Özbəkistan təəssüratlarımın əks olunacağı məqaləyə təsadüfən belə bir ad qoymamışam. “Əkə” özbəklərin ən çox istifadə olunan etiket sözüdür – böyük qardaş mənası daşıyır . “Rəhmət” sözü isə bizim dilə “sağ ol” kimi tərcümə olunur. Səfər boyu bütün qonaqlara olduğu kimi mənim də ünvanıma deyilən bu sözü əlbəttə yaddan çıxartmaq olmazdı. Elə mən də hər imkan düşdükcə Özbəkistanı bizə tanıdan özbək həmkarlarıma da qarşılıqlı olaraq bu ifadə ilə müraciət edərək minntədarlığımı bildirirdim.
Bəri başdan onu deyim ki, bu səfərdən qısa müddət əvvəl 3 Avropa ölkəsində olmuşdum. Amma heç birində Özbəkistandakı kimi ciddi təəssüratlar əldə edə bilməmişdim. Özbəkistan kimi ölkələrə səfər edəndə o qədər təəssürat bolluğu yaşayırsan ki, nəql eləməyə haradan və necə başlamaq barədə qərar verməyə çətinlik çəkirsən. İndi bu cümlələri aramla sıralayanda da mən oxşar hissləri keçirirəm.
İlk ünsiyyət isə gözlənilməz başladı. Daşkənd hava limanına ayaq basar-basmaz bizi müşayət edəcək özbəkistan mətbuatının təmsilçisi mənə narazılığını bildirdi:- “ Axı siz niyə bir millət iki dövlət deyirsiniz ?!” .Əvvəl onun nəyə eyham vurduğunu sözün doğrusu başa düşmədim. Lakin sonra qısa arayışından sonra anladım ki, o, Azərbaycanla Türkiyə münasibətləri haqqında deyilən bu fikrin niyə Özbəkistana da aid edilməməsini məndən soruşur. Səfər çərçivəsində əməlli başlı dostlaşacağım Şükrətcan deyir ki, axı bizim də sizinlə adət-anənələrimiz , xasiyyətimiz , musiqimiz, mətbəximiz, memarlıq , hətta müəyyən mənada dilimiz də çox oxşardır. Yarı zarafat, yarı ciddi formada deyilən bu sözə mən də elə eyni qaydada cavab verdim : - Sən elə qəbul elə ki, biz 1 millət , 3 dövlətik . Mən şahidlik edirəm ki, gələcəkdə daha geniş yayılacaq bu yanaşmanın ideyasın məhz ilk sən verdin ! Şükratcan əlimi sıxdı və səfər boyu dəfələrlə eşidəcəyim o sirli kəlməni ilk dəfə işlətdi : - Rəhmət , əkə !
Beləliklə , mən , Şükratcan və Azərbaycandan gələn daha bir həmkarım İlqar Vəlizadə ilə ilk dəfə səfər etdiyimiz Özbəkistanı kəşf eləməyə başladıq . Başlanğıc nöqtəmiz paytaxt Daşkənd oldu. Bu şəhər haqqında çox danışmaq olar. Səmimi desəm bu ölkəyə səfər etməmişdən əvvəl elə düşünürdüm ki, bu ölkədə həyat tərzi digər əksər Mərkəzi Asiya ölkələri kimi sovetlər dövrünü xatırladır. Amma yanıldığımı paytaxt Daşkəndi görəndən sonra başa düşdüm. Uzun və işıqlı küçələr , yeni tikilmiş və tikilməkdə olan müasir binalar , gülərüz özbək gəncləri . Bu xoş təəssürat məni səfər boyunca müşayət etdi. Üstəgəl uzun Daşkənd yollarında şütüyən ağ rəngdə maşınlar diqqətimizdən yayına bilməzdi. Məsələ burasındadır ki, Özbəkistanda yerli maşınqayırmanın inkişafına əlahiddə münasibət var. Yəni 4 təkərli dost almaq istəyənlər ilk olaraq yerli maşınqayırma sənayesinin məhsullarına üz tutmağa sövq edilirlər. Koreyanın Daevo avto kompaniyası uzun müddətdir Özbəkistanda bu sahədə çalışandan sonra , bütün biznesini amerikalılara satır . İndi ABŞ-ın “Chevrolet” şirkəti bu sahədə söz sahibidir. Maraqlısı isə odur ki, “Daevoo” Özbəkistandan getsə də , onun “Lacetti” ,“Nexia” və “ Matiz” kimi modelləri indi “Chevrolet” brendi altında özbək sürücülərinə təqdim olunur . Maşınların əksəriyyətinin ağ rəngdə olması ilə bağlı sualıma isə səfər boyu təəssüfki cavab tapa bilmədim.
Özbəklərin bir xüsusiyyəti isə məni yaman xoş hal etdi . Bu xalq öz tarixi abidələrinə göstərdiyi münasibətə görə bəlkə də dünyada ilk sıralarda yer almalıdır. Yeni dostlaşdığımız Şükratcan deyir ki, Daşkənd nə qədər yenilənirsə , mədəni abidələrə olan qayğı da ikiqat artır. Orta əsrlərdən etibarən Özbəkistan həmişə bölgənin əsas beynəlxalq nəqliyyat mərkəzi olub. Hələ nəzərə alaq ki, 1917-ci il inqilabı zamanı baş vermiş vandalizmdən və 1966-cı il zəlzələsindən sonra şəhərdə mövcud olan bənzərsiz memarlıq abidələrinin çox hissəsi məhv olub. Bununla belə Özbəkistanda hər addım başı tarixi abidə var. Şəhərin bəzi qədim binalarının və abidələrinin yerləşdiyi şəhərin qərb hissəsinə yola düşdük. Maraqlı binalardan biri, XVI əsrdə inşa olunmuş Kukeldaş Mədrəsəsidir. Bu tikili Kaffali Şaş movzoleyi kimi də tanınır və ondan muzey kimi istifadə olunur. Burada yerləşən Qəst-İmam tikilisinə isə qeyri-müsəlmanların girişi qadağandır, digər ziyarətçilər isə bura giriş üçün əvvəlcədən icazə almalıdırlar. Hesab eləyək ki, bizim bəxtimiz gətirdi. Abidəyə baxmaq üçün heç kəsdən icazə almağa ehtiyat olmadı. Bu əsrarəngiz tarixi abidəni ziyarət etdikdən sonra yollandıq özbəklərin qürur mənbəyi olan , deyilənə görə cəmi 8 aya tikilən
Əmir Teymurun və ümumilikdə Teymurilərin şəhərdəki ən böyük muzey kopleksinə . Burada Özbəklərin ən məhşur sərkərdəsinin həyat və fəaliyyəti , bütün hərbi səfərləri , geyimlərindən tutmuş oxuduqları kitablara qədər hər şey qorunub saxlanılır. Yalnız onun qəbrindən savayı . Bunun üçün “Şərqin mirvarisi”-nə səfər etmək lazımdır ki, biz düşünmədən belə bir səfərə razılıq verdik. Baxmayaraq ki, bu tarixi şəxsiyyətin məzarı ilə bağlı heç də xoş olmayan rəvayətlər , real faktlar var. Biz növbəti gün bu tarixi, əsrarəngiz yeri ilk dəfə öz gözlərimizlə görməyə hazırlaşırıq
Ardı var ....
Ayaz Mirzəyev