Modern.az

Jurnalistlər Mədəniyyət Nazirliyinin KİV-lə işindən DANIŞDILAR: “Yeni şöbədən gözləntilərimiz var”

Jurnalistlər Mədəniyyət Nazirliyinin KİV-lə işindən DANIŞDILAR: “Yeni şöbədən gözləntilərimiz var”

8 Yanvar 2015, 14:45


Mədəniyyət və Turizm Nazirliyində ictimaiyyətlə əlaqələri, mətbuatla işi daha da səmərəli təşkil etmək məqsədilə yeni informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. Şöbənin tərkibinə informasiya, elektron media və resurslarla iş, ictimaiyyətlə əlaqələr və mətbuatla iş və qeyri-hökumət təşkilatları ilə iş sektorları daxildir.
Modern.az xəbər verir ki, mədəniyyət və turizm nazirinin əmrinə əsasən, nazirliyin turizm şöbəsinin təbliğat sektorunun müdiri Vüqar Şixəmmədov yeni şöbəyə müdir təyin edilib. Görəsən, yeni yaradılan şöbənin nazirliklə KİV-lərin işbirliyində faydası nə olacaq? Modern.az-ın bu sorğusuna mədəniyyət sahəsindən yazan jurnalistlər fərqli cavablar veriblər:

Aznews.az portalının əməkdaşı Bahar Rüstəmli qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi ictimaiyyətlə əlaqələri daha da möhkəmləndirmək və geniş məlumatlandırmaq məqsədi ilə informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılmasını məqsədəuyğun sayıb: “Nazirliyin turizm şöbəsinin təbliğat sektorunun müdiri Vüqar Şixəmmədov şöbəyə müdir təyin edilib. Biz istərdik ki, o, mətbuatla işini daha səmərəli qursun. Hər halda, mətbuatın yeni şöbənin fəaliyyətindən necə yararlandığını qısa zaman kəsiyində biləcəyik. Vüqar Şıxəmmədova uğurlar arzulayırıq”.

AzVision.az saytının əməkdaşı Şəhanə Rəhimlinin fikrincə,  Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşları bu şöbə yaradılana qədər də mətbuatla yaxşı işləyirdilər: “Nə zaman zəng etmişəmsə, cavab verilib. Bacardıqları qədər məlumat almağıma kömək ediblər. Düşünürəm ki, yeni şöbənin yaradılması da müsbət qarşılanmalıdır, çünki mətbuatın xeyrinə ola bilər. Amma hər halda şöbənin müəyyən müddətddən sonra fəaliyyəti haqqında dəqiq fikir söyləmək mümkün olacaq”.

Publika. az saytının mədəniyyət yazarı İntiqam Valehoğlu yeni şöbə rəhbərinin kimliyindən və iş prinsipindən xəbəri olmadığını deyib: “Amma mədəniyyət yazarlarının əksəriyyətinin bu nazirliklə bağlı üzləşdiyi ənənəvi problem var. Məsələn, hansısa problemlə bağlı nazirliyin mətbuat xidmətinə zəng vurursan, İntiqam Hümbətov deyir ki, məzuniyyətdəyəm, işim var, Zöhrə Əliyevadan soruşun. Zöhrə Əliyeva ilə əlaqə yaradırsan, tədbirdə olur, səhhətində problem çıxır. Əgər “ötür-ötür” prinsipi yenə də davam edəcəksə, heç nə dəyişməyəcək. Ancaq yeni şöbə müdirinə fəaliyyətində uğurlar arzulayıram.”

“Aydın Yol” qəzetinin əməkdaşı Sevinc Fədai Mədəniyyət və Turizm Nazirliyində mətbuat xidməti ilə yanaşı, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyət göstərməsinin ümumi işin xeyrinə olacağını düşünür: “Jurnalistlərə yaxşı məlumdur ki, bir çox qurumun mətbuat xidməti lazımi səviyyədə fəaliyyət göstərmir. Bunu aparılan sorğuların nəticələrindən də bilirik. Hamısı haqqında ümumi şəkildə danışmaq doğru olmaz, ancaq nazirlik sözçülərinin əksəriyyəti jurnalistlərlə “siçan-pişik oyunu” oynamağa vərdiş edib. Ona görə yaxşı olardı ki, bu vəzifəyə təsadüfi adamlar təyin edilməsin. Sözügedən təyinatın yararlı olub-olmayacağı da nazirliyin özündən asılıdır, çünki həmin şöbənin işini və hansı məlumatın mətbuata çıxarılacağını qurum özü müəyyənləşdirir. Yəni gərək nazirliklər özləri mətbuata, jurnalistlərə dost kimi yanaşsınlar. Mən yeni yaradılan şöbəyə uğurlar arzu edirəm".

APA.az-ın mədəniyyət yazarı Cavid Zeynallı yeni şöbənin vacibliyindən danışıb: “Mədəniyyət və Turizm Nazirliyindən səlahiyyətləri çərçivəsində hər hansı məlumatın alınmasında, müraciətin cavablandırılmasında problem yaşamamışam. Konkret desəm, nazirliyin mətbuatla əlaqəli şəxsləri APA-nın sorğu və müraciətlərinə hər zaman diqqətli yanaşıblar. Yeni yaranan informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətinə gəldikdə, düşünürəm ki, şöbənin yaradılması hər halda, ehtiyacdan doğub.
Lavaş və kəlağayı məsələsində nazir Əbülfəs Qarayev bildirmişdi ki, nazirlik bundan sonra mətbuatla əlaqələrin, jurnalistlərlə təmasın daha sıx qurulmasında maraqlıdır. Düşünürəm ki, struktur dəyişikliyi də bunun tərkib hissəsidir. Digər tərəfdən, nazirliyin yaydığı rəsmi məlumata görə, şöbənin tərkibinə təkcə mətbuatla iş yox, məsələn, qeyri-hökumət təşkilatları ilə iş sektoru da daxildir.
Formasından və struktur dəyişikliyindən asılı olmayaraq, jurnalistə lazım olan müraciətlərinə rahat cavab almasıdır. Ümid edirəm ki, Mədəniyyət və Turizm Nazirliyi ilə bundan sonrakı münasibətlərimiz yenə əvvəlki kimi müsbət davam edəcək”.

Modern.az saytının əməkdaşı Elmin Nuri də şöbəninin həm mətbuat, həm də ictimaiyyətlə qarşılıqlı iş mexanizminə müsbət təsir göstərəcəyinə inanır:
“İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılması çox sevindiricidir. Mədəniyyət yazarları və Azərbaycan mədəniyyətinin keşiyində durmaq istəyənlər üçün bu çox vacibdir. Bu gün media aləmində ən çox qabardılan sahə mədəniyyət olmalıdır. Mədəniyyət insan düşüncəsini, cəmiyyətin ümumi intellekt səviyyəsini artıran əsas faktordur. Ümid edirəm ki, yeni şöbə yaradılandan sonra sayı onsuz da az olan əsil mədəniyyət yazarları öz profilləri istiqamətində informasiya əldə edib, lazımı bilgilərə çata biləcəklər. İstərdim ki, Mədəniyyət və Turizm Nazirliyi mədəni gündəmi yarada bilən, medianın ən çətin sahələrindən olan mədəniyyətin cəfasını çəkən jurnalistləri tanısın və onlarla iş birliyini bir az da inkişaf etdirsin. Belə olan surətdə ciddi mədəniyyət yazarları günbəgün çoxalan şou-biznes sahəsinin bulvar jurnalistləri arasında itib-batmazlar”.

Məltəm TALIBZADƏ

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI