Bakı Şəhəri üzrə Təhsil İdarəsi Hövsandakı 118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə ilə əlaqədar açıqlama verib. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən açıqlamada bildirilib ki, hazırda idarənin əməkdaşları sözügedən məktəbdədir.
“Məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarəolunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub. Qeyd edək ki, məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin nəzarəti altındadır.
118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bununla bağlı əlavə məlumat veriləcək. Dünyasını dəyişən Elmar Əliyevin ailəsinə dərin hüznlə başsağlığı verir və Allahdan rəhmət diləyirik”-deyə Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirib.
Bu gün Hövsandakı 118 nömrəli tam orta məktəbdə aksiya keçirilib.Kənd camaatının sözünə görə, məktəbin tarix müəllimi uzun müddət dərsə gəlməyib. Yanvarın 16-da məktəbin IX sinif şagirdi direktordan müəllimin dərsə gəlməməsinin səbəbini soruşub və onun başqa müəllimlə əvəz olunmasını istəyib. Məktəb direktorunun şagirdə cavabı isə belə olub: “Sənin atan evdən gedəndə yerində əvəzedici qoyur?”.
Direktorun cavabı valideynləri hiddətləndirib.
Modern.az