Modern.az

Yanacağın bahalaşması nəqliyyatda qiymət artımına səbəb olacaq

Yanacağın bahalaşması nəqliyyatda qiymət artımına səbəb olacaq

13 Yanvar 2015, 11:44

“2 qəpiklik artımın ilk baxışda ümumi vəziyyətə elə də ciddi təsir göstərməyəcəyini düşünmək tamamilə yalnışdır. Məsələyə baş verən proseslərin kontekstində baxmaq lazımdır. Dünya bazarında neftin qiymətinin düşdüyü bir zamanda vətəndaşlar Azərbaycanda yanacağın ucuzlaşmasını gözlədiyi bir vaxtda hökumət əks qərar verdi. Təbii ki, əhalinin narazılığı haqlıdır”.

Bu fikirləri Modern.az-a İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bildirib.

O qeyd edib ki, qiymət artımına səbəb kimi yol vergisinin ləğv olunmasının göstərilməsi əsassızdır: “Ona görə ki, yol vergisinin ləğv olunması şəraitində belə itirilən məbləği indiki qiymətlərlərdən götürmək mümkün idi”.

Ekspertin fikrincə, yanacaq və dizelin bahalaşması ilk növbədə kənd təsərrüfatına ciddi təsir edəcək: “Yəqin ki, hökumət sonrakı mərhələdə dizelin qiymətinin qalxması ilə bağlı kənd təsərrüfatına verilən kompensasiyaların artırılmasına qərar verəcək. Hər halda, bu ilin “kənd təsərrüfatı ili” elan edilməsi bunu deməyə əsas verir.

Bötüvlükdə bu il qiymətlərin artırılması istiqamətində atılan bir sıra addımlar içərisində buna kompleks baxmaq lazımdır. Xüsusilə ölkəyə gətirilən, böyük həcmli mühərrikə sahib avtmobillərin qiymətinin qalxması və bu konkteksdə təbii ki, böyük həcmdə benzin istifadə edən avtmobillərə daha çox təsir edə bilər”.

Azər Mehtiyev bildirib ki, indiki halda vətəndaşların haqlı narazılığının əsas səbəbi dünyada neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycanda yanacağın  bahalaşmasıdır:
“Söhbət artımı göstərən rəqəmin 2 qəpik olmasına baxmayaraq, həmin qəpiklərin yığılması hesabına toplanan 200 milyondan çox vəsaitdən gedir. Bu vəsait bütün hallarda əhalinin cibindən çıxacaq.

Mütləq qaydada nəqliyyat sahəsində qiymət artımı qaçılmaz olacaq. Eyni zamanda, inzibati qaydada qiymətin aşağı salınması və ya bunun qarşısının alınması göstərilən xidmətlərin keyfiyyətinin çox-çox aşağı düşməsinə gətirib çıxaracaq”.

Bu gündən qüvvəyə minən qərara əsasən yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...