“Biz Azərbaycanın ictimai-siyasi həyatında baş verən bütün proseslərdə iştirak etməkdə israrlıyıq. Parlament seçkilərinə qatılmaq isə bizim üçün xüsusi əhəmiyyət daşıyır”. Bunu Modern.az-a Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov deyib. O əminliklə bildirib ki, rəhbəri olduğu partiya Milli Məclisə keçiriləcək növbəti parlament seçkisində iştirak edəcək.
Rauf Qurbanovun sözlərinə görə AKP-nin növbəti parlament seçkisində iştirakı edəcəyi qətidir. O qeyd edib ki, majoritar seçki sisteminə uyğun olaraq AKP özünün deputatlığa namizədlərini irəli sürəcək. “Kommunist Partiyasının üzvləri deputatlığa namizədliklərini irəli sürəcəklər. Sözsüz ki, mən də namizəd olacağam”.AKP rəhbəri sol qüvvələrin seçki blokunun yaradılması ilə bağlı hələlik onlarda bir təşəbbüs olmadığını da bildirib. “Parlament seçkisi ilə bağlı sol qüvvələrin yaradılması önəmli bir məsələdir. Kommunist Partiyası onunla ittifaq girmək istəyən sol qüvvələrlə əməkdaşlığa hazırdır. Lakin sol qüvvələrin seçki blokunun yaradılması ilə bağlı təkliflər olmalıdır. Bizə isə heç bir təklif verilməyib və biz də hansısa təşkilata bu barədə hər hansı təklif verməmişik”,-deyə Rauf Qurbanov bildirib.
Azərbaycanda 2015-ci ilin noyabr ayında Milli Məclisə V çağırış deputat seçkiləri keçiriləcək.
Aqşin Kərimov