Modern.az

Əliyev və Ərdoğan tətbətək görüşüb, bəyanat verdilər

Əliyev və Ərdoğan tətbətək görüşüb, bəyanat verdilər

Təhsil

15 Yanvar 2015, 17:53


Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qarşılanma mərasimindən sonra  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşüb.

Modern.az saytı AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimizin enerji və nəqliyyat sahələrində birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti xüsusi qeyd olunub. Söhbət zamanı Türkiyənin “Böyük 20-liyin” növbəti görüşünə ev sahibliyi etməsinin önəmindən danışılıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi qeyd edilib. Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.

***

Yanvarın 15-də Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçirilib.

İclasda Azərbaycan ilə Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tbilisi-Qars, TANAP layihələri ilə bağlı işlərin uğurlu gedişi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub. İkitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

***

Yanvarın 15-də Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 15 yanvar 2015-ci il tarixində keçirilmiş dördüncü iclasının nəticələrinə dair Birgə Bəyanat”ı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə xarakterli məlumatların mübadiləsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyənin Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının sədri İbrahim Hakkı Polad imzalayıblar.

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin yaradılması haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Türkiyənin gömrük və ticarət naziri Nurəddin Canikli imzalayıblar.

Sənədlərin imzalanması mərasimindən sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatla çıxış ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu