Yanvarın 17-də Dövlət Miqrasiya Xidmətində 2014-cü ilin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.
Modern.az saytı xəbər verir ki, xidmətin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib.
Ötən il miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində görülən işlərin, Xidmət əməkdaşlarının təltif olunması, DMX üçün yeni inzibati binanın tikintisi ilə bağlı ölkə Prezidentinin sərəncamlarının kollektivdə böyük ruh yüksəkliyi ilə qarşılandığını xüsusi vurğulayıb.
Qeyd edilib ki, əcnəbilər üçün cəlbedici ölkəyə çevrilən Azərbaycan son illər miqrasiya baxımından mənşə ölkədən tranzit və təyinat ölkəyə çevrilib. Ötən il respublikamızın sərhəd buraxılış məntəqələrində 2.269.015 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə girişinin qeydə alınması deyilən fikrin əyani nümunəsidir. Ölkədə qalma müddətinə müvafiq olaraq onlardan 823.620 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb. Qeydiyyat üçün müraciət edənlərin sayındakı artım həm də maarifləndirmə işlərinin nəticəsi kimi qiymətləndirilib.
Ötən il 37.608 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl edilməməsi, habelə etibarsız sənədlərlə yaşama hallarına görə inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub. Əsas olduğu üçün onlardan 3.306 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 27.683 nəfərin ölkə ərazisini tərk etmələri ilə bağlı qərar verilib və 6.431 nəfər isə inzibati qaydada ölkə ərazisindən çıxarılıb.
Dövlət Miqrasiya Xidməti tərəfindən hesabat dövründə 12.000 əcnəbiyə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilib. Əcnəbi işçi qüvvəsindən istifadəni tənzimləyən qaydalara riayət edilməsinə dövlət nəzarətini həyata keçirən bir orqan kimi sahibkarlıq subyektlərində 257 yoxlama aparılıb, 164-də inzibati pozuntu aşkarlanıb və qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqları üçün 2543 əcnəbinin ölkə ərazisindən kənara çıxarılması təmin edilib.
F.Nəbiyev bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də kadr işinin düzgün təşkili və daha da təkmilləşdirilməsi, kadrların seçilib yerləşdirilməsi, vəzifədə irəli çəkilməsi, onların fəaliyyətlərinin qiymətləndirilməsi kimi mühüm məsələlərdə obyektiv meyarlara əsaslanan qaydaların müəyyənləşdirilməsi və prinsipiallığın artırılması, şəffaf prosedurlar əsasında miqrasiya orqanlarına qulluğa qəbulun həyata keçirilməsi yolu ilə kadr korpusunun layiqli gənc mütəxəssislər hesabına mütəmadi olaraq yenidən komplektləşdirilməsi, onların müasir tələblər səviyyəsində peşə hazırlığını təmin edəcək şəraitin formalaşdırılması məqsədilə bir sıra səmərəli tədbirlər həyata keçirilib. Belə ki, ötən il Dövlət Miqrasiya Xidmətinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə şəffaf şəraitdə təşkil etdiyi test imtahanlarından uğurla keçmiş namizədlər də daxil olmaqla, ümumi bilik səviyyələri, şəxsi keyfiyyətləri və təşkilatçılıq qabiliyyətlərinə malik olmaları nəzərə alınmaqla 98 nəfər miqrasiya orqanlarına qulluğa qəbul olunub, xidməti fəaliyyətlərində müsbət xarakterizə olunan 34 əməkdaş yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilib, yaxşı iş göstəricilərinə nail olan 132 əməkdaşın əməyi fərqləndirilib.
Xidmət rəisi F.Nəbiyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin 2015-ci ildə respublikamızın sosial-iqtisadi inkişafının təmin edilməsi, dünyadakı mövcud vəziyyətin təsirlərindən ölkəmizin müdafiəsi üçün konkret göstərişlər verdiyini xatırladıb. F.Nəbiyev bu vacib məsələlərin tənzimlənməsində DMX-nin də üzərinə ciddi vəzifələr düşdüyünü bildirib. Qanunvericiliklə qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək peşəkarlıqla yerinə yetirilməsinə dair tapşırıqlar verib. Əminlik ifadə edib ki, ölkə iqtisadiyyatının inkişafına töhfə vermək, dövlətimizin təhlükəsizliyi və daxili əmək bazarının qorunması kimi vəzifə və tapşırıqları Dövlət Miqrasiya Xidməti 2015-ci ildə də yüksək peşəkarlıqla icra etmək əzmindədir.
Müşavirədə müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul edilib.
Modern.az