Rusiyada yaşayan azərbaycanlıların müxtəlif problemlərlə üz-üzə qaldığı barədə zaman-zaman məlumatlar əldə edirik. Sanki Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporu azərbaycanlıların mövcud vəziyyəti ilə yaxından tanış deyil. Hətta, Rusiya prezidenti yanında Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) rəhbərliyində baş verən parçalanma bir daha Rusiyanın siyasi elitasında fəaliyyət göstərən azərbaycanlılar haqqında düşüncəni yeniləməyə zəmin yaradır.
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Modern.az-a açıqlamasında Rusiyada azərbaycanlılarla bağlı problemlərin səbəbini aydınlaşdırmağa çalışıb: “Başlıca problemi onda görürəm ki, Rusiyada yaşayan azərbaycanlılar və Azərbaycan diasporu mütəşəkkil qaydada çıxış edə bilmirlər. Bu vaxta qədər tam və yekdil cəmiyyət yaranmayıb. Bunun da səbəbi odur ki, bu prosesdə bizim həmvətənlərimiz bir-birlərini eşitmək istəmir. Orda ağsaqqal, böyük-kiçik mənasında başa düşülən münasibətlər hələ ki çox zəifdir. Birinci növbədə baş verənləri bunda görürəm”.
Ayaz Mütəllibovun sözlərinə görə, Rusiyanın vilayətlərində yaşayan azərbaycanlılar daha çox iş görür:
“Rusiyanın böyük vilayətlərində azərbaycanlıların təşkilatı, məsələn, Moskvadakı “AzərRos” və ona bənzər qurumlardan fərqli olaraq daha faydalı işlərlə məşğuldurlar. Moskvada oturan təşkilatlar münasibətdə bir-birlərini tapmayıblar. Qüvvələr pərakəndə vəziyyətdədir. Bizim nəhəng Azərbaycan diasporu siyasi nöqteyi-nəzərdən formalaşmayıb. Yəni Rusiyada böyük siyasətlə məşğul olmurlar. Halbuki, imkanlara baxsanız, görərsiniz ki, imkanlar çox genişdir. Hələ Moskvada yaşadığım dövrlərdə istər yerlərdə, istərsə də vilayətlərdə azərbaycanlılara böyük hörmətin şahidi olmuşam. Azərbaycanlılar xeyirxah işlərlə məşğul olurlar. Yuxarı təbəqəyə gəlib çatanda isə hansısa şəxslərin şəxsi ambisiyaları ilə rastlaşırsan. Yekdil mövqedən çıxış etmirlər. Ən böyük çatışmazlıq bundan ibarətdir. Kimsə deyir ki azərbaycanlılara Rusiyada pis münasibət bəslənilir. Ona şübhə ilə yanaşmaq lazımdır. Rusiya-Azərbaycan münasibətləri yaxşı zəmin üzərində qurulub. Bütün çıxışlarımda da qeyd etmişəm ki, Rusiya-Azərbaycan əməkdaşlığının tərəfdarıyam və bütün bu sahədə atılan addımları dəstəkləyirəm. Çünki Rusiyada 2 milyondan artıq azərbaycanlı yaşayır. Azərbaycanlılarımız Rusiyada qida mənbəyi tapıb. Onlar burda yaşayan qohumlarını uzun illər təmin ediblər. Bunları nəzərə almaq lazımdır. Ona görə də özümüzü elə ehtiyatlı aparmalıyıq ki, orda yaşayan azərbaycanlılara söz gəlməsin. Hərdən mətbuatda hər hansı bir məqaləni oxuyuram. Adı məlum olmayan jurnalist Rusiya haqqında ağzına gələni yazır. Məsələlərin mahiyyətini dərk etmədən hər hansı fikir yürütmək boş şeydir”.
Eks-prezident “AzerRos”un Ağsaqqallar Şurasının keçmiş sədri Abbas Abbasovla əlaqələrindən də danışıb: “Abbas Abbasovla yaxın dost münasibətlərimiz olmayıb. Düzdür, Abbas Abbasova vəzifə vermişəm. O da vəzifəsini zamanında yaxşı icra edib. Deyə bilərəm ki, Abbas Abbasov işgüzar adamdır. Mən Moskvada yaşayanda, o da Bakıda yaşayıb. İndi isə Abbasovun fəaliyyətindən xəbərim yoxdur. Amma çıxışlarına fikir vermişəm. Sinələrinə döyürlər ki, Azərbaycan iqtidarına, Azərbaycan rəhbərliyinə hörmətləri var. Şəxsən prezident İlham Əliyevə hörmətləri var. Mən heç nə deyə bilmərəm. Ümumiyyətlə, sevgi və hörmət həqiqətdə olmalıdır, sözdə yox”.
Namidə BİNGÖL