Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan Yazıçılar Birliyinin üzvülüyünə qəbul edilib. Modern.az-ın məlumatına görə, Yazıçılar Birliyinin müvafiq komisiyasının növbəti - Birliyin 1-ci katibi, xalq şairi Fikrət Qocanın sədrliyi ilə keçirilən iclasında Mahir Qabiloğlu üzvlüyə yekdilliklə qəbul olunub.
Mahir Qabiloğlu bununla bağlı açıqlamasında AYB-nın sədri, xalq yazıçısı Anar başda olmaqla hər kəsə təşəkkürünü bildirib və Yazıçılar Birliyinin onun üçün doğma bir ocaq olduğunu vurğulayıb:
”Hələ uşaq yaşlarımda atam Qabilin əlindən tutaraq o pilləkənləri çıxanda oralar mənim üçün doğma bir evə, oranın üzvləri isə ev sakinlərinə çevrilmişdi. Amma onda atama görə ora gedirdim. İndi isə o pillələri bu evin bərabərhüquqlu üzvü kimi qalxıram. Mən Yazıçılar Birliyinə üzv olmaqla içimdəki mənəvi bütövlüyü daha da bütövləşdirəcəyəm”.
Mahir Qabiloğlu ilk növbədə onun Yazıçılar Birliyinin üzvlüyünə təqdimatını verən, millət vəkili, Dövlət Mükafatı laureatı, əməkdar jurnalist Elmira Axundovaya xüsusi minnətdarlığını bildirib. “Çox çəkinirdim. Birliyə üzv olmaq haqqda heç düşünmək istəmirdim. Çünki qarşımda çox korifeylər görmüşdüm. Onların ruhu məni sıxırdı. Utanırdım. Amma Elmira xanım mənəvi dəstək verərək sənədlərimi məndən aldı və şəxsən Anar və Fikrət Qocaya təqdim etdi. Onlar da sağ olsun. Ən əsası Qabilin ruhuna ehtiramlarını bir daha sübut etdilər. Mən isə onlara yalnız Xəlil Rza Ulutürk sayağı cavab verə bilərəm: “LAYİQ OLUM””.
Mahir Qabiloğlunun son iki ildə 3 kitabı çap olunub. 18 hekayə, 260 bədii-publisistik və 40 tərcümə müəllifidir. Sonuncu romanı isə bir ay öncə “Cəncəhim” adı ilə çap edilib. Artıq 320 səhifəlik hekayələr və 500 səhifəlik publisistik yazılar kitabı da bu il üçün çapa hazırdır.
17 il AzTV, “Space” telekanallarında, “Xalq qəzeti” qəzetində redaktor, şöbə müdiri, baş redaktorun müavini vəzifələrində professional jurnalistik fəaliyyətiylə məşğul olmuş Mahir Qabiloğlu, hazırda Modern.az saytının müəllif yazarı kimi öz daimi oxucusunu qazanıb. Həmkarımıza yeni yaradıcılıq uğurları arzulayırıq. Ondan yeni-yeni yazılar gözləyirik.
Elmin Nuri