Modern.az

Kabinet yox, səngər naziri olmaq...

Kabinet yox, səngər naziri olmaq...

19 Yanvar 2015, 14:32

Azərbaycan Müdafiə Nazirliyində Səfər Əbiyev erası o qədər qüsurlu,  problemlərlə dolu,  sələfi Rəhim Qazıyev erası isə elə bir ləkəli dövr olub ki, bu acı faktlar paralelliyində postun hazırkı sahibinin xəbər portallarının az qala, hərgünkü buraxılışına düşən səngərlərdən, təlim meydançalarından, həmçinin, əsgərləri mütəmadi ziyarəti kimi diqqətə gələn qabarıq fəaliyyəti haqqında yaxşı  kəlmələr seçmək, bəlkə tələskən mövqe, ifrata varılan tərif, məqsədli kompliment şəklində başa düşülə bilər.

Amma necə başa düşülməyindən asılı olmayaraq, ortada inkaredilməz bir həqiqət var: General-polkovnik Zakir Həsənov kabinet naziri olmaq yerinə, səngər naziri “statusuna” sarılıb, hərbi kostyum əvəzinə, döyüş mundiri geyinməklə, Azərbaycanda ən vacib olan birinci məsələni-ordu ilə rəhbərlik arasındakı birbaşa, səmimi əlaqəni formalaşdıran təməllər atır.

Müdafiə naziri vəzifəsi müharibə şəraitində yaşayan dövlətdə elə məhz əsgərin, silahlı qüvvələrin içərisindən, yanından icra edilməli, hətta bir çadır qərargahından aparılmalıdır ki, atəşkəs alışqanlığı növbəsini döyüş əzmkarlığına, səriştəsinə verə bilsin; pas atmış texnikanın pası açılsın, başlıcası,  döyüşçü özünü dövlətin yüksək ranqlı məmuru ilə, generalı ilə təxmini bərabərlikdə hiss etsin; vətənin müdafiəsinin borc kimi yalnız onun çiyinlərinə yüklənməsini düşünməsin; müharibədə ölümə gedənlərin kasıblar olması, deməli, aşağılanmış kateqoriya kimi hissiyatlarla torpağı qoyub qaçmasın.

Son bir ilə kimi isə müdafiə nazirləri kabinet intriqalarından, hərbi karyera mübarizəsindən ayılıb, əsgərin qabağına çıxmağa, onun durumunu, döyüş bacarığını yoxlamağa getmirdi; ordu idarəçiliyi böhran həddinə çatmışdı; ordu tənha idi, ordu mənən ölmüşdü.


Hərbi paradlardakı silah növləri, milli şahinlərimizin mavi səmadakı uçuşları, hərbi kontigentin sayı və hazırlıqlı görkəminin nümayişi  fəxarət, qürur hissi aşılasa da, az sonra yerini arzuolunmaz pessimizmə verirdi ki, milli müdafiə sahəsindəki ümumi atmosfer, islahatsızlıq cəmiyyətin dövlətin müharibə etməyə qadir imicinə şübhəsini silib ata bilmirdi. Axı, ən bahalı və modern silahı, ağır texnikanı hərəkətə gətirən insana onun əlindəki silah növünün üstünlüklərindən, NATO standartlarına uyğunlaşmadan  daha artıq, yüksək əhval-ruhiyyə vacib şərtdir!               

Zakir Həsənov çox gözəl başa düşdü ki, ordudakı islahat prosesini cəmiyyətin aşağı qatının istədiyi koorrupsiya və rüşvətdən başlamaq mənasız çabadır, müdafiə sahəsinə isə münasibətin dəyişilməsi böyük vaxt itkisinə qurban getməməlidir. Müharibə aparan Azərbaycanda bədbin əhval-ruhiyyəni, qüsurların yaratdığı mənzərəni-ordu daxilində özbaşınalıq, intihar, bir-birinə silah çevirmə, bununla da ictimai rəydə orduya inamsızlıq, silahlı qüvvələrə etimadsızlıq kimi halların yerinə bambaşqa bir vəziyyət qoymaq üçün, ilk növbədə, zay və sovet təfəkkürlü kadrları sanballılarla, Türkiyə hərbi məktəblərində təhsil alan müasir zehniyyətli kişilərlə dəyişmək qərarının ardınca,  general komandasının  kabinetdən səngərə, ordu hissələrinə keçməsi vacibdir(!). Televiziyanın, mətbuatın, həm vətənpərvərlik, həm də qüsurların tənqidi sarıdan ortaya qoyduğu verilişlərin, məqalələrin  gücü çatmadığını hərbi elitanın iş prinsiplərindəki bu şəkildə ciddi  dəyişilmələr effektiv səviyyəyə çatdıra bilər.

Kabinet fəaliyyəti intriqalara, iç mübarizələrə  sürüklənmək, passiv döyüş hazırlığına səbəb olursa, əsgəri, milli müdafiə məsələlərini aparıb arxa plana qoyursa, hərbi elitanın kabinetdən çıxıb, əsgərə, aşağı rütbəli hərbi personala qarışması, məşq proseslərini aktual saxlamaq, şərti bombardman,  atəş və s. hərbi taktikaları yaxından izləmək, hərbi tapşırıq icraçılarına tövsiyyələr vermək, müharibə bölgəsində əsgərin yanında olmaq, onun çatışan-çatışmayan tərəflərinə birbaşa şahidlik etməklə, həm, intriqalara zaman bəs etməz,  şəxsi savaşlar  palaz altına qatlanıb qoyular, həm də, fərqli idarəçilik metodları cəmiyyətin ovqatının, əsgərin əhval-ruhiyyəsinin dəyişilməsində stimul rolunu oynaya bilər.  

Deyə bilərsiniz ki, Azərbaycanın son aylarda müharibə bəyanatları intensivləşib və Zakir Həsənovun Bakıda oturmayıb, generallığını bölgələrdə etməsini bunda axtarmaq lazımdır. İş ondadır ki, Səfər Əbiyevin  zamanında da dövlətin Ermənistana yönəlik sərt davranışları, beynəlxalq ictimaiyyətə istiqamətlənən xəbərdarlıq mesajları bol-bol idi!  Amma hərbi elitanın məsuliyyət hissi, ordudakı mənəvi-psixoloji durum, cəmiyyətin ovqatı  bu bəyanatlara adekvat deyildi. 

Hazırkı müdafiə naziri isə bir tərəfdən, təyinatından az sonra verdiyi -ordunu Dağlıq Qarabağın coğrafiyasına uyğun ərazidə hərbi əməliyyatlar aparılmasına öyrəşdirmək üçün eniş-yoxuş relyefində daim məşq-təlimlərin keçirilməsi vədini yerinə yetirir, digər tərəfdən, özünün və komandasının bu işlərdə səfərbərliyi, hərbi mundirini əynindən çıxarmaması ilə ordunun, paralel olaraq, cəmiyyətin milli müdafiə sahəsinə münasibətini dəyişir,  ondan öz addımlarına dəstək alır.

Cəmiyyət milli orduda tətbiq olunan yanlış vəzifə bölgüsünün, iş prinsiplərinin dəyişdirilməsi vədinin yerinə yetirilib-yetilmədiyi, yəni,

müasir silahlarla və hərbi teknika ilə davranmaq sahəsində bilik, bacarıq tələb edən aparıcı vəzifələri müddətdən artıq xidmət edən gizir və zabitlərin, dərin hərbi bilik lazım olmayan sahənin isə müddətli xidmət edən əsgərlər tərəfindən tutulması şərtinin həyata keçirilməsi, bu metodun pozitiv nəticələri-başqa sözlə, bəzən belə diletantlıqdan irəli gələn ölüm hallarının statistikasına necə təsir göstərib-bu yöndə  bilgilərə malik deyil. Zakir Həsənovun çözmək istədiyi məsələlərdən biri də bu idi, amma Müdafiə Nazirliyinin qapalı qurum olması verilən vədlərin yoxlanılmasını, təfsilatları aydınlaşdırmağı mümkünsüz edir.

Aydın olan tək bir şey var ki,  Azərbaycanda yaxşı müdafiə naziri olmaq üçün  imkanlar heç də  məhdud deyil.  Böyük bir büdcə bu sahəni əhatə edir. Ən müasir silahlar silah anbarlarına doldurulur. Hərbi kadrlar Türkiyə və digər ali məktəblərdə yetişdirilib, Azərbaycana qayıdır. NATO standartlarına uyğunlaşmaq üçün baza yaradılır.  Qalır, təkcə bu sahəyə məsul olan insanların əsl polkovnik və general kimi davranmasına.

Tarixdə yalnız o sərkərdələr, komandanlar böyük uğurlar qazanıblar ki, əsgərlərinə məsafəcə və mənən çox yaxın olublar: onun yarasını öz köynəyi ilə sarıyıb, onunla birlikdə az tapanda az, cox tapanda çox  yeyiblər.  

Ümid edək ki, kabinetində az-az tapılan Zakir Həsənovun səngərdən aparılan fəaliyyəti özünüreklam deyil, axıra qədər general xarakterinin, polkovnik intizamının və tərbiyəsinin bir nümunəsi olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu