Modern.az

Qeyri-ixtisaslı jurnalistlər: “Jurnalistikada sözün bütün mənalarında qazandım” - RUBRİKA

Qeyri-ixtisaslı jurnalistlər: “Jurnalistikada sözün bütün mənalarında qazandım” - RUBRİKA

16 Yanvar 2015, 09:31


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

“Türkel” TV-nin baş direktoru Nadir Şəfiyevə yüksək vəzifələrdə işləməyi təklif etsələr də, o jurnalistikanı seçib: “İxtisasca politoloq və ictimayi-siyasi fənlər üzrə müəlliməm. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsini bitirmişəm. Hazırda ixtisasım üzrə elmi iş yazıram. Azərbaycan Respublikası Prezidentinin yanında Dövlər İdarəçilik Akademiyasının disssertantıyam.
Bir neçə ay ərzində Ali Hərbi Akademiyada siyasi təlimlər tarixi fənnindən dərs demişəm. Bütövlükdə fəaliyyətim də ixtisasıma çox yaxındır. Çünki televiziyaya gəldiyim ilk gündən etibarən mən daha çox siyasi jurnalistika ilə məşğulam. Siyasi şərhlər və icmallar hazırlayır, həftəlik analitik verilişlərin müəllifi və aparıcısı kimi fəaliyyət göstərirəm.
Jurnalistikaya gəlməyim sırf təsadüf nəticəsində olub. Bizim instituta gələn televiziyamızın korifeylərindən olan Vasif Babayev “Həftə” analitik-informasiya proqramı üçün perspektivli gənclər axtarırdı. Onunla görüşdə iştirak etmək üçün tələbələrin siyahısını dekanlığa verəndə dekanımız Kənan Allahverdiyev mənim də söhbətdə iştirak etməyimi tələb etdi. Oturduq, siyasətdən, iqtisadiyyatdan söhbət etdik. Görüşdən sonra Vasif müəllim məni televiziyaya dəvət etdi. Mən də müvəqqəti olaraq orda işləməyə razılıq verdim. Artıq 23 ildir ki, “müvəqqəti” olaraq televiziya sahəsində çalışıram. Bu müddət ərzində AzTV-də, “Sara” Teleradio şirkətində, İctimai Televiziyada, “Paritet” qəzetində, Rusiyanın “Doveriye” telekanalında işləmişəm, Rusiyanın bir neçə internet portalı ilə əməkdaşlıq etmişəm.
Bu illər ərzində mənə dəfələrlə başqa sahələrdə çalışmaq üçün təkliflər edilib. Bu təkliflər arasında kifayət qədər yüksək vəzifələr də olub. Amma hər dəfə düşündükdən sonra yumşaq şəkildə rədd cavabı vermişəm. Düşünürəm ki, düz etmişəm. Odur ki, heç bir peşmançılıq hissim yoxdur. Jurnalistika mənə bildiyimi tamaşaçı, dinləyici və oxucu ilə bölüşməyimə, düşündüyümü ictimaiyyətə çatdırmağa imkan verib. Buna görə də məni bu peşəyə gətirənə də, çalışmağıma şərait yaradanlara da minnətdaram, mənə baxan və məni dinləyənlərə də minnətdaram! Jurnalistika mənim həyatımın tərkib və ayrılmaz hissəsidir desəm, yəqin ki, yanılmaram!”

ANS TV-nin “İç Xəbər” verilişinin aparıcısı Səbinə Heydərova ANS TV-yə gəlişindən heç vaxt peşman olmayıb: “Məktəb illərindən həkim olmağı istəmişəm. Amma sonradan fikrimi dəyişdim və humanitar fənnlər üzrə hazırlaşmağa başladım. Ali təhsilli tarixçi olsam da, ozümü hər zaman jurnalist kimi görürdüm. Elə bu istək məni hələ 3-cü kursda oxuyanda, yəni 2005- ci ildə ANS TV-yə gətirdi. Məhz 2005- ci ilin oktyabr ayından həyatımda belə deyim, dönüş anı başladı . ANS Media Akademiyasının məzunu olandan sonra ANS TV-də “İç Xəbər” verilişində işə başladım. Ləman Ələşrəfqızı sıxıb-sıxıb suyumuzu çıxarırdı. Amma çətinliklərin sayəsində bu gün heç də pis müxbir olmadığımı düşünürəm. ANS mənim ilk iş yerim oldu. Daha sonra “İç Xəbər” və “Növbətçi” verilişinin aparıcısı oldum. 2011- ci ildə isə ANS rəhbərliyinin qərarı ilə “Xəbərçi” verilişinin günorta buraxılışlarının aparıcılığı mənə həvalə olundu. ANS TV-yə gəlişimdən heç vaxt peşman olmamışam. Bu sahədə yiyələndiyim biliklərdə birbaşa ANS-ə borcluyam. Bir sözlə ANS TV-yə gəlişim və burada işləməyimdən qazandım. Sözün bütün mənalarında...”.

Lider TV-nin “Tap dostum” verilişinin aparıcısı Rəhman Rəsulov bu sahədə özünü rahat hiss edir: “Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirmişəm. Aktyor teatrda işləməlidir. Universiteti bitirəndən sonra teatra ancaq tamaşaçı kimi getmişəm. Mən aparıcıyam. Jurnalistika sahəsinə təsadüflə gəlməmişəm. Universitet dövründə həvəsim yarandı. Özümü yoxladım və bu məndə alındı. Sumqayıtda fəaliyyət göstərən televiziyaya müraciət etdim. Uğurlu alındı və orda səhər proqramında canlı efiri təqdim etdim. 1 il sonra “Space”də yayımlanan “Dubl Bom” verilişinin aparıcı seçimlərinə dəvət aldım və həmin layihənin ilk aparıcısı oldum. Paralel olaraq “Radio Antenn” 101 FM-də radio fəaliyyətinə başladım. 8 il bu radionun əməkdaşı oldum. Hərbi xidməti başa vurandan sonra efirdə görünmədim. Rəhim Rəhimlinin dəvəti ilə “Lider” TV-də yenidən proqrama başladım. Hazırda “Lider” TV-nin aparıcısıyam. Bu sahədə özümü rahat hiss etdiyimə görə peşman deyiləm.
Gələcək barədə proqnoz vermək olmur... Hər şey ürəyimcə olsa, TV və radio sahəsində işimi davam etdirmək istəyərəm.
İncəsənət Universitetini də istəyərək seçmişəm. Aktyor olmaq arzum da var idi. Amma arzum ürəyimdə qaldı... Teatr olmasa da, hər hansı bir filmdə və ya serialda aktyor kimi özümü göstərə bilərəm. Yəni, hələ heç nə bitməyib”.

APA-nın İqtisadiyyat şöbəsinin əməkdaşı Aqşin Rafiqoğlunun mediadan küsdüyü vaxtlar olub: “Texniki Universitetin Texnoloji yüngül sənaye maşınları fakültəsinin məzunuyam. İxtisasım yeyinti sənaye mühəndis texnoloqudur. Öz ixtisasım üzrə işləməmişəm. Açığını deyim ki, bu sahəyə heç zaman marağım olmayıb. Sadəcə atamın arzusunu yerinə yetirib bu ixtisasa getmişəm. Atam neftçi olduğundan məni hər zaman mühəndis, neftçi görmək istəyirdi. Amma mən uşaqlıqdan jurnalist olmaq arzusunda olmuşam. 1992-ci ildə Çingiz Mustafayev, Alı Mustafayev və Salatın Əsgərovanın qəhrəmanlıqları və sonradan şəhid olması məni jurnalistikaya cəlb etdi. Hətta məktəb illərində sinifdə divar qəzetləri düzəldirdik. Mən də o qəzetin redaktoru idim.
1998-ci ildə tələbə olarkən kimya dərsinin imtahanından kəsildim. İmtahanımı vermək üçün məndən rüşvət istədilər. Heç özüm də bu fənni yaxşı bilmədiyimdən oxumurdum. O zaman düşündüm ki, qəzetlərə krossvord edim və oradan alacağım qanorarla imtahanı pulla alım. Son nəticədə pulu atam danladıqdan sonra verdi, amma mən əvvəl krosvordlar edə-edə, sonradan ruscadan Azərbaycan dilinə materiallar tərcümə edərək qəzetə gəldim. O zaman qəzetlərdə nəhənglər çalışırdı və qəzetlərə düşmək də çox çətin idi. Beləcə, illər keçə-keçə bir də ayıldım ki, artıq peşəkar jurnalist olmuşam. Bu gün özümü jurnalistikadan, mediadan kənar təsəvvür edə bilmirəm. Bəzən incidiyim, mediadan küsdüyüm vaxtlar olub. Demişəm ki, artıq mediadan getmək vaxtıdır. Amma bu bir xəstəlikdir. Sanki həyatda nə isə çatmır. Başqa sahələrdə işləyəndə elə bil ki, özümü başqa mühitdə hiss edirdim. İş mənə darıxdırıcı gəlirdi, işə bağlılıq yox idi. Amma media artıq bizim həyat tərzimizə çevrilib, yaşam tərzi olub.
1998-ci ildən bir sıra qəzetlərdə işləmişəm, bir çoxu ilə əməkdaşlıq etmişəm. Təəssüf ki, bu gün o qəzetlərin çoxu artıq tarixə çevrilib, yoxdular. “Həftə”, “Yeni Qafqaz”, “24 saat” qəzetlərində işləmişəm. 2009-cu ildən “onlayn” mediadayam. Hazırda APA-nın İqtisadiyyat şöbəsində çalışıram. İqtisadiyyat çox maraqlı sahədir. Amma maraqlı olduğu qədər də çətindir. Bəzən bir rəqəmə görə səndən inciyirlər.
Jurnalistikaya gəldiyim üçün qətiyyən peşman deyiləm. Mən hər zaman demişəm ki, Azərbaycanda başı, savadı olan hər bir insan özünə jurnalistikada halal çörək qazana bilir. Bunun üçün sadəcə həvəs və maraq lazımdır. Atam məni neftçi görmək istəyirdi. Mən isə jurnalist oldum. Bu gün neft-qazdan yazıram, yəni həm atamın, həm də özümün istəyini yerinə yetirmiş olmuşam”.

Misranə Həsənzadə

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi