jurnalist, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü
Tale elə gətirdi ki, orta məktəbdə birgə oxuduğumuz sinif yoldaşlarımdan biri ilə Azərbaycan Dövlət Universitetində də təhsilimizi davam etdirdik – o jurnalistika, mən isə şərqşünaslıq fakultəsində. Sonra isə “Bakı” qəzetində bir redaksiyanın əməkdaşları olduq. Yusif Kərimovdan çox şey öyrənirdim: xəbər, zarisovka, reportaj, tənqidi məqalələr yazmağı. Ancaq nəinki mən, digər əməkdaşlar onun qələmi kimi oçerklər yazmağa nail olmadılar. Əməkdar jurnalist Yisif Kərimovun çox rəvan, axıcı bir dillə yazmış olduğu, danışıq dilinə yaxın arxaik sözlərlə zəngin oçerklərini oxuduqca zövq alırdım. “Nə olaydı mən də belə oçerk yaza biləydim”- deyə düşünürdüm.
Bəlkə yaza bilərdim, amma ehtiyac da olmurdu. Bu günlərdə isə bir dostum haqqında oçerk yazmaq fikrinə düşdüm.
Oçerk yazmaq indi dəbdə deyil, sanki bu janr unudulur. Unudulur deyəndə, onu yazmaq çətin olduğu üçün heç kim buna girişmir.
Həmsöhbətim Rusiyada, Türkiyədə, bir sözlə, Avropada çox tanınmış şərqşünas alim Tofiq Məlikli idi.
Biz dost idik, qardaş kimi olmuşduq. Zarafatyanı ona dedim ki
- Tofiq, sənin haqqında oçerk yazmaq dikrinə düşmüşəm, yazsam, qonaqlıq verərsənmi?
-Yazsan yox, yazmasan – hə.
Məncə, təvazökarlıq edirdi. Bununla belə ürəyimə xal düşdü. Bəlkə o da duymuşdu ki, məndən oçerk yazan çıxmaz.
Fikrimdən dönmədim.
20 yanvar hadisələrinin 25 illiyi ərəfəsində onun rəhbərlik etdiyi “Ocaq” cəmiyyətinin o qanlı gecədək fəaliyyətinin işıqlandırmaq istəyirdim. O dəhşətli xəbərdən sonra Moskvada yaşayan bütün həmyerlilərimiz kimi “Ocaq” fəalları da dərhal gecənin yarısında Azərbaycanın Moskvadakı səfirliyinə toplaşdılar. Təşkilat komitəsi yaradıldı. Səhərə yaxın səfirliyə gələnlərin sayı-hesabı yox idi. Onlar Tver küçəsi ilə Kremlə doğru yürüş etdilər. Bu çox təhlükəli addım olsa da, baş tutdu. Yürüş sonda mitinqlə, Qorbaçova ünvanlanmış qətnamə qəbulu ilə yekunlaşdı. Çifayda! O adı batmış vecinə aldımı? Ona ən güclü zərbəni həmin gecə ümummilli liderimiz Heydər Əliyev cəsarətli bəyanatla vurdu ...
Nə isə, masa arxasına keçdim, bildiyim faktlari götür-qoy etdim. Tələbə dostum kimi tanıdığım Tofiq 1966-cı ildə Moskvaya gedəndən sonra ilahi, necə böyük titullara sahib olmuşdu! Faktlar əlimdə idi.
Bir neçə vərəq doldurdum. Yazdıqlarım xoşuma gəlmədi. Vərəqləri cırıb atdım. Ertəsi gün də yazdıqlarımın taleyi belə oldu. Yadıma mənim və Tofiqin dostumuz, rəhmətlik şair David Nəsibin sözləri düşdü: “Mən şeir yazanda hərdən 50-100 qram araq vururam, sonra cuşa gəlirəm”.
Mən də belə etdim. Əlli nədir, yüz nədir, keçdim iki yüzə, üç yüzə, bir az da artığa. Nə edim ki, ilhama gələ bilmədim.
Tofiq, əzizim, yaza bilmədim, sənə layiq təmtəraqlı sözlər, bədii ifadələr tapa bilmədim! Yaza bilmədim, Tofiq, yaza bilmədim. Sənin haqında tərtib olunmuş “Qaralamasız yaşanan ömür” kitabından köçürdüyüm qaralama sətirlər bunlar oldu.
“Türkü türkə tanıdan türkoloq” məqaləsinin müəllifi, filologiya elmləri doktoru, professor Əsgər Rəsulovun yazdıqlarından :
-Atası Davud kişi də, anası Yəmən xanım da, ömür-gün yoldaşı Elmira bacı da, qızı Aytən də ixtisasca həkimdirlər. Bu qədər doktor içində doktor olmamaq mümkün deyildi və Tofiq Məlikli də doktor oldu: tibb doktoru yox, filologiya elmləri doktoru. Professor elmi dərəcəsi aldı, “Əməkdar elm xadimi”, “Türk Dil Qurumunun fəxri üzvü” şərəfli adlarına layiq görüldü.
Filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Yaşar Qarayev :
-Tofiq Məlikli müxtəlif ölkələrdə - Rusiyada, Türkiyədə, Almaniyada və onlarca başqa ölkədə Azərbaycan ədəbiyyatını və mədəniyyətini təbliğ edib.
Dəfələrlə dediyim sözləri bir daha təkrar edirəm: “Tofiq hardadırsa – Azərbaycan ordadır.”
Rusiya Elmlər Akademiyasının akademiki Evgeniy Çelışev:
-Bizim türkologiya elmimizin poblemlərini fəal tədqiq edən və yeni-yeni nailiyyətlərə sahib olan Tofiq Məlikli elm fədaisidir. Ona dəfələrlə məsul praktiki vəzifələr təklif olunub. O isə bu yoldan dönməyib.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar :
-Üç telli saz olduğu kimi üç telli söz də varmış. Moskvada yaşayan görkəmli Azərbaycan alimi, türkoloq, filologiya elmləri doktoru, professor, şair və tərcüməçi Tofiq Məliklinin Bakıda nəşr olunan toplusu (T. Məliklinin 70 illik yubileyi münasibətilə nəşr olunan kitab. – M.A.) bunu sübut edir. Kitab Azərbaycan dilində, Türkiyə türkcəsində və rus dilində yazılmış məqalələrdən ibarət olduğu üçün deyil, həm də müəllifin bu üç mədəniyyətə xidmət etdiyinə görə belə adlandırılmağa layiqdir.
... Belə rəylər, ürək sözləri çoxdur. Hələ Türkiyənin, Fransanın məşhur şair və yazıçılarının rəyləri! Heyif ki, Azərbaycan oxucusu Tofiq Məlikli yaradıcılığına tam bələd deyil, o öz doğma diyarında lazımınca tanınmır. Kimdir günahkar? Biz jurnalistlər. O öz elindən təxminən 50 ilə yaxın ayrı düşüb. Arayıb axtarmırıq. Mən dörd samballı monoqrafiyanın, türkcədən ruscaya və ruscadan türkcəyə çevirdiyi onlarca şeir kitabının müəllifi, çoxlu beynəlxalq qurultayın, mötəbər konqresin iştirakçısı haqqında oxunaqlı oçerk yazmaq istəyirdim. Alınmadı.
Gənc yazarlara səslənirəm: bəlkə oçerk janrını siz gündəmə gətirəsiniz, türkə türk dilini, rusa ruscanı öyrədən azərbaycanlı oğullardan biri olan Tofiq Məlikli kimilərini siz arayıb qiymətləndirəsiniz?!
P.S. Tofiq, əzizim, oçerkimi istədiyim səviyyədə sənə layiq şəkildə yaza bilmədim. Bəlkə də bu dostluq və qardaşlıq münasibətimizdən oldu. Ümidimi itirmirəm, sağlıq olsun! Şair Fikrət Qoca sənə ithaf etdiyi şeirdə deyildiyi kimi:
Tofiq, bundan sonradır
əsil ömür-gün hələ ...
Yaşa, qardaşım, yaşa,
Lap çatsan da yüz yaşa!