filologiya üzrə elmlər doktoru, professor
İnsanın bu dünyaya gəlişindən başlamış, bu dünyadan gedişi də daxil olmaqla – hamısı sığınacaq axtarmaqdır. Hələ ana bətnində olan uşaq ana bətnini sığınacaq kimi qəbul edir. Ana bətnində sığınacaq tapmış uşaq burada qala bilmir, bu heç mümkün də deyil. Buradakı sığınacaq müddəti qurtardıqdan sonra uşaq dünyaya gəlir, ömrünün sonuna qədər bu dünyada sığınacaq axtarır. Bağçaya gedir, burada sığınacaq axtarır. Məktəbə gedir, burada sığınacaq axtarır. Ali təhsil alır, burada sığınacaq axtarır. Ailə qurur, yenə də sığınacaq axtarır. Ev alır, yenə də sığınacaq axtarır. Nəhayət, insan ölür, yenə də sığınacaq axtarır. Ölmüş insanı tabuta qoyur və qəbiristanlığa aparırlar. Tabut da, qəbiristanlıq da sığınacaqdır. Ölən insan dəfn olunur. Ən son sığınacaq budur. İstəsə də, istəməsə də, sığınacaq axtaran insan son mənzili – torpağı sığınacaq kimi qəbul edir. Beləliklə, insan üçün həyat başdan-başa sığınacaqlardan ibarət olur. Bu işin bir tərəfi. İkinci tərəfi odur ki, insan həyatı boyu sığınacaqlara doğru tələsir. Heç özü bu barədə düşünmədən çalışır, vuruşur və nəhayət, torpaq adlı sığınacaqda rahatlanır...
Sığınacaq deyəndə ədəbiyyat üzrə Nobel mükafatı laureatı Herman Hessenin “Sığınacaq” essesindən bir məqam yada düşür: “Mən yenə də nəyin dalınca gedəcəyimi, nəyi rəhbər tutacağımı, öz qanımı nəyə verəcəyimi tapdım, anladım. Bu nə istəkdi, nə də arzu, bu – məqsəddir.
Bu məqsəd – yenə də sığınacaqdır. Ancaq nə mağaradır, nə də gəmi. Mən o sığınacağı öz içimdə axtarıram, dağlardan, mağaralardan etibarlı, tabutdan, qəbir çalasından etibarlı və rahat, tək qaldığım, dünyanın əli yetmədiyi məkan, yaxud nöqtə axtarıram. Budur mənim məqsədim. Ora heç nə keçə bilməz, çünki ora mənimlə yoğrulub.
Qoy orada lap boran və ağrılar olsun, qoy orada lap qan da tökülsün.
Mən hələ bu məqsədimdən çox uzaqdayam, mən hələ yolun lap başlanğıcındayam, ancaq indi bu, əsl mənim yolumdur. Adi arzu deyil.
Ey dərin sığınacaq! Sənə heç bir tufan yetməz, səni alov yandıra bilməz, səni heç bir müharibə dağıda bilməz. Öz cismimin dərinliyində balaca yuva! Daxma, balaca tabut, balaca beşik, mən sənə can atıram”. (Herman Hesse. Seçilmiş əsərləri. – Bakı: “Şərq – Qərb”, 2010, s.532-533).
Bu dünyada hərəyə bir şey lazımdır: kimiyə gecə, kimiyə gündüz, kimiyə mərdlik, kimiyə namərdlik, kimiyə məğrurluq, kimiyə mütilik, kimiyə qayğı, kimiyə etinasızlıq, kimiyə haqq-ədalət, kimiyə ədalətsizlik, kimiyə nə isə... Ancaq hamıya – hər bir kəsə sığınacaq mütləq lazımdır. Bütün ömrü boyu sığınacaqlar uğrunda çarpışan insanı daha çətin sınaqlar, həm də uğurlar, nailiyyətlər gözləyir. Ancaq insanın sonu yenə də sığınacaqdır. Axtara-axtara, özümüz də bilmədən və hərəmiz bir yolla sığınacağımızı tapırıq. Deməli, son məqsədimiz sığınacağımızı tapmaqdır. Biz insanlar son məqsəd kimi dünyaya sığınacaq axtarışına gəlmişik və hələ də sığınacaq axtarışındayıq. Bir sözlə, insan ömrü boyu sığınacaqlara doğru tələsir. Son sığınacaq hər bir kəsin qismətinə alın taleyi kimi yazılıbdır. Kimsə son sığınacaqdan qaça bilərmi?! Kimsə son sığınacağı haqqında düşünürmü?! Dünyanın qəribə işləri var. Bir atanın, bir ananın övladlarının son sığınacağı bir olmur! Məncə, hər bir şeyin fəlsəfəsinə varmaq lazımdır. Görün ədəbiyyat üzrə Nobel mükafatçısı Ernest Heminquey necə deyib: “Hər insanın ölümü mənim ömrümü gödəldir, çünki mən Bəşəriyyətin ayrılmaz bir parçasıyam və elə ona görə də kilsə zənginin harayını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən; Sənsən dünyadan köçən”. (bax: Ernest Heminquey. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2010, s.7)
Ancaq insanın ölməsi, son sığınacağını tapması məğlubiyyət deyil. Ədəbiyyat üzrə Nobel mükafatçısı Uilyam Folkner demişkən: “Mən insanın ölümü fikrini rədd edir, buna inanmıram; insan nəinki duruş gətirəcək, mən qəti əminəm ki, o – qalib gələcək”. Ernest Heminqueyin sözləri ilə desək: “İnsan övladı məğlubiyyət üçün yaranmayıb; insanı məhv etmək olar, lakin onu məğlub etmək mümkünsüzdür”. Bir azərbaycanlı şairin dediyi kimi: “Ölüm ölmək deyil ki, Vətənə qayıdışdır”. Bir ədəbiyyat üzrə Nobel mükafatçısının belə fikri var: “Mənim başlanğıcım mənim sonumdur, mənim sonum isə mənim başlanğıcımdır”. Bu mənada hələ bilmək olmaz ki, kimin başlanğıcıdır, kimin isə sonudur. Ancaq bu da bir həqiqətdir ki, dünya yaranandan indiyə qədər insan məğlubolmazdır. Nəsillər dəyişir, bir-birini əvəz edir. İnsanlar isə qurub-yaradır və fəaliyyət göstərirlər. Deməli, insan məğlubedilməzdir.