Modern.az

Xəzərin səviyyəsində dəyişmələr baş verir - NAZİRLİKDƏN AÇIQLAMA

Xəzərin səviyyəsində dəyişmələr baş verir - NAZİRLİKDƏN AÇIQLAMA

15 Yanvar 2015, 09:24

Xəzər dənizi qapalı hövzə olduğundan burada periodik olaraq səviyyə dəyişmələri baş verir. Bu barədə Modern.az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda deyilir ki, dəniz səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab edilir. Belə ki, Xəzər dənizinin su balansının gəlir hissəsinin təqribən 80 faizini təşkil edən Volqa, Ural, Samur, Kür, Terek, Səfidrud və digər çayların hövzələrində baş verən iqlim tərəddüdləri burada suyun səviyyəsinin artıb-azalmasına əhəmiyyətli dərəcədə təsir göstərir.

Azərbaycanda dəniz səviyyəsi üzərində müşahidələrə XIX əsrin birinci yarısında (Bakı məntəqəsi – 1830-cu il) başlanılıb. Hazırda Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində (sahildə, açıq dənizdə, adalar və estakadalarda) Nazirliyin Milli Hidrometeorologiya Departamentinin 13 hidrometeoroloji müşahidə məntəqəsi fəaliyyət göstərir ki, bunların 7-sində dəniz səviyyəsi üzərində müşahidələr aparılır.

Qeyd edək ki, ötən əsrin ikinci yarısında Xəzər dənizində müşahidə olunmuş səviyyə tərəddüdləri müvəqqəti xarakter daşıyıb. Belə ki, 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə, Baltik sistemi ilə -29 metrə qədər azalıb, sonradan dənizdə suyun səviyyəsi qısa tarixi dövr ərzində (1977-1995) 2,5 metr artaraq -26,5 metrə çatıb. 1995-ci ildən isə dənizin səviyyəsində yenidən azalma müşahidə olunmağa başlayıb.

Təkcə son 7 il ərzində Xəzər dənizinin səviyyəsi 0,56 metr azalıb və 2014-cü il üçün dəniz səviyyəsinin orta illik qiyməti Baltik sistemi ilə -27,43 metr olub.

Çoxillik səviyyə tərəddüdlərindən başqa, dəniz səviyyəsinin fəsillərin dəyişməsi ilə xarakterizə olunan ildaxili tərəddüdləri də müşahidə olunur ki, bu da ilin isti aylarında çayların sululuğunun artması hesabına dəniz səviyyənin qalxması, qış aylarında isə əksinə, enməsi ilə özünü göstərir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...