Modern.az

Milli qəhrəmanın qızı özünü yandıracaq - Günahkarı icra başçısı ilə müavinidir - İDDİA

Milli qəhrəmanın qızı özünü yandıracaq - Günahkarı icra başçısı ilə müavinidir - İDDİA

19 Yanvar 2015, 15:13

“Goranboy rayonunda özbaşınalıq baş alıb gedir. İcra başçısı Nizaməddin Quliyev, müavini Baxış Abdullayev buranı talan edir, dağıdır. İcra başçısı deyir ki, mənə heç kim, heç nə edə bilməz, mənim arxamda Ramiz Mehdiyev dayanıb. Bu insanın heç kimdən, heç nədən qorxusu yoxdur. Öz müavini ilə birlikdə insanlara qan uddururlar. Gündə bir adam öldürür, birini asıb, o birini kəsirlər. Sözün əsl mənasında özbaşınalıqdır”.

Bu haqda Modern.az-a Goranboy rayonundakı 1 saylı məktəbdə biologiya müəllimi işləyən Milli Qəhrəman Maşallah Abdullayevin qızı Gülxanım Abdullayeva məlumat verib.

“Mən özüm biologiya müəlliməsi işləyirəm, işlədiyim məktəbdə korrupsiya baş alıb gedir. İcra başçısı öz qohumunu məktəbə “zavuç” qoyub, gah kitaba, gah qəzetə, gah dəftərə pul yığdırır. Məktəbin direktoru Səidə Məmmədova çox yaxşı adamdır, ondan incikliyimiz yoxdur. Sadəcə onu işləməyə qoymurlar. Məktəbi də Baxış Abdullayev idarə edir. Etraz səsini çıxaranın da başından basırlar, əziyyət verirlər. Mənim atam döyüşlərdə olub. Mən uşaqlıq yaşamamışam. Hamının atası başına sığal çəkəndə, mən boynumü büküb atamın yolun gözləmişəm.

Heç maraqlanan yoxdur ki, bu gün 64 yaşlı Maşallah Abdullayev hardadır?! O, bu gün yataq xəstəsidir. Mən 3 uşaq anasıyam, yoldaşım çalışmır. Özüm isə 37 manat maaşa baxıram. Artıq qərara gəlmişəm ki, uşaqlarımı vətənin ümidinə qoyub özümə qəsd edəm. Edəcəm də. Mənim qanım şəhidlərin qanından artıq deyil. Səsimə səs verən olmasa, Bakıdakı əbədi məşəlin qarşısında üstümə benzin töküb yandıracam. Daha dözə bilmirəm. Baş verən haqsızlıqlar bizi cana doydurub. Atam Milli Qəhrəman ev dustağıdır, heç yerdə işləmir. Prezident sağ olsun, ona təqaüd kəsib, elə onunla dolanır. Başqa gəlirimiz yoxdur. Bizim yaşadığımız şəraiti görsəniz, dəhşətə gələrsiniz”.

Rayon sakini deyir ki, rayondakı həyat dözülməzdir: “Qarabağ uğrunda gedən döyüşlərdə rayonumuz 400 nəfər şəhid verib. Amma bu gün rayonda bir Qarabağ əlilinin, şəhidinin adına bir hektar daş karxanası yoxdur. Hamısı Nizaməddin Quliyev, Baxış Abdullayevin adınadır. Bütün gəlir onların cibinə gedir. Biz nə vaxta kimi sürünəcəyik. Axı biz müstəqil, suveren dövlətin vətəndaşlarıyıq. Prezindentimizin bizə verdiyi azadlıqdan istifadə edərək bugün öz sözümü deyirəm. Əgər məni eşidən olmayacaqsa, Bakıya gəlib əbədi məşəlin önündə özümü yandıracam. Günahkarı da icra başçısı ilə müavinidir. Qoy insanlar baş verəcəklərədn xəbərdar olsunlar”. 

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu