Modern.az

“Xaricdəki tələbəmiz” - “Planım vətənə qayıdıb, cəmiyyətə müsbət dəyişikliklər qatmaqdır” - MÜSAHİBƏ

“Xaricdəki tələbəmiz” - “Planım vətənə qayıdıb, cəmiyyətə müsbət dəyişikliklər qatmaqdır” - MÜSAHİBƏ

Qarabağ

13 Yanvar 2015, 12:25


Modern.az
saytı “Xaricdəki tələbəmiz” layihəsini davam etdirir. Budəfəki müsahibimiz İngiltərənin York Universitetində   magistr təhsil alan Nərmin Rəhimlidir.

N. Rəhimli   1990-cı ildə Yevlaxda doğulub, ilk təhsilini doğulduğu kənddə və Mingəçevir şəhərindəki “Araz” kurslarında alıb. Sonra Qafqaz Universitetində bakalavr təhsilini uğurla başa vurub. 2010-cu ildən etibarən aktiv ictimai fəaliyyətlə məşğul olur, “Müsbət Dəyişiklik” Gənclər Hərəkatının həmtəsisçilərindən biridir. Hazırda Böyük Britaniya Xarici İşlər Nazirliyinin “Chevening” (Çivining)  təqaüd proqramı ilə York Universitetində “İctimai idarəetmə və İctimai siyasət”  ixtisası üzrə magistr təhsili alır.

Xaricdə təhsil almaq fikri necə yarandı?

- Təhsili daha keyfiyyətli sistemlərdə davam etdirmək və fərqli təcrübələri yoxlamaq istəyi orta məktəb illərindən var idi. Qafqaz Universitetini seçmə səbəblərimdən biri də bu idi. Daha sonra həm əmək bazarında yüksək rəqabətlilik, həm də güclü akademik mühitlərə olan daxili ehtiyac bu addımı qətiləşdirdi.

Böyük Britaniyanı seçmək təsadüfü oldu, yoxsa?..

- Təsadüflərə inanmıram. Xüsusilə, burada təhsilə başladıqdan sonra bu seçimin hikmətlərinə, müsbət dəyərinə daha çox əmin oluram. Əslində, təhsilimi Amerikada davam etdirmək arzusundaydım. Amerika universitetlərinə müraciətlə İngiltərə universitetlərinə müraciət arasında fərq odur ki, tələb olunan imtahan nəticələrini Amerikada müraciətlə eyni anda təqdim etməlisiniz, İngiltərədə isə müraciəti edib, imtahan nəticələrini tədris ilinə qədər təqdim edə bilərsiniz. Müəyyən səbəblərdən birinciyə sənədləri vaxtında çatdıra bilmədim və İngiltərəyə müraciət etdim.

Niyə məhz bura?

- Hazırda Britaniyada bu ölkənin Xarici İşlər Nazirliyinin “Chevening” təqaüd proqramı ilə təhsil alıram. “Çivininq”ə müraciət etməyimin əsas səbəblərindən biri bu proqramın təhsildən əlavə, dünyanın hər tərəfindən 40.000-dən çox məzunu olan geniş şəbəkəyə çıxış imkanı təqdim etməsi idi. Həm də təhsil alacağım sahə üzrə tarixi və dərin inkişaf təcrübəsi olan bir dövlətdə oxumaq da əlavə üstünlük idi. York Universitetini isə təqaüd proqramı arasında ölkə və dünyadakı reytinqlər baxımından daha münasib olması səbəbi ilə seçmişəm.


Yad ölkəyə necə uyğunlaşa bildiniz? “Culture shock”( xarici ölkəyə ilk vaxtlar gedəndə öyrəşə bilməmək) yaşadınız ?

-“Culture shock” heç yaşamadım, demək olar. Bəlkə də gəlməzdən özümü mənəvi olaraq hazırlamaşdım ona görə... Amma bəlkə də, daha çox Yorkun tarixi ab-havası, kiçik və sakit tələbə şəhəri olmasının da rolu var. Universitetin tələbələri dünyanın müxtəlif ölkələrindəndirlər, çoxmədəniyyətli bir əhval-ruhiyyə var. Şəhərin yerli əhalisi daha çox təqaüd yaşında olan insanlardır. Çox gülümsər, mehribandırlar. Xüsusilə, sözün hər mənasında müxtəlifliklərin xoş və dözümlü qarşılanması mühiti daha rahat edir. Məsələn, kampüsün bir otağında tələbələr parti üçün müxtəlif zarafatların, bəzən çox açıq, qara  ingilis yumorlarının (black jokes) yazıldığı kağızlar, maskalar hazırlarkən, digər otaqda müsəlman tələbələr onlar üçün ayrılmış otaqda namazlarını qılıb, ibadətlərini edə bilirlər.
Azərbaycan müsəlman ölkə olmağına baxmayaraq, universitetlərimizdə ibadət otaqları, demək olar ki, yoxdur. York Universitetinin 9 kolleci var və demək olar ki, hər birində “Prayer room” –ibadət otaqları var. Müəllimlərin bir çoxu də fərqlilikləri çox anlayışla qarşılayırlar. Məsələn, birinci rübdə dərslərimizin birində qrupda sadəcə 2 müsəlman idik. Müəllimimiz "həftədə bir dəfə görüşürük, o da akademik mühitdə, bir gün bir dərsdən kənar görüş təşkil edək" deyə e-mailə yazmışdı. Yer təklifləri yazarkən "yaxşı olar ki, dostlarımıza görə "pub" olmasın, hamının rahat hiss edəcəyi ortaq yer olsun" qeyd etmişdi. Təbii ki, biz "problem deyil, meyvə suyu olsun, yetər " cavabı yazmışdıq, amma bu sadə nəzakət çox müsbət təsir etmişdi. Belə nümunələr çoxdur  Uğurlu xanım yazarlarımızdan Nərmin Kamalın ifadəsi ilə desək, bu cəmiyyətdə hamı üçün stul var, heç kim stulun təkliyinə və sadəcə ona məxsus olmasına iddia etmə ehtiyacı hiss etmir...

Başqa ölkə və başqa mühit hansı çətinlikləriniz olub?

- Burada əsas çətinliyim “Günəş” idi. “Qızmar günəş altındakı bir cənub şəhərindən” gələn tələbə üçün payızın ortalarından etibarən günorta saat 4-də artıq qaranlıq axşam olmasına alışmaq çətin idi. Amma sonra günəşli vaxtda kitabxanaya gedib, Azərbaycan saatı ilə oradan çıxmaqla bu vəziyyətdən də az zərərlə çıxıb, alışdıq.  İnsan oğludur, beyni razı sala biləndə barışır hər çətinliklə.

Digər bir çətinliyim isə yerli əhalinin ingilis-dili aksenti ilə bağlı oldu, Yorkşayr (Yorkshire) bölgəsinin ləhcəsi İngiltərənin digər hissələrindən özünəməxsus tələffüz qaydaları, xüsusiyyətləri ilə seçilir. Bu çətinliklə mübarizədə əhalinin ünsiyyətçil və mehriban olması dadıma çatdı. Artıq daha asan anlaşırıq. 

Təhsil aldığınız universitetdə azərbaycanlı tələbələr var? Onların fəaliyyətlərini necə dəyərləndirərdiniz?

- Tanıdığım və aktiv olan 3 nəfərik. İki magistr və bir doktorantura tələbəsi. Əvvəllər York Universitetində “Azərbaycan cəmiyyəti” fəaliyyət göstərib. İndi tələbələrin sayının az olmasına görə cəmiyyət fəaliyyətini “Türk cəmiyyəti” (Turkish Society) ilə birləşdirib. Türk cumhuriyyətlərindən olan tələbələrlə birgə burada müxtəlif tədbirlər keçiririk. Açığı, təhsilim bir illik olduğu üçün proqram çox sıxdır, buna görə əlavə tədbirlərə çox vaxt qalmır, universitetdə keçiriləcək mədəniyyətlər gecəsinə hazırlaşırıq hazırda. Azərbaycanlı tələbələrin çox olduğu qonşu şəhərlərin universitetlərində xüsusilə, Mançester və Essex universitetlərinin aktiv Azərbaycan cəmiyyətləri var. 


- Azərbaycan təhsili  və İngiltərə  təhsili. Bunları fərqləndirərdiniz?

- İngiltərədə zəruri məlumatları analiz etmək qabiliyyətinin, analitik düşüncənin formalaşdırılmasına üstünlük verilir. Azərbaycanda tələbənin müəllimdən gözləntisi böyükdür və müəllim verdiyinin müəyyən miqdarını belə, imtahanda tələbədən almağa  razı olur. İngiltərədə magistr dərəcəsi üzrə təhsil alırsınızsa, müəllimlər sizdən verdikləri informasiyanın dəfələrlə çoxunu və kritik analizini tələb edirlər. 1 saatlıq mühazirənin oxu materialı çox zaman 100 səhifədən artıq olur. Magistraturada əsas fənlərin qiymətləndirilməsi daha çox akademik esselər üzərindən aparılır və azərbaycanlı tələbələr olaraq bizim ən çox əziyyət çəkdiyimiz nöqtə burada başlayır. Orta məktəbdə belə şablon inşaların istifadəsinə üstünlük verilən bir sistemdən, hər hansı mahnıda eşitdiyiniz bir ifadənin yazınızda əlaqəli istifadəsinə görə belə istinad göstərməyiniz tələb edilən akademik esse mühitinə düşürsünüz. Başlanğıcda çətin görünsə də, mövzunu araşdırdıqca, yazdıqca, alınan nəticədən zövq alırsınız və bir semestr boyunca dərsdən sizə nə qaldığını müəllimin qiymətindən öncə öz daxili hesabatınızda qiymətləndirə bilirsiniz. İngiltərə və Azərbaycan auditoriyalarının əsas fərqi ondadır ki, İngiltərə auditoriyasında mütləq həqiqət yoxdur. Məsələnin müxtəlif tərəfləri və sizin öz həqiqətinizi seçmək, əsaslandırmaqla təbii ki, hüququnuz var.

Müəllimlərlə tələbələrin münasibəti necədir?

- Təbii ki, yazılmamış sayğı, nəzakət qaydaları, daxili senzura hər cəmiyyət kimi İngiltərədə də keçərlidir. Amma iyerarxik yox, üfuqidir münasibətlər. 60-dan çox yaşı olan professorunuzla zarafat da edə bilərsiniz, eyni yolda velosipedlə gedə də. Başqa bir müəlliminizlə oturub ən şəxsi problemlərinizi də dostcasına müzakirə edə bilərsiniz, auditoriyada ciddi fikir ayrılığı ilə akademik müzakirə də edə bilərsiniz.

- İngiltərədə tələbələr auditoriyadan kənardakı vaxtlarını necə keçirirlər?

- Hər ölkədən gələn tələbə öz mədəniyyətinə uyğun...Həftəiçi auditoriyadan kənardakı vaxt demək, kitabxanadakı vaxt deməkdir. Cümə günü axşamdan etibarən isə qərbli tələbələrin əyləncə günləri başlayır. Partilər, müxtəlif gecələr və s. Eyni zamanda universitetin bir-birindən fərqli tələbə klubları var, asudə vaxtlarını bu klublarda, müxtəlif könüllü fəaliyyətlərlə keçirən tələbələr də çoxdurlar. Səyahət turları, müxtəlif idman müsabiqələri və s. də təşkil edilir.

- İngilislər  Azərbayacanı necə tanıyırlar? Ətrafınızda bizə qarşı hansı münasibəti hiss edirsiz və görürüsüz?

- Qatı futbol azarkeşləri “Atletiko Madrid”dən, gənc qızların bəziləri “Eurovision”dan tanıyırlar. Daha çox keçmiş sovet ölkəsi kimi tanınırıq, belə tanıyanlarla tanımayanlardan daha çox söhbət edirəm ki, müstəqil dövlət olduğumuzu çatdırım.


-
Siz sizinlə bərabər digər həmyerlilərimiz Azərbaycanı tanıtmaq üçün hanısa işləri görürüsünüz?

- Məncə, insan ölkəsini ən birinci və ən yaxşı öz fərdi nümunəsində tanıdır. İstənilən tədbir çox zaman unudulur gedir, amma hansısa insandan aldığınız təəssürat onun gəldiyi ölkə barədə də ilk düşüncənizi formalaşdırır. Buna görə dərslərimizi yaxşı oxumaq və qarşılıqlı münasibətlərdə yaxşı insan olmağa çalışmaq birinci işimizdir. Universitetdə keçirilən akademik tədbirlərdə də yaxından iştirak etməyə səy göstəririk. İctimai tədbirlərə gəldikdə isə dediyim kimi Türk cumhuriyyətlərdən olan tələbələrlə birgə xarici tələbə dostlarımız üçün tanıtım toplantıları, film gecələri təşkil edirik. Növbəti ayda keçiriləcək mədəniyyyətlər gecəsinə də hazırlaşırıq.

Yaşadığınız ölkənin hansı maraqlı adətləri var? Hansı özəllikləri diqqəti cəlb edir? 

- Burada noyabr ayı boyunca vətəndaşların demək olar ki, hamısı geyimlərinin üzərinə kağızdan hazırlanmış kiçik qırmızı lalələr sancaraq gəzirlər, bu,  Britaniya Kral Legionunun  (milli ordu) xatirəsinə və şərəfinə edilir.

Bundan başqa, əsasən noyabrın 5-dən etibarən bir həftə ərzində “Atəşfəşanlıq gecələri” (“Bonfire night”) qeyd edilir. Məşhur “V for Vendetta” filminə baxanlar bu adətlə bənzərliyi görə bilərlər, fərq odur ki, ingilislər filmin əksinə olaraq atəşfəşanlıqla “V”-nin məğlubiyyətini bayram edirlər.

Əsas diqqətimi çəkən müsbət özəllikləri ictimai yerlərdə marketlərdə, nəqliyyat vasitələrində, mağazalarda, “salam”, “sağol”, “bağışla/soryy” kəliməsinin və “təbəəsüm”ün addımbaşı istifadəsidir. Deyəsən, “Təbəssüm sədəqədir” məsləhətinə bizdən daha çox inanırlar.

Sevmədiyim xüsusiyyətləri məşhur cümə və şənbə gecələri erkən saatlardan əyləncəyə başladıqlarından küçədə, ictimai yerlərdə səsli-küylü, narahat edici davranışlar sərgiləməkləridir. İngiltərə böyükdür, amma ən azından Yorkda belədir. Amma içkisiz-filansız həftənin yeddi günü belə davranışlarla qarşılaşa bildiyimiz cəmiyyətdən gəldiyim üçün asan bağışlayıb, bunu da keçirəm İngiltərənin təbəssümlü üzünə...


- Asudə vaxtınızı necə keçirirsiniz?

- Dərs cədvəlim imkan verdikdə başqa şəhərlərdə olan dostları və şəhərlərin özünü ziyarət etməyə çalışıram. Dostlar da qonaq gəlirlər. İmkan olduqda yeni öyrəndiyim,  dövlətlərin uğurlu olduqları müxtəlif sahələr üzrə dərslərdə müzakirə etdiyimiz praktiki təcrübələriylə (case study) bağlı öz dilimizdə bloq postlar yazmağa çalışıram. Akademik mühitdə məşhur məqalələrdən üzərində işlədiyim tərcümələr də var. Dərslər zamanı isə gündəlik idmanla məşğul olmağa, ən az 40 dəqiqə 1 saat qaçmağa çalışıram. Bir də arada darıxdığım milli dadları bişirirəm.

Heç yorulub ölkəmizə qayıtmaq istəmisiniz?  

- Yorulmaq yox, darıxmaqdan olub, Bakıda da az yorulmurdum çünki. Amma həmin dəqiqə gözümdə canlandırıram ki, darıxdığım məsələləri bir-iki saatlıq bir görüş, danışıq həll edəcək, sonra evə gedib, indi də oxumaq istəyəcəm. Necə ki, əvvəl belə idi. Ona görə müvəqqəti məsələ kimi yanaşıb özümü motivasiya edirəm. Eyni ürək, eyni beyin olduqdan sonra istər vətən, istər dünyanın hansısa bucağı, çox da bir şey dəyişmir, məncə, bilirsən ki, müvəqqətidir .

İngiltərəlilərin əsas məşğuliyyətləri nədir?

- Əvvəl də qeyd etdiyim kimi, təhsil aldığım Yorkun əhalisi tələbələrdən başqa əksərən təqaüdçülərdir. İşləyənlər daha çox dövlət və özəl sektorlarda xidmət sahəsində çalışırlar. Buna görə də Vikipediya məlumatından fərqli, xüsusi bir informasiya verə bilməyəcəm.

- Xaricə gedən tələbələr Azərbaycana qayıtmaq istəmir. Bəs siz? Gələcək planlarınız nədir?

- Azərbaycandan ayrı uzunmüddətli heç nə planlamıram. Amerikada təhsil arzumu reallaşdırmaq planım da var, bir az tez, bir az gec. Amma nəticə olaraq, mütləq vətənə qayıtmaq, öyrəndiklərimi tətbiq etmək və cəmiyyətə müsbət dəyişikliklər qatmaqdır planlarım. Kiçik bir icmada, bir auditoriyada, yoxsa, daha geniş miqyasda, bunu zaman göstərəcək. Amma hər bir halda görəcəyim işin ictimai faydasına inanmalıyam. 

Sizin kimi İngiltərədə təhsil almaq istəyən gənclərimzə məsləhətləriniz...?

- Gəlmək üçün birinci dil imtahanını təxirə salmadan versinlər. İngiltərədə təhsil almaq üçün Çivininq, Erasmus, “Xaricdə Təhsil üzrə Dövlət Proqramı” kimi proqramlarla yanaşı, bir çox digər təqaüd proqramları, universitetlərin özlərinin təklifləri də var. Ruhdan düşmədən çalışsınlar. Qəbul olduqdan sonra isə özlərini az günəşli və yağışlı havaya, xüsusilə, bundan təsirlənmədən kitabxana həyatına hazırlasınlar. Təyyarədən enəndə birinci gülümsəsinlər və “bir və ya iki il bir yerdəyik, İngiltərə, salam aleyküm!” deyib, yollarına davam etsinlər, arxası özü gələcək.



Məltəm TALIBZADƏ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu