Modern.az-a daxil olan bəyanatda bildirilir ki, Media Hüququ İnstitutu “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndələrinin Sabirabad rayonunun təbii fəlakətə məruz qalmış ərzilərində bərpa və yardım işlərinin monitorinqini apararkən polis müdaxiləsi ilə üzləşməsindən narahatdır.
Qurumun məlumatına görə, avqustun 25-də qərargahın nümayəndələri O.Gülalıyev, İ.Əmiraslanov, M.Tağıyev və Ş. Əsgərov Sabirabad rayonunun Xankeçən və Azad kəndlərində vəziyyətlə tanış olub faktlar toplayarkən yerli polislər onları saxlayıb, sonra isə rayon polis şöbəsinə aparıblar. Hüquq müdafiəçilərinin saxlanılmasını hökumətin təbii fəlakət bölgəsində gördüyü işlərə mətbuatdakı yazıları ilə kölgə salmaları ilə əsaslandıran polis onlara xəbərdarlıq edib rayon ərazisini tərk etmələrini tələb edib. Hüquq müdafiəçiləri buna əməl etmədiyindən bu gün yenidən saxlanılaraq polis şöbəsinə aparılıblar.
Media Hüququ İnstitutu monitorinq, araşdırmalar aparmaqla fəlakət bölgəsindən dürüst bilgi toplayan sivil toplum quruluşu təmsilçilərinin buna görə qaba üsullarla çək-çevirə salınmasından dərin narahatlıq keçirir və bunu bilgi və ifadə azadlığına zərər vuran addım kimi dəyərləndirir. Hüquq mühafizə orqanları nümayəndələrinin hökumətin hər hansı fəaliyyətinin mediada necə işıqlandırılması, hökumətin ictimai rəydəki imici yox, hüquq qaydasının qorunması olduğunu, onların bu səlahiyyətləri daxilində fakt toplayan hüquq müdafiəçilərindən nələrisə soruşmaq səlahiyyəti olduğunu qeyd etməklə yanaşı Media Hüququ İnstitutu bildirir ki, bu heç bir halda hüquq müdafiəçilərini toplum üçün mühüm və faydalı olan araşdırmalardan, habelə dürüst xəbərləri toplayıb yaymaqdan çəkindirən formada olmamalıdır.
Vətəndaşların bilgi toplamasına ciddi əngəl yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 47 və 50-ci maddələrində nəzərdə tutulan fikir və söz azadlığı hüququnun, məlumat almaq hüququnun, habelə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun ciddi pozuntusudur. Qeyd olunan müddəalar və qanun hər bir vətəndaşa sərbəst şəkildə, qanunla qadağan olunmamış üsullarla bilgilər axtarmaq, toplamaq, onları toplumla bölüşmək haqqı verir. Media Hüququ İnstitutu dövlət qurumlarının səlahiyyətli şəxslərini vətəndaşların hüquq və azadlıqlarına müdaxilə edən davranışlardan çəkinməyə, onların öz hüquq və azadlıqlarından maneəsiz yararlanmasına əlverişli şərait yaradılmasına yardım etməyə çağırır.
Modern.az