“Ümumilikdə bütün sahələrdə qiymət artımı bu sahədən də təsirsiz ötüşmür. Eyni zamanda qlobal olaraq tütün və tütün məmulatları, tütünlə bağlı bütün qeyri-tütün məhsulları, məsələn filter kağızı, filterin özü, siqaret kağızı və s. kimi xammalın qiyməti durmadan artır. Onların qiymətinin artması təbii ki, ümumilikdə tütünün qiymətinin artırılmasına gətirib çıxarır”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycanda siqaret satışını həyata keçirən ən böyük şirkətdən - JTİ-dən deyiblər.
Azərbaycanda tütün və tütün məhsullarının qiymətlərinin artırılmasına gəlincə, şirkətdən qeyd edilib ki, bu, onlar tərəfdən verilən qərarla müəyyən olunmur:
“Qiymət artımı bizim qərarla deyil, bazarın diqtəsilə müəyyən edilir. Hazırda qiymət artımı ilə bağlı konkret təkliflər və ya plan yoxdur. Amma qlobal olaraq prosesin gedişi göstərir ki, tütün və tüütn məmulatlarının qiyməti bütün ölkələrdə artır.
Hətta bu, tendensiya halını alıb. Bildiyiniz kimi burada müxtəlif faktorlar var. Bura dövlətin fəaliyyəti, o cümlədən gənclərin və yeniyetmələrin tütün və tütün məhsullarından istifadəsinə məhdudiyyətin qoyulması və s. aid edilir. Müəyyən yaş qrupunun tütünə çıxışının qarşısının alınmasının ən effektiv üsullarından biri də qiymət artımıdır. Bu zaman siqaretin həmin təbəqəyə daha az əlçatan olması əsas götürülür”.
Gülşən RAUFQIZI