Modern.az

Şahbaz Quliyev və Dilqəm Əsgərovun girovluqda saxlanılması cinayətdir

Şahbaz Quliyev və Dilqəm Əsgərovun girovluqda saxlanılması cinayətdir

Təhsil

7 Yanvar 2015, 16:12

“Şahbaz Quliyev və Dilqəm Əsgərov girov götürülüb həbs cəzası almalarına baxmayaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsi onlara mütəmadi baş çəkəcək”.

Bu barədə Modern.az-a Beynəlxalq Qırmızı Xaç Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Girovların hansı şəraitdə, ümumi, yoxsa xüsusi kamerada saxlanmasına gəlincə, komitə rəsmisi bunları deyib: “Beynəlxalq Qırımızı Xaç Komitəsi girovların saxlanma şəraiti barədə açıqlama vermir, buna baxmayaraq, komitə hər zaman monitorinqlər aparır və saxlanma şəraitinə nəzarət edir”.

İlahə Hüseynova girovluqda olan həmvətənlərimizə sonuncu dəfə dekabr ayının 9-da baş çəkildiyini qeyd edib.

Hüquqşünas Erkin Qədirli isə Modern.az-a açıqlamasında hər iki azərbaycanlının girovluqda saxlanılmasını cinayət adlandırıb: “Onlar hərbi əsir deyil, mülki vətəndaşlardır. Əgər hərbi əsir olsaydılar, onların necə saxlanmasına dair beynəlxalq konvernsiyaların qaydalarını tətbiq etmək olardı. Onların yeri nə qədər yaxşı olsa belə, saxlanmaları qanunsuzdur”.

Hüquqşünas qətiyyətlə bildirir ki, ermənilərin hərəkəti insan oğurluğudur, cinayətdir, qanunsuz azadlıqdan məhrumetmədir: “Onlara əlavə işgəncə verir, qeyri-insani rəftara məruz qoyurlarsa, bu da başqa bir cinayətdir. Çünki mülki əhaliyə müqavimət göstərmək olmaz. Mülki əhali əlinə silah alarsa, ona döyüşçü statusu vermək olar. Onu öldürmək, əsir götürmək də olar. Ümumiyyətlə, hərbi əsiri cinayət məsuliyyətinə cəlb etmək olmaz. Dilqəm və Şahbaz isə əsir yox, girovdurlar”.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev bu il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. Girov götürülərkən onlarla getmiş digər mülki azərbaycanlı Həsən Həsənov öldürülüb, onun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub. 

Girovluqda olan iki azərbaycanlıya qarşı cinayət işi açılıb. Separatçı rejimin “birinci instansiya məhkəməsi” dekabrın 19-da keçirilən prosesdə “prokuror” Karen Qabrielyanın tələbinə əsasən, Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu