Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deputat seçildiyi Quba rayonunda seçiciləri ilə 2015-ci ildə ilk qəbulunu keçirib. Modern.az xəbər verir ki, rayonun müxtəlif yaşayış məntəqələrindən qəbula gələn vətəndaşlar ənənəyə uyğun olaraq deputat tərəfindən 2014-cü ildəki fəaliyyəti barəsində ətraflı məlumatlandırılıb, suallarına cavablar verilib. Sonra seçicilərin istəkləri nəzərə alınaraq onlar deputat tərəfindən təkbətək qəbul ediliblər. Ümumilikdə qəbula gələn Quba və qonşu Xaçmaz rayonunun 32 sakini deputat tərəfindən qəbul edilib. Seçiciləri narahat edən əsas məsələlər rayonda mənzil tikintisi aparılmadığından əhalinin mənzilə olan tələbatının ödənilməsində çoxalan problemlərin və köhnə mənzillərin təmiri ilə bağlı əhaliyə ayrılan tikinti materiallarının çatışmazlığı ilə bağlı olub. Bu səbəbdən də hər qəbulda bununla bağlı məsələlər üstünlük təşkil edir. Seçicilər torpaqların əhaliyə verilməsi zamanı yaranan bəzi neqativ halları da qabardıblar. Vahid Əhmədov bu və digər məsələlərlə bağlı sualların bir çoxuna yerindəcə aydınlıq gətirib, müvafiq qərarlar qəbul edilib.
Seçicilərlə görüşdən sonra rayon icra hakimiyyətinin rəsmiləri ilə görüşən millət vəkili əhalini narahat edən problemləri onların diqqətinə çatdırıb, həlli üçün birgə tədbirlər müəyyənləşdirilib.
Modern.az