“1 il 2 ay bundan öncə, 2013-cü il dekabrın əvvəllərində benzinin qiyməti qaldırılanda, aidiyyəti qurumlar bunu əsasən dünya bazarında neftin qiymətinin xeyli artması ilə izah edirdilər. 2014-cü ilin ikinci yarısından başlayaraq dünya birjalarında neftin qiyməti “Azəri-Layt” markalı neft üçün 113 dollardan tədricən 50 dolların ətrafına düşüb. Ona görə də cəmiyyətdə belə bir fikir, gözlənti var idi ki, əgər neftin qiyməti qalxanda benzinin də qiyməti qaldırıldısa, indi neftin qiyməti kəskin surətdə aşağı düşdüyü şəraitdə benzinin qiyməti də aşağı salınmalıdır”.
Bunu Modern.az-a açıqlamasında İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli yanacağın bahalaşmasına münasibət bildirərkən deyib: “Əslində benzinin qiymətinin strukturuna baxanda görmək olar ki, dünya birjalarında neftin qiymətinin artıb-azalmasının Azərbaycanda istehsal olunan benzinin qiyməti ilə birbaşa əlaqəsi azdır. Çünki benzinin maya dəyərində neftin qiyməti azlıq təşkil edir. Benzinin qiymətində istehsalçıya çatan mənfəətdən daha çox, dövlətə çatan vergi, aksiz və sair öz əksini tapıb. Ona görə də 2013-cü il dekabrın əvvəllərində aidiyyəti qurumlar benzinin qiymətini qaldıranda bunu əsasən dünya bazarında neftin qiymətini əsas gətirərək etdiklərini bildirəndə, biz Azərbaycan üçün bunun yersiz olduğunu bildirmişdik”.
Deputat qeyd edib ki, benzinin qiymətinin budəfəki artımı Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlıdır: “Həmin dəyişikliklərə görə fiziki şəxslərin avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlətə birdəfəlik pul ödəyirdilərsə, yeni qaydaya görə həmin pulu ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi vasitəsilə ödəyəcəklər.
Yol vergisinin yanacağın qiymətinə daxil edilməsi nəticəsində verginin ödənilməsi və yığılması prosesində illik vergi bir dəfəyə deyil, hər dəfə yanacaq alınan zaman hissə-hissə ödənilir, hüquqi şəxslər tərəfindən vergi orqanlarına yol vergisi bəyannamələrinin təqdim olunması ləğv edilir və bu üsulla verginin tam yığılması təmin olunur”.
Ekspertin sözlərinə görə, göstərilənlər nəzərə alınaraq, Tarif (qiymət) Şurasında müvafiq qərar qəbul edilib və yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.
Amma bu məsələnin bir tərəfidir. Yəni yol vergisinin yığılma qaydası dəyişdirildi, birdəfəlik ödənişdən benzinin qiymətinə 2 qəpik əlavə edilməklə yığım variantına keçildi. Bundan büdcəmiz nə itirir, nə də əlavə bir şey qazanır, büdcə, sadəcə yığımın etibarlılıq dərəcəsinin artmasından qazanır ki, hazırkı durumda bu çox vacibdir”.
Əli Mənsimli bildirib ki, məsələnin digər tərəfindən doğan gözlənti isə ondan ibarətdir ki, əgər aidiyyəti ı qurumlar 2013-cü ilin dekabrında dünya bazarında neftin qiymətinin qalxmasını əsas gətirərək, ölkədə benzinin qiymətini artırmışdılarsa, bəs indi neftin qiyməti kəskin surətdə aşağı düşəndə benzinin qiyməti niyə aşağı salınmır: “Məsələ ondadır ki, 2015-ci ilin büdcəsində neftin qiyməti 90 dollar götürülüb, amma indi dünya bazarında onun qiyməti 50 dolların ətrafındadır. Təbii ki, bu hal büdcədə müəyyən gərginlik yaradır.
Belə getsə, həmin prosesin davamlılıq müddətindən asılı olaraq büdcənin neftdən gələn gəlir hissəsində azalma olacaq. Yəni hazırkı durum bir ay davam etsə, neft sahəsindən gözlənilən aylıq gəlir təbii surətdə 88 milyon manat azalaraq 192 milyon manatdan 104 milyon manata, 3 ay davam etsə 265 milyon manat azalıb, 575 milyon manatdan 310 milyon manata, 6 ay davam davam etsə 530 milyon manat azalaraq 1150 milyon manatdan 620 milyon manata enəcək.
Bu vəziyyət 6 ay davam etsə, büdcə gəlirlərinin cəmi 2,6 faiz azalmasına gətirib çıxara bilsə də, arzu edək ki, tezliklə neftin qiyməti proqnozlaşdırılan səviyyəyə - 90 dollara çatsın və büdcəmiz heç həmin itkilərə belə məruz qalmasın”.
Əli Məsimlinin fikrincə, dünya iqtisadiyyatında gedən proseslərin məntiqinə uyğun surətdə hökumət həmin pessimist variantın ssenarisinin büdcəyə təsirini azaltmaqdan ötrü müxtəlif manevrlər edir: “Onlardan biri də Vergi Məcəlləsinə əlavə və dəyişikliklər etməklə büdcəyə əlavə vəsait cəlb edilməsidir. Belə gərgin bir şəraitdə hökumət neftin qiymətinin aşağı düşməsinin məntiqi davamı kimi benzinin qiymətini də aşağı salmaqla büdcə gəlirlərinin mühüm mənbələrindən birində azalmaya getmək istəmir. Çünki əks halda həmin azalma hökumətin 2015-ci il büdcəsi çərçivəsində əhali qarşısında götürdüyü sosial öhdəliklərin yerinə yetirilməsinə heç bir təsir göstərməsə də, 2015-ci ildə nəzərdə tutulan bir sıra layihələrin icrasının bir qədər ertələnməsinə səbəb ola bilər. Amma bu ssenari qısa müddət üçün özünü doğrulda bilər.
Bununla belə, həmin sualın izahı açıq qaldıqca, narazılıq da qalacaq və ona görə də aidiyyəti qurumlar həmin suala açıqlama verib aydınlıq gətirsələr, daha yaxşı olar. Bu zaman orta müddət üçün onu da nəzərə almaq faydalı olar ki, iqtisadi fəallığı artırıb büdcəyə konkret mənbədən nəzərdə tutulduğundan daha çox vəsait cəlb etmək mümkün olur. Məsələn, artıq bir sıra ölkələrdə benzinin qiyməti aşağı salınır və bu həmin ölkələrdə daşınma xərclərini azaldaraq iqtisadi fəallığa müsbət təsir göstərir. Azərbaycan da bu üsuldan yaradıcılıqla, bacarıqla və səmərəli istifadə etməklə benzinin qiymətini aşağı salıb, iqtisadi fəallığın artması hesabına dövlət benzinin qiymətinin aşağı salınmasından itirdiyindən qat-qat artıq əlavə gəlir götürə bilər”.
Gülşən RAUFQIZI