“Zarifa-Art” İncəsənət Agentliyi Almaniyanın Köln şəhərində növbəti, sayca 87-cı sərgisini keçirir. "Kunst ohne Grenze" (Sərhəd tanımayan sənət - azərb) adlı sərgidə müxtəlif milli mənsubiyyətlərə aid, ancaq hazırda Almaniyada yaşayıb yaradan rəssamların, o cümlədən Azərbaycan əsilli rəssamların əsərləri də sərgilənir.
İncəsənət xadimləri və sənətsevərlərin daim maraqla qarşıladıqları “Zarifa-Art”ın sərgiləri və fəaliyyəti Köln şəhər rəhbərliyinin də diqqətini cəlb edib. Sərgi açılışında iştirak edən Köln bələdiyyəsinin nümayəndələri İldırım Sultanovu Kölnün mədəni inkişafına göstərdiyi xidmətlərə görə xüsusi diplomla təltif etdilər. Memar və incəsənət xadimi İldırım Sultanovun başçılığı altında fəaliyyət göstərən beynəlxalq “Zarifa-Art” sənət qrupu 1992-cı ildə Azərbaycan və Rusiyada, 1997-ci ildə isə Almaniyada rəsmi fəaliyyətə başlayıb. İlk dövrlərdə 7 sənət adamıyla fəaliyyətə başlasalar da hazırda 60-dan çox rəssam, heykəltaraş, memar və bir çox digər incəsənət növlərilə məşğul olan tanınmış sənətkarları öz ətraflarında birləşdirərək Almaniya və Avropanın bir çox şəhərlərində möhtəşəm sərgilər keçiriblər.
Togrul Əziz
Almaniya