Ermənistan rəhbərliyi Azərbaycana vətəndaşlarına qarşı təxribat hərəkətlərini davam etdirməklə dünya miqyasında özü haqqında yeni imic formalaşdırmaq istəyir.
İqtisadi inkişaf sürətinə və göstəricilərinə görə regionun ən geridə qalmış dövləti olan Ermənistan beynəlxalq aləmdə yaratmaq istədiyi təsəvvürlə oxları Azərbaycan tərəfinə yönəltmək niyyətindədir.
Rəsmi Yerevanın apardığı informasiya müharibəsi beynəlxalq ictimaiyyətin və öz vətəndaşlarının rəğbətini qazanmağa, sosial durumu və yaşayışı çətin olan Ermənistan əhalisinin fikirlərini başqa səmtə yönəldilməsinə xidmət edir.
Ermənistan hökuməti yaxşı başa düşür ki, səfalət içərisində yaşayan vətəndaşlarının diqqətini Dağlıq Qarabağ münaqişəsi və bu problemlə bağlı cərəyan edən proseslərə cəlb etməklə özünü sığortalayır.
Heç şübhəsiz, Ermənistan girov götürdüyü azərbaycanlılar, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı da öz məkrli planlarını bu baxımdan dövriyyəyə buraxdı və rəsmi Yerevanın maraqlarına xidmət edən proses bu gün də davam edir.
İşğal altındakı Azərbaycan torpaqlarına təbii haqqı olaraq gedən soydaşlarımızı “diversant”, az qala “terrorçu” kimi qələmə verən Ermənistan belə hesab edir ki, bununla beynəlxalq ictimaiyyətin gözündə “humanist” mövqedə qərarlaşacaq.
Lakin Ermənistan hakimiyyəti bu hərəkətləri ilə özünün terrorçu və işğalçı mahiyyətini ortaya qoyur. Təbii ki, bunu rəsmi Yerevan özü də yaxşı başa düşür və onu da anlayır ki, girovların “diversant” kimi qələmə verilməsi Ermənistan üçün siyasi divident qazandırır.
Bununla paralel olaraq Ermənistan hakimiyyəti artıq Mübariz İbrahimovun məlum hərəkətindən, Həsən Həsənovun cəsarətindən sonra Azərbaycandan qorxusunu da gizlədə bilmir.
Təbii ki, Ermənistan ordusundakı kriminal atmosfer, hərbi döyüş ruhunun olmaması fonunda Dilqəm Əsgərov, Şahbaz Quliyev, Həsən Həsənovun həyatlarını riskə ataraq Kəlbəcərə getmələri Yerevanı qorxuya salmaya bilməz.
Bu mənada öz dədə-baba torpaqlarını ziyarət etməyə getmək istəyən hər bir azərbaycanlı Ermənistan hakimiyyətinin gözündə “kəşfiyyatçı” kimi görünür.
Azərbaycan Müdafiə Nazirliyi rəsmi olaraq bəyan edib ki, təchizatsız, ağır və dözülməz şəraitdə, soyuq səngərdə qorxu və səksəkə içində olan erməni əsgərindən tutmuş hərbi rəhbərliyinə kimi hamının gözünə hər yerdə Azərbaycan "diversantı" görünür.
Erməni təbliğat maşının əsas hədəfi bütün qüvvəsini işə salmaqla Dilqəm Əsgərov, Şahbaz Quliyev, Həsən Həsənovu “diversant” kimi təqdim etmək və bununla da müharibə istəməyən, problemləri ucbatından Qarabağı unutmaq həddinə çatan Ermənistan əhalisinin diqqətini Dağlıq Qarabağ konfliktinə yönəltməkdir.
Etiraf edək ki, Dağlıq Qarabağdakı separatçı rejimin girovlarla bağlı qurduğu “məhkəmə” şousu hələ ki, beynəlxalq təşkilatların reaksiyasına səbəb olmayıb.
Ən azından ona görə ki, girovlar barəsində çıxarılan saxta hökmə heç bir beynəlxalq təşkilat müdaxilə edə bilməyib.
Düzdür, beynəlxalq təşkilatlar beynəlxalq hüquq normalarını nəzərə alaraq, Dilqəm Əsgərov və Şahbaz Quliyevi diversant kimi qəbul etməyib, ancaq onlar girovların taleyi ilə də maraqlanmır və onların həyatını təhlükə altına qoyur.
Hadisələrin gedişi onu göstərdi ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev, Həsən Həsənov məsələsi Ermənistanda ciddi qorxu yaradıb.
Çünki sabah onlarla, yüzlərlə, minlərlə Dilqəm Əsgərov, Şahbaz Quliyev, Həsən Həsənovun meydana çıxacağı, onların öz evlərinə getmək istəyində olacağını inkar edə bilməz. Bütün xalqın bir an içində “”Biz Dilqəm Əsgərov, Şahbaz Quliyev, Həsən Həsənovuq” hayqıracağı şəksizdir.
Bu istəyi isə heç bir qüvvə geri oturda bilməyəcək.
Bunu anlayan Ermənistan növbəti Dilqəm Əsgərov, Şahbaz Quliyev, Həsən Həsənovların qarşısını almaqdan ötrü gülünc məhkəmə oyunu oynayırlar.
Bu gün Ermənistanda xeyli sayda azərbaycanlı girovlar var. Ancaq niyə məhz Dilqəm Əsgərov, Şahbaz Quliyev, Həsən Həsənovla bağlı bu siyasətin yeridilməsi dediyimizi bir daha sübut edir.
Gerçəklik odur ki, Azərbaycan torpaqlarını işğaldan azad etməyənədək Ermənistan daim səksəkə içində yaşayacaq.
Hər bir azərbaycanlı Ermənistana Dilqəm Əsgərov, Şahbaz Quliyev, Həsən Həsənov kimi görünəcək.
Aqşin Kərimov