Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2014-cü ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransındamüxtəlif sahələrdəki korrupsiya və rüçvət hallarından danışıb.
Modern.az-ın məlumatına görə, K.Əliyev bildirib ki, ötən il əhalinin sosial müdafiəsi, səhiyyə, yerli icra orqanları və digər sahələrdə aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə əlaqədar təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilib. Həmçinin bir sıra hallarda vəzifəli şəxslər tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşib. Həmin şəxslər barəsində “Prokurorluq haqqında” qanuna müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilib.
K.Əliyev deyib ki, ötən il Fövqəladə Hallar, Milli Təhslükəsizlik, Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri əlaqələr yaradılıb, nəticədə daxil olan müraciətlər əsasında 45 nəfər Səhiyyə Nazirliyindən, 11 nəfər yerli icra hakimiyyəti orqanlarından, 21 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, həmçinin Təhsil Nazirliyindən də bir neçə nəfər məsuliyyətə cəlb olunub.
K.Əliyev deyib ki, 2014-cü il ərzində Baş İdarənin İstintaq şöbəsi tərəfindən 333 şəxs barəsində 206 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib: "Onlardan 3 cinayət işi sosial müdafiə sahəsi üzrə 14 şəxs barəsində, 2 cinayət işi Əmlak Məsələlələri Dövlət Komitəsinin 2 işçisi barəsində, 7 cinayət işi yerli icra hakimiyyəti orqanlarının 7 əməkdaşı barədə, 4 cinayət işi 4 bələdiyyə işçisi barəsində, 3 cinayət işi Səhiyyə Nazirliyinin 3 əməkdaşı barəsində, 19 cinayət işi təhsil sahəsində çalışan 37 şəxs barədə, 1 cinayət işi Mədəniyyət və Turizm Nazirliyinin 1 əməkdaşı barədə, 3 cinayət işi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 4 işçisi barəsində, 18 cinayət işi bank və bank olmayan təsisatların 69 işçisi barəsində, 1 cinayət işi "Azərenerji"nin 1 işçisi barədə, 1 cinayət işi "Azəriqaz"ın işçisi barədə, 1 cinayət işi təbiəti mühafizə sahəsində çalışan 1 işçi barədə, 1 cinayət işi prokurorluq orqanlarının 1 işçisi barədə, 2 cinayət işi Daxili İşlər Nazirliyinin 3 işçisi barədə, 4 cinayət işi Kənd Təsərrüfatı Nazirliyinin 8 işçisi barədə, 60 cinayət işi özəl sektorda çalışan 70 şəxs barədə, o cümlədən 7 cinayət işi tikinti sektorunda çalışan 10 şəxs və digərləri barədə olub".
Gülşən Raufqızı