“Azərbaycanın bölgələrində fəaliyyət göstərən orta məktəblərdə və ali təhsil müəssisələrində dərslər və imtahanlar əvvəlki qaydada aparılacaq. 2015-ci ildə Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bölgələrdəki təhsil müəssisələrində heç bir dəyişiklik gözlənilmir”.
Bunu Modern.az saytına Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, Avropa oyunları Bakıda keçirləcəyi üçün bölgələrdə fəaliyyət göstərən təhsil müəssisələrində dərslərin və imtahanların vaxtında dəyişiklik etməyə ehtiyac yoxdur.
Qeyd edək ki, Bakı şəhərində yerləşən bütün təhsil müəssisələrində tədris prosesi və imtahan sessiyası bu il mayın 31-nə qədər başa çatdırılacaq.
Təhsil Nazirliyi təhsil müəssisələrinə bu barədə bildiriş göndərib.
Nazirliyin əmrinə əsasən, ali məktəblərdə dərs sessiyalarının müddətində də dəyişiklik edilib. Əmrdə qeyd olunur ki, 2014-2015-ci tədris ilinin dərs sessiyası dekabrın 28-də başa çatdırılmalıdır.
Qış imtahan sessiyası dekabrın 29-dan başlayaraq yanvarın 18-nə qədər bitməlidir. Tələbələr qış tətilinə yanvarın 19-dan 25-nə qədər buraxılacaqlar. Tədris ilinin yaz sessiyası yanvarın 26-dan mayın 9-na qədər keçiriləcək. Yay imtahan sessiyası mayın 11-dən 24-nə qədər davam edəcək.
Dövlət imtahanları isə mayın 25-dən 31-nə qədər baş tutacaq.
Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq.
Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
Məltəm TALIBZADƏ