Modern.az

Tanınmışlar Azərbaycana qarşı təzyiqləri necə dəyərləndirir…

Tanınmışlar Azərbaycana qarşı təzyiqləri necə dəyərləndirir…

Təhsil

15 Yanvar 2015, 18:23


Azərbaycanın iqtisadi potensialı və siyasi nüfuzu artdıqca, dünya ictimaiyyətinin münasibəti də dəyişir. Bu, həm siyasi, həm mədəni, həm də ictimai sahələrdə özünü əks etdirir. Azərbaycanla bağlı xeyli  faktlar göstərmək olar ki, dünya ictimaiyyəti, Avropa ölkələri qərəzli yanaşıb, laqeyd münasibət göstəriblər. Doğmalarının məzarlarını ziyarət etmək üçün ata-baba torpaqlarına yollanan və orada işğalçı ermənilər tərəfindən girov götürülərək, barələrində saxta məhkəmə qurulan Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin 22 il azadlıqdan məhrum edilməsinə laqeyd münasibət də Azərbaycana yumşaq təzyiqin bir nümunəsidir. Prosesin mənfi tərəfi odur ki, Azərbaycana olan bu təzyiq təkcə siyasi dairələrdə deyil, ictimaiyyətdə də hiss olunur. 

Modern.az fərqlilik edərək sənət, elm-ədəbiyyat adamlarından bu haqda münasibət öyrənməyə çalışıb. Onlar həm xarici səfərlərdə olduğu dönəmlərdə,  həm də hazırki prosesləri müşahidə edərkən Azərbaycana, vətəndaşlarımıza qarşı hiss etdikləri təzyiqlərdən danışırlar: 

“Əvvəl “Qruziya” deyirdilər, indi alqışlayırlar”

Xalq artisti, professor, tarzən Ramiz Quliyevə müraciət etməyimiz təsadüfi olmadı. Belə ki, xarici ölkələrdə ən çox səfərlərdə olan sənətçilərdən biridir.  O, həm keçmiş dövrlərdə səfərdə olarkən, həm də hazırda bir sənətçi kimi müşahidə apardığı zaman Azərbaycana qarşı rast gəldiyi təzyiqlərdən danışıb: 

“Çox təəssüf ki, bəzi ölkər bəzi qüvvələr 40-50 il bundan əvvəl  Azərbaycanı “Qruziya, Qruziya”, “Gürcüstan” deyə tanıyırdılar. Qafqaz deyəndə ancaq gürcüləri bilirdilər. Amma əslinə qalanda həm sovet dövründə,  həm də müstəqillik dövründə Azərbaycan elə Azərbaycan idi. Müstəqillikdən sonra ki, bu qədər intensiv, Azərbaycanın tanıdılması üzrə xeyli iş getdi və bu da öz faydasını verdi. İnkişafdan sonra Azərbaycana olan təzyiqlər də mənfi münasibətlər də azaldı. İldən-ildə deyərdim ki, Azərbaycana təzyiqlər deyil, rəğbət daha da artdı. Mən təsəvvür etmirəm ki, hansısa ən ucqar bir ölkədə Azərbaycan haqqında yaxşı fikirdə olmasınlar. İndi hamı Azərbaycanı tanıyır və qəbul edir. Çünki Azərbaycan öz iqtisadiyyatı ilə, öz gücü ilə dünya ölkələrinə nəyə qadir olduğunu göstərə bildi. Ona görə də indi o mənada çox çətinliyimiz yoxdu. Hara gediriksə, Azərbaycanın, Bakının adını deyiriksə, o saat rəğbət hiss edirik. Məsələn, mən Avstriyada oldum orada hələ də Bakıdakı “Avroviziya”nın necə gözəl təşkil olunmasından danışırdılar.

Qəbələdə keçirilən musiqi festivalının səs-sorağı Afrikaya gedib çatmışdı. Bütün bunların hamısı Azərbaycana qarşı olan mənfi münasibəti müsbət münasibətlə əvəz edir”. 

“Elə bilirdilər ki, Azərbaycanın küçələrində də neft axır”

Xalq şairi Fikrət Qoca isə bu mövzuda həddindən artıq optimistdir. O ara-sıra Azərbaycan adına olan təzyiqləri hiss etsə də, bunların arxasında qara qüvvələrin olduğunu düşünür:

“Mən Azərbaycana olan mənfi münasibəti çox az hallarda müşahidə etmişəm. Olduğum ölkələrdən eləsi var ki, onlar Azərbaycanı neft akademiyası, neftlə həddindən artıq zəngin bir ölkə kimi tanıyırlar. Hətta elələri var düşünür ki, Azərbaycanın küçələrində də neft axıb gedir. Elə ölkələr də var ki, onlar bizim insanları çox yüksək qiymətləndirirlər. Xüsusən də qonaqpərvərliyimizi qeyd edirlər. Amma təbii ki, Azərbaycana qarşı mənfi münasibətlər də, təzyiqlər də hiss etmişik, edirik də. Əvəllər xarici ölkədə belə bir hal olandan biz onun kökünü öyrənməyə çalışardıq. Məsələnin kökünü öyrənəndə isə görürdük ki, əksər hallarda bu, ermənilərin işi olub. İndi də yarana biləcək təzyiqlərin kökündə bu dayanır. Amma get-gedə bu təzyiqlər də azalacaq. Əksər ölkələrdə bir ölkə ilə yaxından tanış olmamış, həmin ölkəni yaxşı tanımamış onun haqqında mühakimə yürütmürlər. Odur ki, bu gün Azərbaycana o qədər də çox təzyiq yoxdur”.

Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu