Məhəmməd peyğəmbərin aşağılayan karikaturaların yenidən dərc eləməsinə etiraz əlaməti olaraq Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov “Report.az”a yanvarın 21-də aksiya keçirdəcəklərini bildirib.
Modern.az saytı nardaranlıların Milli Məclisdəki təmsilçisi, parlamentin Aqrar Siyasət Komitəsinin sədr müavini Eldar Quliyevin məsələyə münasibətini öyrənib. Deputat aksiyanın keçirilməsindən xəbərdar olduğunu bildirib:
“Məndə məlumat var ki, Nardaran sakinləri Fransadakı karikatura məsələsi ilə bağlı öz ehtirazlarını bildirmək üçün toplaşacaqlar.
Hesab edirəm ki, müqəddəs saydığımız insanlarla bağlı təhqiredici ifadələr işlətmək, onları aşağılamaq doğru hal deyil. Mən Məhəmməd peyğəmbərin də, İsa peyğəmbərin, Musa peyğəmbərin də karikaturasını çəkilməsinin əlehinəyəm.
Baxın, Azərbaycanda hər hansı bir müqəddəs insanın karikaturası çəkilirmi, yaxud hansısa dini inanca qarşı hansısa şəkildə təhqiredici ifadələr işlədilirmi? Bizdə belə hallar yoxdur”.
Deputat bu məsələdən sui-istifadə edənlərin olduğunu da deyib: “Azərbaycan sözün əsl mənasında tolerant bir ölkədir. Təssüf edirəm ki, bu məsələləri qızışdırıb və bundan istifadə edib, fəsad yaratmaq istəyənlər var.
Amma ona da əminəm ki, Fransa hökuməti bu məsələnin öhdəsindən gələcək və bu problemlər də aradan qaldırılacaq. Kim dünyasını dəyişmiş ata-anasının karikaturası çəkilərsə, ona adi şəkildə yanaşa bilər? Bu baxımdan hesab edirəm ki, məs’ləyə doğru-dürüst yanaşmaq lazımdır.
Diqqət edin ki, Fransada çıxan həmin jurnal əvvəl neçə nüsxə idi, indi neçə nüxsə olub. Müqəddəsləri təhqir etməklə, onlara qarşı bu cür addım atmaqla öz piarını qurmağı doğru hal hesab etmirəm”.
Yeganə Oqtayqızı