“Azərbaycanda aqrar sahə neftdən sonra həmişə ikinci sayılıb. Bütün dövlərdə də ölkəmiz bu sahənin inkişafına görə ilk sıralarda olub.
Prezident İlham Əliyevin 2015-ci ili kənd təsərrüfatı ili elan etməsi təsadüfi deyil, baş verə biləcək ərzaq təhlükəsizliyinin qarşısını əvvəldən almaq üçündür. Buna görə də prezident aqrar sahənin inkişafına diqqətin artırılmasını tapşırdı.
Cənab prezident dünya məlum böhran səbəbindən bəzi idxal olunan məhsulların alınmasını təmin edə bilməmək ehtimalını əsas tutaraq 2015-ci ili kənd təsərrüfatı ili elan etdi”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisi Aqrar siyasət komitəsinin sədr müavini, “Azərittifaq”ın prezidenti Eldar Quliyev Rusiyada baş verən böhrandan sonra Azərbaycan məhsuluna artan tələbatı necə dəyərləndirəcəyini şərh edərkən deyib.
O qeyd edib ki, bu il ərzində fermerlərə, iş adamlarına daha yaxşı şərait yaradılacaq: “Bu, həm məhsuldarlığın artırılmasına, həm daxili tələbatın təmin edilməsinə, həm də xaricə daha çox məhsul çıxarılmasına gətirib çıxaracaq.
Rusiya böyük dövlətdir və Azərbaycan üçün böyük bazardır. Biz bunun fərqindəyik. Ölkə iqtisadiyyatında son zamanlar baş verənlər artıq bazarda müəyyən məhdudiyyətlərə gətirib çıxarıb. Amma hələlik Azərbaycanla Rusiya arasında hər hansı bir çətinlik yaranmayıb. Qarşı tərəf ödəmələrdə gecikdirmə etməyib.
Sonrakı mərhələdə necə olacağı barədə isə proqnoz vermək çətindir. Çünki prezident özü də dedi ki, bu il dünya üçün ağır il olacaq”.
Deputat bildirib ki, ölkəmiz yaranmış vəziyyətdən mümkün qədər istifadə etməyə çalışacaq: “Şimal qonşumuz bizim üçün böyük bazardır və biz bundan istifadə edəcəyik. Özümüzü təmin etməklə bərabər, məhsullarımızı Rusiya, eləcə də digər ölkələrə ixrac edəcəyik. Rusiyada baş verənlər onların daxili işidir. Biz Rusiya bazarında Azərbaycan məhsuluna artan tələbatı qarşılamağa və öz xeyrimizə istifadə etməyə çalışacağıq. Bir şərtlə ki, ödəmələrdə problem olmasın”.
Gülşən RAUFQIZI