Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin sədri, Müsavat başqanının müavini Elman Fəttah Modern.az saytına açıqlama verib. O, Yadigar Sadıqovla dekabrın 26-da görüşdüyünü bildirib:
“Yadigar Sadıqovun xroniki ürək problemləri var. Mütəmadi olaraq dərmanlar qəbul edir. Belə ağır problemləri olan birinin ağır şəraitdə saxlanması bizi çox narahat edir. Yadigar Sadıqov ailəsi ilə həftədə bir dəfə telefon əlaqəsi saxlayır. Görüş üçün bir məhtudiyyət yoxdur. Amma onun ailəsi Lənkəranda yaşayır, cəzasını isə 14 saylı Cəzaçəkmə Müəssisəsində çəkir. Bu baxımdan ailənin hər həftə görüşü mümkün olmur.
Yadigar Sadıqovun saxlandığı müəssisə gigiyenik standartlara cavab vermir. Ona qanunsuz münasibət müəsissəyə köçürülərkən də var idi, indi də davam edir. Qanunla o, Salyandakı Xələc Cəzaçəkmə Müəssisəsinə köçürülməli idi. Cəzaların icrası haqqında qanunda da qeyd edilir ki, məhkumlar yaşayış yerinə yaxın cəzaçəkmə müəssisələrinə köçürülməlidir”.
Elman Fəttah bildirib ki, yanavrın 13-də Yadigar Sadıqovun Ali Məhkəməyə şikayətinə baxılacaq: “Şirvan Apellyasiya Məhkəməsi Yadigar Sadıqovun həbs cəzasını 4 ilə endirdi. Apellyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə müraciət olundu. Tələbimiz ona bəraət verilməsindən ibarətdir. Ali Məhkəmənin ədalətli qərar çıxaracağını gözləmirik. Çalışırıq ki, işi sürətləndirib Avropa İnsan Hüquqları Məhkəməsinə göndərək. Ali Məhkəmədə Yadigar Sadıqovun hüquqlarını Osman Kazımov müdafiə edəcək”.
Yadigar Sadıqov 2013-cü il iyunun 27-də Lənkəranda tutulub. Lənkəran sakini Rəşid Kərimovu döyməkdə, ona bədən xəsarəti yetirməkdə ittiham olunan Yadigar Sadıqov 2014-cü il yanvarın 13-də Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 22-də Şirvan Apellyasiya Məhkəməsi həbs cəzasını 4 ilə endirib.
Yeganə Oqtayqızı