Modern.az

Azərbaycanın məşhurları Avropa Oyunları üçün elçilər seçildilər

Azərbaycanın məşhurları Avropa Oyunları üçün elçilər seçildilər

Təhsil

14 Yanvar 2015, 09:54

Azərbaycanın ən məşhur incəsənət nümayəndələrinin bir neçəsi bu yay keçiriləcək İlk Avropa Oyunları üçün Ulduz Elçilər olacaqlar.

Modern.az xəbər verir ki, Muğam Mərkəzində keçirilən təqdimat tədbirində musiqi, televiziya və incəsənət dünyasından 13 nəfər ulduzun adı açıqlanıb.

Sözügedən ulduzların sırasına müğənnilərdən Tünzalə Ağayeva, Röya, “Eurovisia” mahnı yarışmasının qalibləri Eldar Qasımov və Nigar Camal, Miri Yusif, komediya aktyorlarından Bəhram Bağırzadə, Rafael və Coşqun, Tahir və Cabir İmanovlar və musiqiçilərdən DJ Shock daxildir. Tanınmış aparıcılar Murad Dadaşov və İlkin Həsəni də bu sıraya aiddir.

Gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib: “Əminəm ki, bizim ulduz elçilərimiz azərbaycanlı gənclər arasında böyük həyəcan yaradacaq və daha çox insanı oyunlara cəlb edəcək”.

Adıçəkilən proqram ulduz elçilərin iyun ayının 12-də başlayacaq idman tədbiri haqqında müraciətlərini və mesajlarını bölüşmək məharətindən istifadə etməklə Bakı 2015 Avropa Oyunlarının Azərbaycan və Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq.

İştirakçılar Bakı 2015-in obyektlərinə baş çəkmək, gerisayım tədbirlərində iştirak etmək, kampaniyaları dəstəkləmək və öz sosial media kanallarından istifadə etməklə milyonlarla pərəstişkarları arasında Oyunların təbliğ olunmasına kömək göstərəcəklər.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. 

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu