Dünəndən ölkə ərazisində hava şəraiti kəskin şəkildə dəyişib. Temperatur aşağı düşüb, bölgələrə, eləcə də Bakıya qar yağıb. Havaların kəskin soyuması bölgələrdə hər hansı problem yaradıbmı? Modern.az bəzi dağ rayonlarındakı vəziyyəti öyrənmək üçün oradan seçilən deputatlarla əlaqə saxlayıb.
Qubada seçilən deputat Vahid Əhmədovun sözlərinə görə, havaların kəskin soyuması ilə bağlı qabaqlayıcı tədbirlər görülüb: “Bir saat bundan qabaq Quba rayonu ilə əlaqə saxladım. Rayonda elə ciddi problem yoxdur. Çünki qışa hazırlıqla əlaqədar rayon icra hakimiyyəti gücləndirilmiş iş rejimində çalışır. Yollara qum tökülüb. Yolların hamısı açıqdır. Qubada 1-2 santimetr qar var. Amma mənə elə gəlir ki, ciddi problem olmayacaq. Hazırlıq yaxşı təşkil olunub”.
Milli Məclisdə yardımlıları təmsil edən Sabir Rüstəmxanlı isə qarın yağmasını yardımlılar üçün xeyir-bərəkət hesab edir: “Hələ ki qarlı hava ilə əlaqədar problemlərlə bağlı məlumat daxil olmayıb. Təbii ki, biz orada nə baş verməsindən anındaca xəbər tuta bilmərik. Yardımlı dağ rayonudur. Qar da yağmalıdır, hər hansı hadisə də ola bilər. Ümid edək ki, hər şey yaxşı olsun. Camaat qar üçün darıxmışdı. Qar xeyir-bərəkətdir. Qoy yağsın. Ümumiyyətlə, Yardımlıdakı müəyyən problemlər qarla bağlı deyil. Məsələn, oranın elektrik xətləri möhkəmləndirilməlidir. Çünki Yardımlıda həmişə güclü küləklər əsir. Bu da qarla əlaqədar deyil”.
Göygöl-Daşkəsən dairəsindən seçilən deputat Rövşən Rzayev də heç bir problemin olmadığını deyib: “Ölkə ərazisində havanın kəskin dəyişməsi ilə əlaqədar mənə hər hansı problemlə bağlı məlumat daxil olmayıb. Daşkəsən və Göygöl rayonlarında qaz, işıq, yol problemləri kifayət qədər həll olunub. Ona görə də bu problemlərlə bağlı mənə müraciətlər olmayıb. Əgər belə müraciət olarsa, imkanlarım səviyyəsində müəyyən tədbirlər görəcəyəm. Göygölün bəzi kəndlərində qazlaşma tam başa çatmayıb. Ancaq bu istiqamətdə iş görülür”.
Namidə BİNGÖL