Əvvəlcə xəbər verdiyimiz kimi, ötən il dekabr ayının 9-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan teleaparıcı İlham Mirzəyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilsə də, hakim Faiq Qasımovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin vəkilləri çıxış edərək ilkin baxış iclasının qərarından kassasiya şikayəti verdiklərini deyiblər. Bunun üçün də məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Teleaparıcının vəkili Xanlar Bayramzadə Modern.az-a açıqlamasında bildirib ki, İ.Mirzəyevin məhkəməsinin vaxtı hələ müəyyənləşməyib: “Məhkəmənin vaxtı bilinmir, amma çox güman ki, bu ay məhkəmə olmayacaq”.
Müvəkkilinin səhhətinə gəlincə, X.Bayramzadə onun özünü yaxşı hiss etmədiyini deyib: “Hazırda səhhəti heç də yaxşı deyil. Elə bu səbəbdən də Bakı İstintaq Təcridxanasının sanitar hissəsində müalicəsini davam etdirir. Belindəki yırtıq, sinir sistemi gərginləşib”.
Məlumat üçün bildirək ki, ilkin baxış iclası zamanı vəkillər işə xitam verilməsi barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Bunun üçün vəkillər həmin iclasın qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər. Ali Məhkəmə şikayətə baxdıqdan sonra Bakı Apellyasiya Məhkəməsində proses davam etdiriləcək.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ. Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Gülşən RAUFQIZI