Azərbaycanda ABŞ-ın siyasi maraqlarına xidmət edən bir neçə beynəlxalq siyasi təşkilatın fəaliyyəti dondurulub. Qərb siyasi təsisatları ilə bağlı olan bəzi qurumların isə fəaliyyəti məhdudlaşdırılıb.
Ekspertlərin fikrincə, Azərbaycanla-ABŞ arasında insan haqları, media azadlığı ilə bağlı yaranan fikir ayrılığı iki ölkə arasındakı münasibətləri gərginləşdirib. Belə bir məqamda ABŞ-ın Azərbaycana yeni təyin etdiyi səfir Robert Sekuta Bakıya gələcək. O, Azərbaycanla ABŞ arasındakı əlaqələri normal məcraya yönəldə biləcəkmi?Mövzu barədə Modern.az-ın suallarını cavablandıran Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadə bildirib ki, Azərbaycan və ABŞ arasındakı münasibətlərdə indiki məqamda heç bir gərginlik yoxdur.
“Əslində ABŞ-la Azərbaycan tərəfdaş ölkələrdir. Hər iki dövlət bir çox sahədə sıx əməkdaşlıq edirlər. Xüsusilə təhlükəsizlik, terrorla mübarizə və enerji sahəsində ciddi əməkdaşlıq var”.
Asim Mollazadə hesab edir ki, ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekutanın Bakıda fəaliyyət başlaması iki ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Deputat deyib ki, Bakı və Vaşinqton arasında qarşılıqlı anlaşma imkanları da yaranacaq.
Komitə üzvü Azərbaycanla ABŞ arasında bəzi sahələrdə fikir ayrılıqlarının yaranması məsələlərinə də toxunub: “Bəzi sahələrdə ABŞ-la Azərbaycan arasında ortaq mövqe yoxdur, fərqli baxışlar var. Amma hər iki ölkə yaranan fikir ayrılıqlarına baxmayaraq tərəfdaş ölkələrdir. Ona görə də Azərbaycanla ABŞ arasında hər hansı gərginliyin yaranmasından söhbət gedə bilməz. Bizim münasibətlərimiz böyük potensiala malikdir. Yeni səfirin Bakıda fəaliyyətə başlaması isə bu münasibətlərin inkişafına xidmət edəcək”.
Aqşin Kərimov