Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov XV- XVI əsrlərdə yaşayan Azərbaycan şairi Sürurinin şeirlər toplusu-“Divan”ının İstanbulun Süleymaniyyə və Manisa şəhər kitabxanalarında saxlanan əlyazmalarının surətlərini əldə edib.
Modern.az xəbər verir ki, 2013-cü ildə tədqiqatçı Sürurinin Vatikanın Apostol kitabxanasında saxlanan 931 beyt həcmində anadilli “Divan”ı barədə ətraflı məlumat verib. Şairin surəti yeni əldə edilən, Süleymaniyyə kitabxanasında saxlanan “Divan”ı 667 beytdən ibarətdir. Buraya 90 qəzəl, 3 mürəbbe daxildir. Manisa nüsxəsi məcmuədir, buraya Sürurinin Azərbaycan dilindəki şeirləri ilə bərabər, Nəsiminin və Nur Seyid Əli adlı şairin farsca şeirləri daxil edilib.
Katib qeydindən 25 vərəqə köçürülən əsərin 1570-ci ildə köçürüldüyü məlum olur. Sürurinin surətləri yeni əldə edilən divanlarında onun bir çox naməlum əsərləri, o cümlədən, Şah İsmayıl Xətaiyə həsr edilən mürəbbesi var.
Elmin NURİ