Modern.az

“Avropa siyasətçiləri mediaya çağırış etməkdən qorxurlar”

“Avropa siyasətçiləri mediaya çağırış etməkdən qorxurlar”

Təhsil

14 Yanvar 2015, 13:30

Yanvarın 7-də  Məhəmməd peyğəmbərin karikaturasını çəkib yayımladığı üçün “Charlie Hebdo” jurnalının Parisdəki redaksiyasında terror hadisəsi törədildi. Baş  verən faciədə redaktor da daxil olmaqla, 12 nəfər öldürüldü, 11 nəfər isə yaralandı.

Bu hadisə bütün dünya ölkələrində etirazla qarşılandı. Günlərdi davam edən müzakirələrdə hadisənin yeni məqamları ortaya çıxır.

Əlbəttə, bütün ölkələrdə hadisəyə birmənalı yanaşma olmadı.

Müsəlman ölkələrində düşünürlər ki, Məhəmməd peyğəmbərin karikaturasının adıçəkilən jurnalda yayımlanması müsəlmanların hissləri ilə oynamaq, onları radikal addımlar atmağa yönəlib. Avropa ölkələrində isə bunu normal, yəni  mətbuat azadlığı kimi qəbul edirlər. “Charlie Hebdo”nun bu bugünkü yeni sayının üz qabığında yenidən Məhəmməd peyğəmbərin karikaturası verilib.Gözü yaşlı təsvir edilən Məhəmməd peyğəmbərin “Mən Charlieyəm” devizini tutur. 16 dildə, 3 milyon ədəd çap olunacaq jurnala Fransadan başqa dünyanın bir çox bölgəsində tələbat olduğu bildirilir. Bu isə belə fikir yürütməyə əsas verir ki, sanki bununla yenidən müsəlmanların hisslərinə toxunulur. Ona görə bundan sonra da Fransada, yaxud digər Avropa ölkəsində müsəlmanların növbəti radikal addımlar atacağı istisna olunmur. Ən maraqlısı odur ki, terror təhlükəsi sovuşmasa belə, Fransada, eləcə də Avropanın digər ölkələrində söz, mətbuat azadlığı olduğunu iddia edənlər müsəlmanların qəzəbinə səbəb ola biləcək bu cür addımlardan mətbuat orqanlarını vaz keçməyə çağırmırlar.

“Terror aktının törədilməsi Məhəmməd peyğəmbərin  karikaturası yox, İŞİD liderinin karikaturası ilə bağlı oldu. Avropada hazırkı vəziyyətlə bağlı mediaya çağırış etmək və onlardan müsəlmanların hisslərinə toxunmamağı tələb etmək qəbul olunmaz haldır”.

Bunu Modern.az saytına baş verən hadisələri ətraflı şərh edən “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib.

Onun sözlərinə görə, “Charlie Hebdo”  jurnalı  yalnız müsəlmanlar haqda yox, demək olar bütün dinlərlə, siyasətçilərlə bağlı karikaturalar yayımlayır. Mərkəzin rəhbəri qeyd edib ki, baş verən terror hadisəsinin məğzi ictimaiyyətə düzgün çatdırılmayıb və jurnal Məhəmməd peyğəmbərin karikaturasını neçə il əvvəl yayımlayıb. Bu, yenilik deyildi.

Ərəstun Orucov Avropada siyasətçilərin istənilən mediaya çağırış etməkdən qorxduqlarını da qeyd edib: “Bunu edən siyasətçi medianın tənqidinə tuş gəlir və söz, mətbuat azadlığına qarşı çıxmış olur. Siyasətçilərin buna reaksiya verməməsi müsəlmanlara qarşı əks fikir yaratmaq, yaxud onları alçaltmaq istəyi deyil. Sadəcə, heç kəs medianın tənqidinə, qəzəbinə tuş gəlmək istəmir”.

Onun sözlərinə görə, əslində söz, mətbuat azadlığı insanların hissləri ilə balans təşkil etmir və bu məsələ yalnız məhkəmə yolu ilə tənzimlənir: “Həmin jurnal  kilsəni, yəhudiləri tənqid etdiyi üçün dəfələrlə məhkəməyə verilib. Bütün hallarda məhkəmə bunu mətbuat azadlığı kimi dəyərləndirib. Əgər bütün qəzəbli reaksiyalar nəzərə alınsa, bütün medianı bağlamaq lazımdır. Burada balans yaratmaq lazımdır, bütün narazılıqlar məhkəmə yolu ilə tənzimlənməlidir”.

Ərəstun Orucov Azərbaycanda bu hadisələrin dəyərləndirilməsində də yanlışlıqlar olduğunu deyib. O, bildirib ki, Azərbaycanda terrora münasibətdə bir çox ictimai xadimlər özlərini xərclədilər: “Azərbaycanda bu hadisələrə münasibət bildirənlərin bəziləri iddia edir ki, bunu qəsdən edirlər. Lakin Avropada media hakimiyyətə bağlı deyil. Həmin jurnal dəfələrlə Fransanın əvvəlki prezidenti haqqında da əcaib karikaturalar yayımlayıb. Amma o jurnalın əməkdaşları qətlə yetiriləndə bütün dəfn mərasimlərində məhz Fransa prezidentinin özü  iştirak etdi. Əslində bu,  media, mətbuat azadlığına dəstək aksiyasıdır. Avropada  hadisələrə belə yanaşırlar”.

Onun sözlərində görə, digər ölkələrdən olan müsəlmanlar yaşadıqları ölkəyə uyğunlaşmalıdırlar. Əks təqdirdə həmin ölkəni tərk etməlidirlər: “Avropada bütün cəmiyyətlər çalışır ki, öz qaydalarını qorusun. Azərbaycanla bağlı kənarda hansısa tənqidi məqalə dərc olunanda, buna faciə kimi yanaşırlar. Avropalılar belədir, onlar deyirlər ki, bizim dəyərlərimizi qəbul etməyən ya burada yaşamasın, ya da sussun”.

Məltəm TALIBZADƏ

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu