtımızı əlimizdən alır. Özü zorla alır. İşsizlik bəşəri bəladı. Elə insanlar tanıyıram işsizdi, balaları evdə çörək gözləyir. O isə xəcalətindən yerə girir. Kaş bunları mən duyub ağrıdığım kimi, dövləti idarə edən məmurlar da duya biləydilər.
Yol hərəkəti qaydaları bütün gücü ilə və qəddarcasına işləyir. Sürücülər hər ay qazancının üstünü də qoyub “cərimələr” ödəyirlər. Bu mədəni qaçaqçılıq-quldurluqdu. Cərimələrin qiyməti çox yüksəkdi. Allah başdakılara insaf versin.
Yol hərəkəti qaydalarına tətbiq olunan sərt qanunlar, rüşvətə və korrupsiyaya qarşı tətbiq olunsaydı, çox sevinərdim.
Sosial tarazlıq bərbad gündədi. Birinin bu qədər villası, evi, var-dövləti haradan alması, birinin bir daxma belə, qaralamaq imkanının olmamaması ilə maraqlanan yoxdur. Bu əyilən tarazlıq məni çox narahat edir...”.
Tura Dünyamalıyeva : “Əslində çətin dolanmağımızın elə dolaşıq bir səbəbi yoxdu. Biz sənətkarlar adamlardan asılıyıq, onlar da kasıb olunca, avtomatik bizim işimiz yürümür.
Varlılar da bizimkiləri hesaba qoymurlar, gedib xaricdən sifariş edirlər.
Sovet dövründə bilirsiz ki, rəssamlar kütləvi təbliğat plakatları ilə əməllicə qazanırdılar. Amma əsl rəssamlıqla heç bir dövrdə ailə dolandırılmayıb. Çünki əsl sənət pul qazanmaq üçün işlənmir. Yaxşı sənətkara ya dövlət arxa durmalı,ya da başqa bir yardımçı qazanc yeri olmalıdır”.
Kamran Rəhmətov: “Peşəmlə uyğun olaraq dolana bilmirəm. Çünki burda rəssamlara dəyər verilmir. Başqa ölkərə baxanda oranın rəssamlarına paxıllıq edirsən. Onların maddi durumu ilə yanaşı, cəmiyyətdəki nüfuzları da yüksək səviyyədədir. Amma bizdə rəssamı elə süzürlər ki, elə bil metro qabağındakı dilənçiyə baxırlar.
Bəzən yaxşı hesab etdiyin əsərə elə gülünc qiymət təllif edirlər ki, adam bir də fırçanı əlinə almaq istəmir. Təsəvvür edin ki, günlərlə əziyyət çəkib hazırladığın rəsm əsərinə hətta 5, 10, 15 manat da təklif edən olub. Rəsm çəkmələ dolanmaq mümkün deyil. Yaşamaq üçün mütləq başqa işlə məşğul olmalısan, gecə-gündüz çalışmalısan.
Mən ailəliyəm, bir övladım var. Məni öz yaşayış şəraitim qane etmir. Mən evdə rəsm çəkərkən çox sıxılıram. Yaşadığım ev o qədər də geniş deyil. Mən adicə bir otağı rəsm çəkmək üçün özümə ayıra bilmirəm. Hələ emalatxanadan heç danışmıram”.
Sahib Əsədbəyli: “İxtisasım və peşəmlə əlaqədar mütəmadi olaraq rəssamlarla ünsiyyətdə oluram. Müxtəlif sərgi salonlarından reportajlar hazırlayır, sənət adamlarından müsahibələr alıram. Söhbət əsnasında dolayısıyla onların necə həyat sürdüyü barədə müəyyən təəssüratlarım yaranır. “Bu sənətdə qazanc yoxdur” deyənlər yanılır. Rəssamlıq yüksək gəlir gətirmək iqtidarında olan sənətdir.
Elə rəssamlar var ki, onlar yeniliyə açıq deyillər, orta əsrlər dövrünün ənənələrindən kənara çıxa bilmirlər. Elələri də var ki, akademizmi bilmir, təsvir olunan predmetin ağız-burnunu əyməklə özlərini avanqard rəssam adlandırırlar. Hər iki kateqoriyadan olan rəssamların işləri heç kim üçün maraqlı deyil. Bəzən elə fikirləşirlər ki, alıcıların əsl sənətdən başı çıxmır, rekord qiymətə satılan əsərləri birmənalı olaraq müəllifin adının brend olması ilə səciyyələndirirlər. Ancaq xeyr, elə deyil. Əsər sənət aləminə yeni nəfəs gətiribsə, böyük təsir gücünə malikdirsə, o mütləq alıcısını tapacaq. Sənət əsərinə yüz min dollarlar xərcləyən şəxs ağılsız deyil, hər halda. Qiymətin qalxması isə bəli, zamanın gedişatına əsasən müəyyənləşir. Bu gün 300-500 manata əsərini satan rəssam bir neçə il sonra bunun 5-10 mislinə satacaq. Sakit Məmmədovu götürək. Sorağı dünyanın ən məşhur sərgi salonlarından gəlir, əsərləri nüfuzlu auksionlarda yüz min dollarlara satılır. Çünki fərqlidir, heç kimə bənzəmir. Eyni zamanda üslub və texnika baxımından universaldır. Əksəriyyət rəssamlar isə birtərəfli yaradıcılıqdan kənara çıxa bilmirlər, bir-birini “kopyalayır”lar. Belə olan halda təbii ki, onun yaradıcılığı heç kim üçün maraqlı olmayacaq, çalışdığı müəssisənin qəpik-quruşuna göz dikib, ayı 200-300 manatla yola verəcək. Burda özündən başqa heç kimi günahlandırmaq düzgün deyil”.
Elmin NURİ