Modern.az

Parlament seçkiləri necə keçirilsin? - Partiyalar qarışıq seçki sisteminə tərəfdardır - SORĞU

Parlament seçkiləri necə keçirilsin? - Partiyalar qarışıq seçki sisteminə tərəfdardır - SORĞU

Təhsil

7 Yanvar 2015, 11:50

2015-ci ilin noyabr ayında Azərbaycanda Milli Məclisə növbəti seçkilər  keçiriləcək. Siyasi partiyalar seçkilərin hansı formada keçirilməsinin tərəfdarıdırlar?  

Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa Modern.az saytına bildirib ki,  parlament seçkilərinin proporsional qaydada keçirilməsinin tərəfdarıdır. Onun sözlərinə görə, bu sistem  partiyaların tanınmasına müsbət təsir edə bilər.

Azərbaycan Xalq Cəbhəsi  Partiyasının ( AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib ki, onlar seçkilərin həm qarışıq, həm də proporsional sistem üzrə keçirilməsini istəyirlər. 

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qeyd edib ki,  parlamentə seçkilərin proporsional sistem üzrə keçirilməsinin tərəfdarıdır: “Qarşıdan gələn seçkilərin demokratik keçirilməsi üçün proporsional sistemə ehtiyac var. Bundan başqa, seçkilər iqtidar və müxalifət arasında qarşılıqlı əməkdaşlıq şəkilində həyata keçirilməlidir. Bu il keçiriləcək seçkilər də əvvəlki illərdəki  kimi qarşıdurma şəkilində olacaqsa, bu,  Azərbaycana heç nə verməyəcək”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının sözlərinə görə, partiyanın sonuncu Məclisində parlament seçkiləri ilə bağlı xüsusi qərar qəbul olunub: “Partiyanın seçkilərdə hansı formada iştirakı ilə bağlı müzakirələr davam edir. Seçki qanunvericiliyinin təkmilləşdirməsi və proporsional seçki sisteminin tətbiqi istiqamətində ilkin işlərin görülməsi ilə bağlı ictimaiyyətlə, siyasi partiyalarla məsləhətləşmələr aparılacaq”.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin müavini Elşən Mustafayev bu il seçki sistemində dəyişikliklərin olacağına ümid edir: “Proporsional seçki sisteminin bərpa olunmasını istəyirik. Bu, siyasi partiyaların inkişafına və ölkədə siyasi hadisələrə daha doğru, daha ciddi yanaşmaya yardım edir”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı deyib ki, partiyaların inkişafı və seçkidə ölkənin bütün bölgələrinin  əhatə olunması baxımından həm majoritar, həm də proporsional sistem üzrə seçkilərin həyata keçirilməsi  məqsədəuyğundur: “İndiki şəraitdə proporsional seçki sistemi tətbiq etməklə ciddi uğur qazanılacağına inanmıram. Çünki seçkilərdə müxalifətə cəmi 10-15 yer verilir. Bu da özünü əksər vaxt  doğrultmur. Bu səbəbdən qarışıq seçki sisteminin olması məqsədə uyğundur”.

Ana Vətən  Partiyasının sədri, deputat Fəzail Ağamalı  parlament seçkilərində qarışıq  seçki sisteminin olmasını istəyir: “Həm majoritar, həm də proporsional seçki sistemi həyata keçirilməlidir. Proporsional seçki sistemi Azərbaycanda siyasi partiyaların inkişafında mühüm rol oynaya bilər. Majoritar isə birbaşa seçkilərlə təmas baxımdan əhəmiyyətlidir”.

Məltəm TALIBZADƏ

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu